Əyyub bəy Rəfibəyov (Əyyub Sayqın) Məşədi bəy oğlu (1890-1979) — Şəki qəzasının rəisi, ictimai-siyasi xadim, Gəncə üsyanının iştirakçılarından biri və Türkiyə kəşfiyyat orqanlarının zabiti olmuşdur.[1]
Eyyub bəy Rəfibəyov | |
---|---|
Əyyub bəy Rəfibəyov (Əyyub Sayqın) Məşədi bəy oğlu | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bala Bağman məhəlləsi, Gəncə, Yelizavetpol qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Ankara, Türkiyə |
Əyyub bəy Rəfibəyov 1890-cı ildə Gəncə şəhərinin Bala Bağman məhəlləsində Ələkbər bəy Rəfibəylinin (1839-1919) qardaşı Məşədi bəy Rəfibəylinin ailəsində dünyaya gəlmişdir.
İlk təhsilini rus dilli liseydə almışdır.
1909-cu ilin sentyabrında Yelizavetpol (Gəncə) şəhərinin 3-cü hissəsinin pristav köməkçisi işləmiş, bir müddət həmin hissənin pristavı vəzifəsini icra etmişdir. 1917-ci ilin sonlarında Yelizavetpol şəhər polisinin pristavı təyin olunmuşdur.
Azərbaycan Xalq Cümhuriyyəti qurulduqda Əyyub bəy Rəfibəyov yenə Gəncə şəhər polisinin pristavı təyin edilmişdir.
1920-ci ilin aprelində isə Nuxa (Şəki) qəzasının rəisi idi.
Aprel işğalından (1920) sonra sovet-bolşevik rejiminə qarşı Gəncə üsyanının (1920) fəal iştirakçılarından olmuşdur.
Azərbaycanda sovet hakimiyyəti qurulan zaman Əyyub bəy Azərbaycan milli ordusunun Qarabağdakı I piyada alayının komandiri olan qardaşı Səməd bəy Rəfibəyli (1891-1980), əmisi oğlu Qafar bəy və digər şəxslərlə birlikdə müstəqilliyi bərpa etmək üçün Gəncə üsyanında yaxından iştirak etmişdir.
Üsyan amansızlıqla yatırıldıqda təqiblərdən qurtularaq 1920-ci ilin iyununda bir qrup silahdaşı ilə bərabər Türkiyəyə keçə bilmişdir.
Türkiyənin xüsusi xidmət orqanlarında fəaliyyət göstərmiş, 1941-ci ildə Türkiyə kəşfiyyat idarəsinin Qars filialının rəis müavini təyin edilmişdir. Türkiyədə Əyyub Sayqın adını daşımışdır.
Əyyub Sayqın 1979-cu ildə Ankarada vəfat edib.