“Stankin” Moskva Dövlət Texnologiya Universiteti

"Stankin" Moskva Dövlət Texnologiya Universiteti (rus. Московский государственный технологический университет «Станкин») — Rusiyada universitet.

"Stankin" Moskva Dövlət Texnologiya Universiteti
Станкин
Əsası qoyulub 1930
Tip dövlət universiteti
Tələbə sayı 4.000[1]
Ölkə
Ünvan Rusiya, Moskva şəhəri
Sayt stankin.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1930-cu ildə əsası qoyulan Moskva Maşın Alət İnstitutu sənaye sahələrini kadrlarla təmin etmək məqsədilə yaradılmışdı. İnstitut 1992-ci ildən etibarən universitet statusu əldə edərək rəsmi olaraq "Stankin" Moskva Dövlət Texnologiya Universiteti adı ilə fəaliyyətini davam etdirir. Bununla da universitetdə istənilən ölkənin texnologiya mühitinin əsas elementlərindən birini təşkil edən tədris prosesinin kompüterləşdirilməsi üzrə araşdırmalar həyata keçirilməyə başlanılır. Hazırda ali məktəbdə yeni təhsil texnologiyaları işlənir və tətbiq olunur. Bu texnologiyalar əsas beynəlxalq və milli standartların tələbləri nəzərə alınmaqla, maarifləndirici fəaliyyəti, idarə etmə metodları və tədrisin yüksək keyfiyyəti ilə ən müasir dünya tendensiyalarını əks etdirir.

Universitet bu gün yalnız bakalaviatura və magistratura təhsil pillələri üzrə deyil, həmçinin aspirantura və doktorantura elmə dərəcələri üzrə yüksək ixtisaslı kadrların hazırlığını həyata keçirir. 150-dən artıq Rusiya, eləcə də yaxın və uzaq xarici ölkə universitetlərin məzunları bu ali məktəbin aspiranturasında təhsil alıblar. Yüksək ixtisaslı professor-müəllim heyəti müasir elmi-metodiki əsaslarla universitetdə tədris prosesinin keçirilməsini təmin edir. Hazırda ali təhsil ocağında 500-dən çox müəllim və elmi işçi çalışır ki, onlardan təqribən 100 nəfəri elmlər doktoru elmi dərəcəsi və professor rütbəsinə malikdirlər. Onların əksəriyyəti bir çox öz elmi hazırlamalarına və ixtiralarına görə fəxri adlara layiq görülüb, müxtəlif mükafatların laureatı olublar. Hal-hazırda burada 502-si aspirant və 21-i doktorant olmaqla təqribən 5000 tələbə təhsil alır.

Ali məktəb yalnız təhsil müəssisəsi kimi deyil, həm də Rusiya Elmlər Akademiyasının Konstruktor-texnoloji İnformatika İnstitutunun daxil olduğu elmi-tədris və istehsal kompleksi kimi fəaliyyət göstərir.

Qazandığı elmi və tədris nailiyyətləri sayəsində "Stankin" Moskva Dövlət Texnologiya Universiteti "Texnologiya, avadanlıq və maşınqayırma istehsalının avtomatlaşdırması" istiqaməti üzrə tədris metodiki ittifaqına rəhbərlik edir. Bu ittifaqa Rusiyanın və yaxın xarici ölkələrin 120 ali məktəbi daxil edilib. Ali məktəb bu gün universitetlərlə və öz fəaliyyəti sferasında Avstriyanın, Braziliyanın, Macarıstanın, Almaniyanın, İtalyanın, Çinin, ABŞ-nin, Cənubi Koreyanın və başqa ölkələrin nüfuzlu şirkətləri möhkəm və daim inkişaf edən beynəlxalq əlaqələrə malikdir.

Universitetə qədər hazırlıq

[redaktə | mənbəni redaktə et]

"Stankin" Moskva Dövlət Texnologiya Universitetində abituriyentlərlə iş üzrə mərkəz yaradılıb. Sözügedən mərkəzin hazırlıq kurslarına yuxarı siniflərdə təhsil alan şagirdlər dəvət edilirlər. Hazırlıq kurslarının əsas məqsədi şagirdləri buraxılış və qəbul imtahanlarına hazırlamaqdan ibarətdir. Kurslarda tədris prosesi şəhər imtahan komissiyalarının üzvləri olan yüksək ixtisaslı müəllimlər tərəfindən həyata keçirilir. Hazırlıq müddəti sentyabr ayından aprel ayına qədər olan müddəti əhatə edir. Burada riyaziyyat, fizika, informatika və rus dili fənləri müasir metodologiya əsasında tədris olunur. Bu da hazırlıq kurslarında iştirak edənlərə gələcəkdə ali məktəb proqramına müvəffəqiyyətlə yiyələnmək imkanı verir.

Universitet təhsili

[redaktə | mənbəni redaktə et]

Hazırda universitetdə 3 fakültə fəaliyyət göstərir:

Universitetin dinamik inkişaf edən fakültəsi hesab edilən informasiya texnologiyaları və idarəetmə sistemlər fakültəsində bu gün elmin, istehsalın və biznesin müxtəlif sferalarında ən çox tələb olunan İT mühəndislik istiqamətləri üzrə kadrlar hazırlanır. Fakültədə informasiyanın və idarə etmənin emalının avtomatlaşdırılmış sistemləri, ölçü informasiya sistemləri və texnologiyalar, informasiya sistemləri, informasiya texnologiyaları və hesablama sistemləri, kompüter idarə sistemləri, tətbiqi riyaziyyat, robot texnikası və mexatronik, qurğu sistemləri, texniki sistemlərdə idarə etmə və informatika, elektrotexnika, elektronika və avtomatika ixtisasları əsasında tədris həyata keçirilir.

Maşınqayırma texnologiyaları və avadanlığı fakültəsi sahə üzrə innovasiya texnologiyalarının tətbiqi ilə kompleks hazırlığı təmin edir. 12 kafedranı əhatə edən fakültə maşınqayırmanın baza sahələrinin yüksək ixtisaslı mühəndislərini hazırlamaq üçün bütün lazımi resurslara malikdir. Maşınqayırma texnologiyaları və avadanlığı fakültəsində emalın yüksək təsirli texnologiyaları, instrumental texnika və formalaşma texnologiyası, mühəndislik ekologiyası və həyat fəaliyyətinin təhlükəsizliyi, kompozisiya materialları, metalşünaslıq, maşınların qurulmasının əsasları, materiallar müqaviməti, dəzgahlar, plastik deformasiya sistemləri, maşınqayırmanın texnologiyası, nəzəri mexanika və fizika kafedraları fəaliyyət göstərir.

İqtisadiyyat və menecmentlik fakültəsi müxtəlif sənaye sahələri üçün iqtisadçıların və menecerlərin hazırlığında mühəndislik təhsilinin və innovasiya yanaşmalarının ən yaxşı ənənələrini birləşdirir. Fakültə tələbələrə müasir tendensiyalara əsaslanan iqtisadi və idarəetmə bilik və bacarıqlarını əldə etmək imkanını təqdim edir. Fakültədə iqtisadiyyat və müəssisəni idarə etmə, istehsal idarəetməsi, maliyyə idarəetməsi, sosiologiya, psixologiya və pedaqogika, texnologiya planlaşdırması, xarici dillər, fiziki tərbiyə və idman, fəlsəfə kafedraları mövcuddur.

Tələbə həyatı

[redaktə | mənbəni redaktə et]

Bu universitetdə həyat yalnız tədris auditoriyalarında, kitabxanalarda və ali məktəbin qiraət zallarında gündəlik bilik əldə etməyi deyil, həm də parlaq, maraqlı ictimai həyatı əhatə edir. Burada tələbə şou-qrupu, vokal və rəqs kollektivləri fəaliyyət göstərir. Eyni zamanda tələbələrin fəal şəkildə idmanla məşğul olmasına diqqət göstərilir. Bunun üçün ali məktəbdə lazımi şərait yaradılıb. Tələbələrin Həmkarlar İttifaqı Komitəsi tələbələrə sosial dəstəyi və tələbə özünü idarəetməsinin reallaşdırılmasını həyata keçirir. Ali məktəbin "Stankinovski vestnik" adlı qəzeti hazırlanması işində də tələbələr aktiv iştirak edirlər.

Elmi-tədqiqat işləri

[redaktə | mənbəni redaktə et]

Elmi-tədqiqat işi universitetin fəaliyyətində xüsusi önəm verilən və böyük əhəmiyyət kəsb edən istiqamətlərdən biridir. Burada elmi-tədqiqat işləri informasiya — kommunikasiya texnologiyalarının (İKT), maşınqayırma texnologiyasının, texnoloji avadanlıq və təchiz etmənin, avtomatlaşdırma və prosesləri idarə etmənin, avtomatlaşdırılmış planlaşdırma sistemlərinin, çoxfunksiyalı informasiya sistemlərinin, iqtisadiyyat və maşınqayırma istehsalı idarəetməsinin geniş spektrini ehtiva edir.

Universitetdə dövlət layihələndirmə, fizika-texnologiya tədqiqatları, yeni texnologiyalar və alətlər, yeni informasiya texnologiyaları, fəlsəfə təhsili ali məktəblərarası, əməyin qorunması və ekoloji təhlükəsizlik üzrə təhsilin və ixtisasın artırılması dövlət ali məktəblərarası, tələbə tədris-istehsal, tədris-texniki, tələbələri işədüzəltmə və məzunları bazara uyğunlaşdırma mərkəzləri fəaliyyət göstərir.

  1. http://miccedu.ru/monitoring/materials/inst_148.htm.