“Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarix-Memarlıq qoruq-muzeyi

"Şirvanşahlar Sarayı Kompleksi" Dövlət Tarix-Memarlıq qoruq-muzeyi — Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə 1964-cü ildə yaradılmışdır. Sarayın inşa edilməsinin əsası Şirvanşah I İbrahim tərəfindən XIV əsrdə qoyulmuş, digərləri tərəfindən davam etdirilmişdir.[1]

“Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarix-Memarlıq qoruq-muzeyi
“Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarix-Memarlıq qoruq-muzeyi
Açılış tarixi 1964
Mövzu Tarix
Yerləşir :İçəri şəhər Qəsr döngəsi 76
Telefon 492 10 73, 437 12 47
İş rejimi 1-7- ci günlər, saat 9:00-17:00

Şirvanşahlar Sarayı Kompleksi 1957-ci il aprelin 23-də Azərbaycan SSR Nazirlər Sovetinin 206 saylı sərəncamı ilə qoruq elan edilib. "Şirvanşahlar Sarayı Kompleksi" Dövlət tarixi — memarlıq qoruq — muzeyi 1964-cü ilin yanvar ayının 3-də Nazirlər Sovetinin 3 saylı sərəncamı ilə yaradılıb."Şirvanşahlar Sarayı Kompleksi" Dövlət Tarix-Memarlıq qoruq-muzeyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında "İçəri şəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin müstəqil qurumu olaraq fəaliyyət göstərir. Saray Kompleksi 2000-ci ildə UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilmiş, 2013-cü ildə isə həmin təşkilat tərəfindən gücləndirilmiş mühafizə statusu almışdır.[2],[3]

Saray Kompleksi

[redaktə | mənbəni redaktə et]

XI–XVI əsrlərdə mövcud olmuş Şirvanşahlar dövlətinin hökmdarlarına məxsus Şirvanşahlar Sarayı XV əsr memarlığının şah əsəri orta əsr mədəniyyətinin, elmin, sənətin və bütün mənəvi gözəlliklərin ucalığını özündə ehtiva edən yeganə saraydır. Saray Kompleksi 52 otaqlı saray binasını, Divanxana, Seyid Yəhya Bakuvi türbəsi, Key Qubad məscidinin qalıqları, Şərq Portalı, Saray məscidi, Şirvanşahların ailəvi türbəsi və Saray hamamı abidələrini özündə birləşdirir. Saray Yaşayış binasının I mərtəbəsində otaqların sayı 27 idi. Burada saray kitabxanasına xidmət edən xəttat və rəssamların otaqları, dəftərxana, mətbəx, xidmətçi otaqları, ərzaq otaqları, və s. yerləşirdi. Vaxtilə 25 otağı olmuş II mərtəbədə isə taxt-tac otağı, zəngin kitabxana, şirvanşah və ailəsinə aid istirahət və s. otaqlar vardı. Şirvan daim diqqət mərkəzində olmuş, bərəkətli torpaqları yadellilərin çəkişmələr meydanına çevrilmişdi. Çox təəssüflər olsun ki, əsrlər keçdikcə saray əldən-ələ keçmiş, varidatı talan edilərək, müxtəlif yollarla başqa ölkələrə daşınmış, daşınmaz varidatı isə vəhşicəsinə məhv edilmişdir. Səyyahların məlumatları, eləcə də saray ərazisindən tapılmış lekal formalı şirli kaşı nümunələri təsdiq edir ki, saray eksteryerdən mavi bəzəkli günbəzlərə malik imiş. Bədr Şirvaninin Divanından aydın olur ki, sarayın əsas günbəzi digərlərindən fərqli olaraq qızıl təbəqəsi ilə üzlənibmiş. Günbəzlərin səthindəki çox nəfis işlənmiş, mavi-qızılı çalarlı, şəbəkə naxışlı kaşılar günəş şüaları altında göydəki ulduzlar təki bərq vurarmış. Sarayın bütün tikililəri əhəng daşı olan yerli badamdar daşından inşa edilmişdir. Daşların bir-birinə pərçim edildiyi kütlə möhkəmliyi, hörgü sırası isə mütənasibliyi və səliqəsi ilə hər zaman heyrət doğurmuşdur. Bu gün Saray otaqlarında qurulmuş ekspozisiyalarda rəqəmsal texnologiyalardan istifadə edilməklə, sarayın əsrlər öncə dağıdılmış günbəzinin kaşı bəzəkləri, hökmdar taxtı, animasiyalı orta əsr miniatürü və s. nümayiş etdirilir, saray əhlinin, qulluqçuların gündəlik həyat tərzi əks olunur.[4],[5] "Şirvanşahlar Sarayı Kompleksi" Dövlət Tarix-Memarlıq qoruq-muzeyi aşağıdakı hissələrdən ibarətdir.

  • Yaşayış binası
  • Divanxana
  • Seyid Yəhya Bakuvinin türbəsi
  • Key Qubad Məscidinin qalıqları
  • Sultan Murad darvazası
  • Şirvanşahların ailə türbəsi
  • Şah məscidi
  • Saray hamamı

Divanxana (XV əsr) Şirvanşahların saray kompleksinin ən klassik əsəridir. Abidənin incə daşoyma arabeskaları əsrlərdir ki, ziyarətçiləri valeh edir. Naxışların relyef dərinliyi bəzi yerlərdə 4–5 sm-ə çatır. Portalın sağ və sol haşiyəsindəki altıguşəli medalyonlarda orta əsr ərəb "kufi" xətti ilə müsəlmanların müqəddəs sözləri yazılmışdır ki, onlar da özü-özlüyündə rombları əmələ gətirmişdir. Divanxananın o dövrün siyasi hadisələri ilə əlaqədar yarımçıq qalmış inşaatı bu gün də təyinat funksiyasına dair müzakirələr doğurur.[6]

Seyid Yəhya Bakuvinin türbəsi

[redaktə | mənbəni redaktə et]

Seyid Yəhya Bakuvinin türbəsi (XV əsr) Saray kompleksinin orta həyətində yerləşir. Səkkizguşəli türbə el arasında "Dərviş" türbəsi kimi də tanınır. Bir çox ehtimallara görə, türbə Azərbaycanın Şirvan bölgəsində dünyaya göz açmış məşhur alim Seyid Yəhya Bakuvinindir. Bütün dünyada tanınmış bu alim ensiklopedik biliyə malik ilahiyyatçı, həm də tanınmış sufi olmuşdur. Seyid Yəhyanın əsasən ərəb dilində yazmiş olduğu, fəlsəfə, tarix, astronomiya, təbabət və riyaziyyata dair elmi əsərləri hazırda dünya kitabxana və muzeylərini bəzəyir.

Key Qubad Məscidi

[redaktə | mənbəni redaktə et]

Sarayın orta həyətində Key Qubad Məscidinin (XIV əsr) konservasiya edilmiş fraqmentləri qalmaqdadır. Abidə Azərbaycanlıların 1918-ci il mart soyqırımı zamanı erməni daşnakları tərəfindən atılmış artilleriya mərmisi ilə dağıdılmışdır. Ehtimal ki, məscid XIV əsrdə yaşamış Şirvanşah I Keyqubad tərəfindən tikilmişdir.

Sultan Murad darvazası

[redaktə | mənbəni redaktə et]

Sultan Murad darvazası (1585–1586) saray kompleksinin XVI əsrə aid olan yeganə abidəsidir. Bu abidə Şirvanşahlar dövləti devrildikdən sonra türklərin Bakıda olması dövrünün yeganə nümunəsidir. Portaldakı pannoda memarın adı həkk edilmişdir: "Ustad-sənətkar Əmirşah Vəlyankuhinin darvazası".

Şirvanşahların Ailə türbəsi

[redaktə | mənbəni redaktə et]

Şirvanşahların Ailə türbəsinin (1435–1436) girişi üzərində həkk edilmiş yazıda deyilir ki, böyük sultan Şirvanşah Xəlilullah bu türbəni öz anası və 6–7 yaşlı oğlu üçün inşa etdirmişdir. Şirvanşahın digər ailə üzvləri də sonradan bu türbədə dəfn edilmişdir. Türbə çoxşüalı ulduzlarla bəzədilmiş günbəzlə tamamlanır. Günbəzin çökək səthləri əvvəllər firuzəyi rəngli kaşılarla bəzədilibmiş. Təəssüf ki, kaşılar qorunub saxlanmamışdır.

Şah Məscidinin (1441–1442) minarəsinin hündürlüyü 16 metrdir. Kitabəsində bu minarənin XV əsrdə Şirvanşah Xəlilullah tərəfindən tikdirildiyi qeyd edilmişdir. Təəssüf ki, minarənin daş şərəfəsi də XVIII yüzillikdə rus çar donanmasının gəmilərindən atılmış mərmi zərbəsindən dağılmışdır. Məscidin üç girişi, qadın və kişilərin ayrı ibadət etməsi üçün iki otağı vardır. Əsas girişin qarşı tərəfində Məkkənin istiqamətini bildirən mehrab yerləşir.

Şah ailəsinə mənsub olmuş hamam

[redaktə | mənbəni redaktə et]

Şah ailəsinə mənsub olmuş hamam(1438) 1939-cu ildə aparılmış arxeoloji qazıntı işləri zamanı aşkar edilmişdir. O, bütün şərq hamamları kimi yarı yerin altında, yarı yerin üstündə inşa edilməklə, qışda isti, yayda isə sərin olurmuş. Hamamın otaqları vaxtilə günbəzlərlə örtülmüşdür. Divarlarında son dərəcə gözəl işlənmiş ornamentlərin izləri indi də nəzərə çarpır. Kaşı bəzəklərinin bəzi qalıqları təkcə sağ küncdəki otaqda qalmışdır.[7]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • ""Şirvanşahlar Sarayı Kompleksi" Dövlət Tarix-Memarlıq qoruq-muzeyi". icomaz.az. İstifadə tarixi: 09.01.2021.
  1. ""Şirvanşahlar Sarayı Kompleksi" Dövlət Tarix-Memarlıq qoruq-muzeyi". icomaz.az. 2021-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.01.2021.
  2. ""Şirvanşahlar Sarayı Kompleksi"". icherisheher.gov.az. 2022-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.01.2021.
  3. "Şirvanşahlar muzeyinin yeni ekspozisiyası". www.anl.az. 2021-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.01.2021.
  4. https://icherisheher.gov.az/az/93-sirvansahlar-saray-kompleksi/ (#bare_url_missing_title). 2022-06-17 tarixində arxivləşdirilib.
  5. "Şirvanşahlar sarayının yaşayış binası". icherisheher.gov.az. 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.01.2021.
  6. "Bakının tarixi tikililəri". portal.azertag.az. 2021-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.01.2021.
  7. "Saray inşaatının ən dəyərli nümunəsi". /www.anl.az. 2021-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.01.2021.