1848-ci il Fransa inqilabı (fr. Révolution française de 1848) — Fransada burjua-demokratik inqilabı, 1848-1849-cu illər Avropa inqilablarından biri. İnqilabın məqsədləri vətəndaş hüquq və azadlıqlarının bərqərar olması idi. İnqilab 22 fevral 1848-ci ildə liberal kral Lui Filippin devrilməsi və İkinci respublikanın elan edilməsi ilə nəticələndi. Napoleon Bonapartın qardaşı oğlu Lui-Napoleon Bonapart 1848-ci ilin iyun ayında baş verən sosial-inqilabi üsyanının yatırılmasından sonra yeni dövlətin prezidenti seçildi.
1848-ci il Fransa inqilabı | |
---|---|
| |
Yer | Fransa, İyul monarxiyası |
Tarix | 22-25 fevral 1848 |
Səbəb | Seçki sisteminin məhdudlaşdırılması, sosial və iqtisadi böhran |
Nəticə | Monarxiyanın devrilməsi, kişilərə ümumi seçki hüququnun verilməsi, İkinci respublikanın qurulması |
Hərəkətverici qüvvələr | proletariat, ziyalılar, burjuaziya və milli qvardiyanın bir hissəsi |
İştirakçı sayı | 70000 nəfər |
Əleyhdarları | draqunlar, polis. |
Həlak olanlar | 350 nəfər |
Yaralananlar | təqribən 500 nəfər |
Vikianbarda əlaqəli mediafayllar |
Fransada 1830-cu il iyul inqilabının nəticəsi olaraq Orlean sülaləsinin bir nümayəndəsi olan Orleanlı Lui Filipp hakimiyyətə gətirildi. Fransız xalqı içərisində ona böyük ümidlər var idi. Orleanlı Lui Filipp özünü sənaye və ticarətin, bankların himayəçisi, Fransanın milli maraqlarının müdafiəçisi kimi göstərirdi. 1840-cı ilədək Orleanlı Lui Filippin fəaliyyəti kifayət qədər qənaətbəxş olmuşdur. Bunun nəticəsində Fransa sözün əsl mənasında irəliyə doğru böyük bir addım atmışdı. Lakin 40-cı ildən sonra Lui Filippin siyasətində böyük dəyişiklik oldu. 1840-cı ildən sonra Fransua Gizonun təzyiqi altında həyata keçirilən siyasət 1830-cu ildən Fransada yaradılan rejimə yenidən qayıdışa gətirib çıxardı. 1840-cı ildən 1848-ci ilə dək Lui Filippin hakimiyyəti bir növ müstəbid bir hökmdarın hakimiyyətini və yaxud da feodalizmə qayıdış siyasətini xatırladırdı. 1840-cı ildən sonrakı bu siyasət Fransa xalqını xeyli qəzəbləndirirdi. Orleanlı Lui Filipp Burbonların yan qolu olan Orleanistlərin nümayəndəsi olsa da arxalı, köklü bir insan deyildi. O, Fransa üçün həmin dövrdə lazımlı olduğuna görə hakimiyyətdə idi. 1848-ci ilə qədər Lui Filipp öz hakimiyyətini müxtəlif vasitələrlə möhkəmləndirməyə çalışsa da onun bu cəhdləri baş tutmadı.
Orleanlı Lui Filipp 1847-ci ildə Fransanı kifayət qədər çətin vəziyyətə salmışdı. Ölkə daxilində rejimin böhranı özünü onda göstərirdi ki, təkcə 40-cı illərdə ona qarşı 10 dəfə sui-qəsd təşkil edilmişdi. Bu sui-qəsdlərin təşkilatçıları həm ayrı-ayrı fanatiklər, həm də gizli təşkilatların üzvləri idilər. Bu dövrdə Fransada çoxlu gizli respublikaçı cəmiyyətlər yaradılmışdı. Onlar bir növ özlərini yakobinçilərin davamçıları hesab edirdilər. Onların düşüncəsinə görə Lui Filipp Fransanı uçuruma aparırdı. Bunun qarşısını almağın yeganə yolu onun hakimiyyətdən uzaqlaşdırılması idi. 1840-1848-ci illərdə təşkil olunmuş bu sui-qəsdlər Lui Filippi öz siyasətinə yenidən baxmağa və onu bəzi güzəştlərə getməyə məcbur etməli idi. Amma Fransua Gizo onun yolundan dönməməsinə çalışırdı. Fransua Gizonun fikrincə kral vəzifəsini tutan şəxsdən ilahi bir iradə tələb olunurdu. Fransa xalqının maraqları bunu tələb edirdi. Lui Filippin Fransua Gizonun təsiri altında olması onların hər ikisinin taleyində acı rol oynadı. Sanki bu iki şəxs Fransada nə baş verdiyini görmürdülər. Artıq Fransada rejimi müdafiə eden qüvvələr belə rejimdən uzaqlaşmağa başlamışdılar. Balanslaşdırılmış siyasət 40-cı illərdə pozulmuşdu. Orleanlı Lui Filipp Fransanın sərvəti dedikdə yalnız öz sərvətini başa düşürdü. Onun sərvəti təqribən bir milyarda qədər artmışdı. O bu sərvəti torpaq icarəyə verməklə yox, ticarət və birja əməliyyatları vasitəsi ilə əldə etmişdi. Onun düşuncəsinə görə əgər o, yaxşı yaşayırsa bu o deməkdir ki, bütün Fransa xalqı yaxşı yaşayır. Əslində isə ölkənin bütün sərvəti onun əhatəsi olan kiçik bir qrupun əlində cəmləşmişdi. Fransızların əksəriyyətinin gəliri getdikcə azalmağa başlamışdı. Bu özünü tez-tez baş verən sənaye, aqrar, ticarət böhranlarında göstərirdi. Hökumət isə mövcud vəziyyəti qaydasına salmaq üçün heç bir iş görmürdü.
Nəticədə 1830-cu ildə Filippi hakimiyyətə gətirən qüvəllər 40-cı illərdə tədricən ondan uzaqlaşmağa başladılar. Onlar yenidən Lui Filippin hakimiyyəti ətrafında birləşə bilərdilər, sadəcə bəzi güzəştlərin edilməsini gözləyirdilər. Onların ən böyük istəyi seçki sisteminin dəyişdirilməsi, seçki islahatının keçirilməsi idi. Seçki islahatının keçirilməsinə olan tələblər daha çox təminatlı insanların dövlətin idarəetməsinə cəlb oluna bilmələri ilə bağlı idi. Yəni Fransada idarəçilik 240 seçicidən yox, daha çox seçicidən asılı olmalı idi. Hələ 1830-cu ildə qəbul olunmuş Fransa konstitusiyasına əsasən səs vermək istəyən insanlar 200 frank məbləğində əmlaka, seçilmək istəyənlər isə 500 frank məbləğində əmlaka malik olmalı idilər. Onların məqsədi seçicilərin sayının artması üçün bu əmlak senzinin bir qədər aşağı salınması idi. Lakin Orleanlı Lui Filipp və Fransua Gizo nəyin bahasına olur olsun bu güzəştlərə getmək istəmirdilər. Cünki onların fikrincə rejimin kiçicik də olsa güzəştə getməsi narazı qüvvələr tərəfindən onun zəifliyi kimi qarşılana bilər və daha yeni güzəştlərin tələb olunmasına səbəb ola bilərdi. Hətta Fransua Gizo parlamentdəki çıxışlarından birində belə fikir bildirmişdi ki, Fransa xalqı özü nə istədiyini bilmir. O bilməlidir ki, Fransa kralı onun nə istədiyini onun özündən yaxşı bilir. İnsanların çıxışları, petisiyaları boş-boş şeylərdi, hökumət nəyi məsləhət bilsə onu da edəcəkdir.
1840-cı illər Fransa üçün təkcə daxili vəziyyətin mürəkkəbliyi ilə deyil həm də xarici siyasətdəki uğursuzluqlar ilə müşayət olunurdu. Fransa "Şərq məsələsi"ndə İngiltərə, Rusiya, Avstriya kimi dövlətlərlə üz-üzə qalmışdı. Onlar Fransanı "Şərq məsələsi"nin həllindən uzaqlaşdırdılar. 1841-ci ildə Fransa sanki təhqir olunmuş bir şəkildə onun da "Şərq məsələsi"nin həlli üçün yaradılmış birgə ittifaqa daxil edilməsi üçün müraciətlər edirdi. Dolayısı ilə Fransa bununla həm də 1815-ci ildə Fransanın taleyini həll etmək üçün çağırılan Vyana konqresində yaradılmış "Müqəddəs İttifaq"a daxil oldu. "Müqəddəs İttifaq" Avropanın yeniləşmək yolundakı addımlarının qarşısını alan bir ittifaq idi. İndi özünü liberal sayan Fransa hakimiyyətinin bu ittifaqa qoşulması rejimi cəmiyyətin gözündə kifayət qədər aşağı saldı. İndi ölkədə siyasi həyatın liberallaşdığı bir dövrdə Fransa hakimiyyətinin əksinə, geri bir addım atması rejimin ölkə daxilindəki tərəfdarlarının sayının azalmasına gətirib çıxardı. Fransua Gizo bele hesab edirdi ki, Fransa Rusiya və Avstriya ilə sıx ittifaqda olmalıdır. Avstriya və Rusiya ilə sıx ittifaq Fransanın Avropa dövlətləri içərisində statusunun sabit olaraq saxlanılmasına gətirib çıxaracaqdı. F.Gizonun bu utopik iddialarının reallaşması sözsüz ki, çox böyük çətinliklərlə qarşılaşa bilərdi. Çünki nə Avsrtiya, nə də xüsusilə Rusiya Fransa ilə ittifaq müqaviləsində birləşməyin tərəfdarı deyildilər. Əksinə Avstriya Fransanı İtaliyanın daxili işlərinə qarışdığına görə qınayırdı. Yəni 1820-30-cu illər İtaliya inqilabları zamanı Fransa dolayısı ilə Avstriyanın düşmənlərinə köməklik edirdi. Buna görə də bu iki dövlət arasında bir etimadsızlıq var idi. Bu etimadsızlığı Fransa aradan qaldıra bilməzdi. Çünki inqilablar zamanı Fransaya mühacirət etmiş italyanların Fransadan qovulması İtaliyanı Fransaya qarşı qaldıra bilərdi. Digər bir tərəfdən 1842-ci ildə Fransanın kiçik müstəmləkə mülklərindən biri olan Taiti adlı bir adada "Taiti işi" adlanan bir hadisə baş vermişdi. Adada fransızlar ingilis təhlükəsi altında yerli əhalini itaətdə saxlamağa çalışırdılar. Buna cavab olaraq ərazidəki bir ingilis əczaçısı antifransız təbliğatı aparır, yerli əhalini fransız müstəmləkəçilərinə qarşı mübarizəyə çağırırdı. Buna görə həmin əczaçının həbs olunması İngiltərədə çox böyük bir etiraz dalğası yaratdı. Hətta iş o yerə çatdı ki, İngiltərə Fransaya müharibə elan etdi. Fransa hökuməti isə geri çəkilərək həbs olunmuş ingilis əczaçısını azadlığa buraxdı və ona 25 min funt sterlinq məbləğində kompensassiya ödədi. Yəni Fransa dolayısı ilə öz sözünün üstündə durmadı və özünü beynəlxalq aləmdə rüsvay etdi və bu addım Fransanı kifayət qədər silkələdi. Artıq fransızlar başa düşdülər ki bu hakimiyyət İngiltərənin hədəsi qarşısında geri cəkilərək Fransanın şərəfini qorumağa layiq olmayan bir hakimiyyətdir.
Lui Filippin ətrafında olan aristokrat ailələri içərisində də çoxlu qalmaqallar baş verirdi. Məsələn, Dəmiryol sahibkarları dəmiryollarının inşasına təqribən bir milyard üç yüz milyon frank məbləğində kapital qoymuşdular. Lakin qoyulan kapitalın qarşılığında buraxılan səhmlərin həcmi iki dəfə ucuz yəni iki milyard altı yüz milyon təşkil edirdi. Lui Filippin ətrafında olan işbazlar hakimiyyətlə yaxınlıqlarından istifadə edərək insanları aldadır, maliyyə fırıldaqları həyata keçirirdilər.
Möhtəkirlər digər yandan problem yaradırdılar. İri tacirlər məhsulları anbarlara yığaraq gizlədir və bazarda qiymətlərin artırılması yolu ilə daha çox gəlir əldə etməyə çalışırdılar. 1848-ci ildə "Büzan işi" məsələni pik nöqtəyə çatdırdı. İnsanlar ambarlara daxil olaraq taxılı kasıb əhaliyə payladılar. Lakin hökumət qoşun yeridərək xalq çıxışlarını yatırtdı.
Kardire adlı məşhur bir fransız zabiti Vyen şirkətinin kapitalının 7%-ni, yəni təqribən 159 min səhimini əldə etmişdi. Bu şirkətin əsas vəzifəsi adı çəkilən departamentdə daş kömür şaxtalarını istismar etmək, yəni oradan daş kömür çıxarmaq idi. Amma istehsal zamanı burada daş kömürdən daha çox duz yataqları aşkar olundu. Bu şirkət duz yataqlarını əldə etmək üçün hökumətə müraciət etsə də hökumət bu müraciəti rədd etdi. Lakin bunun qarşılığında zabit Kardire hökumətdə ticarət və sənaye naziri vəzifəsini tutan Test ilə sazişə girdi və ona 94 min frank məbləğində rüşvət verdi. Və bu rüşvətin müqabilində hökumət Vyen şirkətinin kompaniyasının daş kömür yox, duz hasil etməsinə göz yumdu. Lakin bu qalmaqalın üstü açıldı. Məlum oldu ki, yenədə Fransa hökumətində yuxarı elitada təmsil olunan nazirlər nəinki ölkənin qayda qanunlarına, hətta öz krallarına belə xəyanət edərək özbaşınalıq edirlər. Bu qalmaqal ona gətirib çıxardı ki, hökumət bir neçə nəfəri mühakimə etməyə məcbur oldu.
Başqa bir qalmaqal isə Orlean ailəsi ilə sıx bağlı olan Şuaden adlı bir hersoqun öz həyat yoldaşını qətlə yetirməsi ilə baş qaldırdı. Qalmaqal ona görə geniş səs küyə səbəb oldu ki, o arvadını qətlə yetirəndən sonra hakimiyyət onun günahsız olmasını müdafiə edirdi. Dolayısı ilə hakimiyyət öz daxilində olan cinayətkar hadisələri ört-basdır etməklə kifayətlənmir həm də günahkarların əməllərini günahsızların üzərinə yıxmağa çalışırdı. Bu qalmaqallar hamısı Orleanistlərin hakimiyyətini sona doğru yaxınlaşdırırdı.
Fransada müxalif qüvvələr iki qrupa bölünürdü: liberal müxalifət və radikal müxalifət. Liberallar başqa sözlə mötədillər başa düşürdülər ki, Fransada bu cür qalmaqalların baş verməsi ölkəni uçuruma aparır. Bunun qarşısını almaq lazımdı. Eyni zamanda 1845-ci ildən etibarən Fransa iqtisadiyyatı ağır vəziyyətə düşdü. Bir tərəfdən Normandiya və Bretanda taxıl əkinlərinin zay olması, üzüm xəstəliklərinin yayılması, digər tərəfdən 1847-ci il ticarət, sənaye, aqrar böhranlarının baş verməsi iqtisadiyyata mənfi təsirini göstərmiş oldu. Eyni zamanda Fransanın qızıl ehtiyatı 1845-ci ildə 2,3 milyard frank təşkil edirdisə, 1847-ci ildə bu rəqəm cəmi 47 milyon franka enmişdi. Fransanın dövlət borcu büdcənin 25%-ni təşkil edirdi. Ölkə maliyyə uçurumu qarşısında qalmışdı. Belə bir vəziyyətdə sülalə müxalifətinin başçılarından biri olan Odelion Barro hesab edirdi ki, Fransanı mövcud vəziyyətdən xilas etməyin yeganə yolu seçki islahatının keçirilməsi, seçki sisteminin bir qədər genişləndirilməsidir. Digər bir nümayəndə olan Jerardyenin fikrincə seçki islahatı natamam bir addımdır. Bunun ardınca sosial islahatlar da keçirilməlidir. Bu fikirlərin müəllifləri orleanistlərin özləri idi. Onlar öz sülalələrinin hakimiyyətini uzatmağa çalışsalar da onun uçuruma doğru getdiyini də görürdülər.
1847-ci il, iyulun 9-dan etibarən Fransada banket kompaniyası başlandı. Banket kompaniyası o zaman keçirilir ki, həmin ölkədə toplantı və yığıncaq azadlığına, nümayişlərin kecirilməsinə qadağalar qoyulmuş olsun. Fransua Gizo Fransada toplantıların keçirilməsinə qadağalar qoyduğuna görə müxalifət öz tədbirlərini məhz bu formada keçirirdi. Banket kompaniyasının keçirilməsini ilk dəfə ingilis siyasi xadimləri düşünüblər.
Odilon Barro 1847-ci il, iyul ayının 9-da Parisin yaxınlığında Şato Ruj adlanan yerdə belə bir kompaniya keçirdi. Kompaniyada 86 nümayəndə və 1300-ə qədər qonaq iştirak edirdi. Bu kompaniyaların əsas hədəfi kral yox, hakimiyyət — Fransua Gizo idi. Onu istefaya göndərmək və yaxud da bəzi güzəştlərə getməyə vadar etmək lazım idi. 1847-ci ildən sonra Fransanın bir sıra şəhərlərində Nant, Lids, Amyen kimi şəhərlərdə 70-dən çox banket keçirildi. Lakin maraqlıdır ki, Marsel, Bordo kimi böyük şəhərlərdə bu banketlər keçirilmirdi. Bu isə onu göstərirdi ki, banket kompaniyası və yaxud da müxalifətin fəaliyyətinin bu forması Fransada ele də çox bəyənilən hərəkət deyildi. Banketi təşkil edən qüvvələr təkcə sülalə müxalifətinin nümayəndələri deyildilər. Onların içərisində respublikaçı qüvələr də var idi. Nasional və Reforma qəzetləri də vardı. Reforma qəzetinin redaktoru Lendryu-Rollen, Nasional qəzetinin redaktoru isə Lamartin idi. Onların təşkil etdiyi toplantılarda daha çox insanın iştirak etməsi və səslənən tələblərin daha radikal olması banket kompaniyalarının ətrafında kifayət qədər güclü sosial bazanın formalaşdığını göstərirdi. Hesablamalara əsasən 1848-ci ilin əvvəllərinədək banket kompaniyalarında 100 min nəfərədək fəal müxalifətçi iştirak edib.
Müxalifət liderləri qərara alırlar ki, Fransua Gizonu parlamentdə bir qədər sıxışdırsınlar. 28 dekabr 1848-ci ildə müxalifət hökuməti kəskin tənqid atəşinə tutaraq onu dərhal islahatlar keçirməyə vadar etməyə başlayır. Lakin hökumət Fransua Gizo başda olmaqla müxtəlif yollarla hətta müxalifət qruplarının bəzi fəallarını öz tərəflərinə çəkməklə son nəticədə səsvermədə qalib gəldilər. Bununla da Gizo parlamentdə bir siyasi qələbə əldə etmiş oldu. F.Gizo məşhur tarixçi olsa da, o sanki Fransada baş verən hadisələri görmürdü. Hətta 1847-ci ilin mayında o, Avstriya kansleri Metternixə yazdığı məktubunda Fransanın sakitləşdiyini və burada mühafizəkar siyasət yeritmək üçün əlverişli şərait olduğunu bildirirdi.
1848-ci ilin yanvarında müxalifət hökumətin gözünü qorxutmaq üçün növbəti banketi Parisdə keçirməyi qərara aldı. Banketin keçirilmə tarixi əvəllcə 19 yanvara təyin olunsa da daha sonra bu tarix 22 fevral 1848-ci ilədək uzadıldı. Hətta bu banketdə 87 parlament deputatı da iştirak etməyə razı salınmışdılar. Milli qvardiyaya da müraciət olunmuşdu. Milli qvardiya silahsız olaraq buraya gəlməli və deputatları qarşılamalı idi. Bu banketə maraq o qədər güclü idi ki, hökumət özü bu banketlə bağlı necə bir qərar verəcəyi barədə tərədüddə qalmışdı. Hökumət əvvəlcə banketin keçirilməsinə mane olmaq istəmədi. Yalnız fevralın 21-də hökumət bu banketin keçirilməsinə icazə verilməyəcəyi barədə qərar qəbul etdi və banketi təşkil etmək istəyənlərə banket keçiriləcəyi təqdirdə polisdən və ordudan istifadə edilərək zor tətbiq olunacağını bildirdi. Fevralın 22-də banketin ləğv olunmasına baxmayaraq insanlar kortəbii şəkildə Parisin on ikinci dairəsinə toplaşmağa başladılar. İlk olaraq toplaşanlar əvvəlcə tələbələr daha sonra isə fəhlələr idi. Onların buraya toplanması kortəbii xarakter daşısa da bu ilk qığılcım idi. Toplaşanların elə də əhəmiyyətli siyasi tələbləri, siyasi rəhbərləri yox idi. Hökumət təbii olaraq fevralın 22-də buraya toplanan əhaliyə qarşı öz reaksiyasını göstərməli idi. Toplaşanlara qarşı Parisdə olan 3 min nəfərlik polis dəstələrindən və milli qvardiyadan istifadə qərara alındı. Lakin milli qvardiyanın birinci batalyonu istisna olmaqla heç bir batalyonu nümayişçilərə qarşı silah işlətmədi. Əksinə milli qvardiya batalyonlarının bir çoxu "Yaşasın islahat" deyərək xalqın tərəfinə keçdilər.
Fevralın 22-də baş verən bu hadisə hökuməti bir qədər narahat etsə də lakin onun əlində ordu var idi. Hökumət Paris yaxınlığında yerləşən 60 minlik bir ordudan istifadə edə bilərdi. Hər şey fevralın 22-dən 23-nə keçən gecə baş verdi. Həmin gecə ordunun generallarının kütləyə zor tətbiq etmək cəhdləri nəinki uğursuzluğa düçar oldu əksinə həmin insanlar milli qvardiya və ordu əsgərləri ilə birləşərək daha da qəzəbli bir kütləyə çevrildilər. Şəhərdə 1500 barrikada quruldu. Demək olar ki, şəhərin bir çox məhəllələri bu qüvvə tərəfindən tutuldu. Fevralın 23-də Lui Filippin qarşısında iki yol var idi ya bu kütləni nəyin bahasına olur olsun darmadağın etmək, ya da seçki islahati keçirmək hansı ki F.Gizo bunun əleyhinə idi. Lui Filipp ya F.Gizonu qurban verməli ya da öz hakimiyyətindən əl çəkməli idi. Son qərar isə Fransua Gizonun istefaya göndərilməsi oldu. F.Gizonun istefaya göndərilməsi xəbəri üsyançılarda bir ruh yüksəkliyinə səbəb oldu.
23 fevralda Fransada inqilabın olacağını heç kim artıq düşünmürdü. Çünki barrikadalar sakitləşməyə başlamışdı. 1848-ci il fevral ayının 23-də Fransa inqilabının taleyini həll edən bir hadisə baş verdi. Bu zaman F.Gizo Kappuçinilər meydanında xarici işlər nazirliyinin otelində qalırdı. Fransua Gizonun yaşadığı binanın qarşısına toplaşan əhali onu təhqir etməyə başladılar. Getdikcə daha çox sayda toplaşan insanlar ön sıralarda toplaşan insanları sıxışdırmağa başladılar. Həmin vaxt hotel 14-cü ordunun əsgərləri tərəfindən müdafiə olunurdu. Bu zaman gözlənilməz bir hadisə baş verdi: toplaşan insanların içərisindən zabitin üzərinə əlində məşəl ilə gələn bir şəxsin hərəkətini əsgərlərdən biri sui-qəsd kimi qəbul etdi və o atəş açdı. Açılan atəş nəticəsində 52 nəfər həlak oldu. Baş verən hadisədən sonra nümayişçilər həlak olan insanların beş nəfərini arabaya qoyaraq, bir nəfər əlində məşəl arabanın önündə əyləşərək şəhərin küçələri boyu gəzdirməyə başladılar. Həlak olmuş insanların cəsədlərini Parisin küçələri boyu gəzdirdikcə insanların qəzəbi daha da artmağa başladı və insanlar anladılar ki, burada söhbət təkcə F.Gizonun istefaya getməsiylə bitmir. Bu işlərin başında duran əsas şəxs Orleanlı Lui Filippdir.
23 fevral günü Lui Filippin əsas məqsədi, düşüncəsi ondan ibarət idi ki, bu işlərin səbəbkarının o olmadığına xalqı inandıra bilsin. Lui Filipp F.Gizonu istefaya göndərəndən sonra Mole adlı yaxın dostuna hökumət yaratmağı tapşırsa da o bunu bacarmadı və Adolf Tyerə müraciət etdi. Tyer isə hökumətdə birinci nazir təyin olunmadığına görə bundan imtina etdi. Yeni hökumət yaratmaq baş tutmadığı təqdirdə bu iş yenidən Tyerə tapşırıldı. Tyer bu işdə ordunun dəstəyini qazanmağa çalışırdı. Parisdə cəmi iyirmi min ordu var idi və hərbi hissələr 60 saat idi ki küçələrdə toplanmış vəziyyətdə qalmışdılar. Orleanlı Lui Filipp atın belində orduyla xalqın arasına girərək xalqı sakitləşdirməyə çalışdı. O xalqa yaxınlaşarkən milli qvardiyanın əsgərləri yolu kəsərək "Yaşasın islahat, rədd olsun imperiya! " kimi şüarlar səsləndirməyə başladılar. Lui Filipp başa düşdü ki, xalq onu da istəmir və artıq onun hakimiyyətinin sonudur. Orleanlı Lui Filipp ətrafı ilə son müzakirələrdən sonra öldürülmüş oğlunun övladı olan azyaşlı Paris qrafını hakimiyyətə gətirmək və anası Orlean hersoginyasını da qəyyum təyin etmək haqqında razılığa gəldi. Beləliklə 24 fevral 1848-ci ildə on dəqiqəlik qısa müzakirələrdən sonra Orleanlı Lui Filipp öz nəvəsinin xeyrinə taxt-tacdan imtina etməsi haqqında sənədi imzaladı. İnsanlar saraya daxil olaraq kralın əşyalarını darmadagın etməyə başladılar. Bu qarışıqlıq zamanı Orlean hersoginyası Paris qrafı ilə birlikdə qanunverici məclisə getdi. Çünki bu zaman qanunverici məclisdə Fransada monarxiyanın saxlanılmasının tərəfdarı olan monarxist çoxluq var idi. Hakimiyyətə azyaşlı uşağın gətirilməsi, anasının ona qəyyum təyin olunması və bir növ Fransada da İngiltərədəki kimi konstitusiyalı monarxiyanın qurulması onları qane edirdi. Qadın saraya daxil olarkən böyük alqışlarla qarşılandı və qısa müzakirələrdən sonra artıq məclis qərarı qəbul etmək üzrə olarkən barrikadalardakı əhali sarayın qapılarından qanunverici məclisə daxil olub "Rədd olsun Orleanistlər, Rədd olsun monarxiya !" şüarlarını səsləndirməyə başladılar. Həmçinin kütlə deputatları bele bir qərar qəbul edərlərsə məhv ediləcəkləri ilə hədələdi. Deputatların monarxist qruplaşmalarının əksər hissəsi sarayı tərk edərkən burada sol respublikaçı demokratlar qaldı. Bu zaman əvvəlcə Lamartininin daha sonra isə Reforma qəzetinin redaktoru Lendryu-Rollenin tribunaya çıxaraq yeni hökumətin tərkibini elan etmələri işi o həddə çatdırdı ki nəticədə Lamartinin və Lendryu-Rollenin siyahılarına müvafiq olaraq iki hökumət yaradılmış oldu. İnqilabi hökumətlər ratuşada təsdiq olunmalı olduğuna görə hər iki nümayəndənin tərəfdarları ratuşaya gəldilər. Siyahı qəbul olunanda məlum oldu ki, burada hükumətə daxil edilməyən bir neçə nəfər qalıb. Məsələn Albert və Lui Blan kənarda qalmışdılar. Onları isə "portfelsiz nazir" qismində hükumətə daxil etdilər. Beləliklə 24 fevral 1848-ci ildə baş verən hadisələrin yekunu:
Yeni hökumətin başçısı Düpon Deler oldu. D. D`eler 1830-cu il inqilabının görkəmli xadimlərindən biri olsa da, lakin 1848-ci ildə onun əvvəlki nüfuzu qalmamışdı. Lendryu-Rollen daxili işlər, Lamartin isə xarici işlər naziri təyin olunsa da, lakin hökuməti demək olar ki, Lamartin idarə edirdi. Bu hökumət 24 fevral-4 may 1848-ci il tarixlərində fəaliyyət göstərdi. May ayının 4-də isə Fransua Araqonun başçılığı ilə yaradılan İcraiyyə komitəsi onu əvəz etdi. Beləliklə hökumət təşkil olundu. Hökuməti təşkil edən barrikadalar idi və indi hökumətdən onların bəzi tələbləri vardı. Hökumət dərhal bir neçə dekret qəbul etdi :
1.Siyasi məhbuslara amnistiya verildi;
2.Siyasi fəaliyyətinə görə ölüm hökmü qadağan edildi;
3. Ümumi seçki hüququ təsdiq edildi — yəni 21 yaşına çatmış və ən azı altı ay bir yerdə yaşayan, adı seçki siyahısında olan bütün kişi əhalisi seçki hüququ aldı.
Bundan başqa hökumət Müəssislər Məclisinə seçkilərin keçiriləcəyi tarixi 9 aprelə təyin etdi. Müəssislər Məclisində deputatların sayı 900 nəfər olmalı idi. Eyni zamanda Fransanın müstəmləkə mülklərindən 16 deputatın da seçilməsinə icazə verilmişdi.
1848-ci il fevralın 25-26-da hökumətin əmək hüququ ilə bağlı keçirdiyi iclaslarda son nəticədə Lui Blan və Alberin təklifləri qəbul edildi. Hökumət fəhlələrin əmək hüququnun tanınması və onların işlə təmin olunması haqqında görüləcək tədbirlər ilə bağlı qərar qəbul etdi. 27 fevral 1848-ci ildə işsiz fəhlələri işlə təmin etmək üçün "Milli Emalatxanalar"ın yaradılması haqqında qərar qəbul olundu. Eyni zamanda Parisdə iş günü 10 saata, əyalətlərdə isə 11 saata endirildi. Parisə gətirilən çörəyin qiyməti ucuzlaşdırıldı. Bundan başqa martın əvvəllərində Fransa müstəmləkələrində küləliyin ləğv olunması haqqında verilən qərara əsasən xüsusi bir komissiya yaradıldı. 27 aprel 1848-ci ildə Fransa müstəmləkələrində köləlik ləğv edildi. Hökumətin digər bir qərarına əsasən lombardlarda 10 franka qədər əşyası olan şəxslarin əşyaları özlərinə qaytarıldı. Əmanət kassalarına qoyulmuş pula görə verilən faizlər 3 dərəcədən 5 dərəcəyə qədər artırıldı. Fəhlə assosiasiyalarının yaradılması üçün bir milyon frank məbləğində vəsait ayrılması qərara alındı.
Hökumətin qarşısında duran ən başlıca problemlərdən biri maliyyə məsələsi idi. Büdcə kəsirinin artması, qızıl ehtiyatının azalması ilə yanaşı inqilab dövründə iri kapitalın ölkədən çıxarılması prosesi də baş vermişdi. İmkanlı şəxslər öz kapitallarını ölkədən çıxarmağa başlamışdılar. Hökumət bunun qarşısını almaq üçün bir neçə dəfə rəsmən bəyannaməylə müraciət edib, iri kapitalın toxunulmazlığı ilə bağlı tədbirlər görəcəyini bildirsə də bunun elə bir əhəmiyyəti olmadı. Hökumət 4%-li (daha sonra 10%-ə dək artırıldı ) 400 min frank məbləğində istiqrazlar dövriyəyə buraxdı. 17 mart 1848-ci ildə hökumət maliyyə naziri Qarnie Pajesin təklifi ilə 45 santimlik (santim-frankın qəpiyidir) vergi qoyulması ilə bağlı qərar qəbul etdi. Həmin verginin əsas mahiyyəti bundan ibarət idi ki, kəndlilərin birbaşa ödədiyi 4 əsas verginin üzərinə 45% əlavə vergi qoyulurdu. Kəndli qazandığı hər frankın 45 santimini hökumətə verməli idi. Hökumət bu addımın atılmasını ölkədə maliyyə vəziyyətinin ağırlığı və fəhlələrə yeni iş yerlərinin açılmasına görə üzərinə yeni çətinliklərin düşməsi ilə əlaqələndirirdi. Əslində hökumət bu addımı ilə öhdəsinə düşən bütün çətinlikləri kəndlilərin üzərinə yıxdı.
İnqilablar şəhərlərdə baş verir. Kəndlilərə isə bu xəbər gec və təhrif olunmuş formada gəlib çatır. Parisdə hakimiyyət dayişikliyi baş verib, hakimiyyətə kimlərsə gəlib, amma bu xəbər departamentlərə gec gəlib çatdı. Kəndlilər icarə haqqlarının aşağı salınmasını, icma torpaqlarından icma hüququ ilə istifadə olunacağını gözləyirdilər lakin əvəzində hökumət onların üzərinə yeni vergi qoymuş oldu və bununla da kəndlilərin diqqətini barrikadalara yönəltdi. Hökumətdə təmsil olunan burjua respublikaçılar kəndliləri bununla inandırmağa çalışırdılar ki, onların üzərinə düşən ağır yükün səbəbkarı fəhlələrdir. Məqsəd isə 9 aprelə təyin olunmuş seçkilərdə kəndlilərin dəstəyini qazanmaq idi və buna da nail olundu.
Milli Emalatxanaların yaradılması fikri təhrif olunmuş formada Lui Blana məxsus idi. Lui Blan deyirdi ki, fəhlələr sübut etməlidirlər ki, onlar sahibkarların iştirakı olmadan da istehsalı təşkil edə bilərlər. Daha sonra ictimai işlər naziri Mari, Lui Blanın bu fikrini daha da dolğunlaşdırdı. Milli Emalatxanalarda fəhlələrin cəmlənməsinin dinamikası çox genişdir. Martın oratlarında Milli Emalatxanalarda toplaşan fəhlələrin sayı əgər 3 min nəfər idisə, artıq aprelin sonlarında bu rəqəm 60 minə, 1848-ci ilin mayında isə fəhlələrin sayı 117 minə çatmışdı. Bu insanlar 216 müxtəlif peşə sahibləri idilər. Emalatxanalarda hər iş gününə görə 2 frank əmək haqqı verilirdi. Getdikcə işsizlərin sayı artığına görə hökumət iş günlərinin sayını azaltmalı oldu. Artıq həftədə iki iş gününə görə fəhlələrə 2 frank, yerdə qalan istirahət günlərinə görə isə 1 frank verildi. Milli Emalatxanalara əvvəlcə Emil Tomas daha sonra isə Lolarn başçılıq etmişlər. Milli Emalatxanalar hərbi qaydada qurulmuşdu. Hökumətin bunu yaratmaqda məqsədi lazım gəldiyi anda bu silahlı fəhlələrdən digərlərinə qarşı istifadə etmək idi. Hökumətin bu məsələ ilə bağlı siyasətində müəyyən qədər fikir ayrılığı mövcud idi. Bəziləri düşünürdülər ki, bu qədər işsiz insanı Parisə toplamaq yaxşı fikir deyil və tezliklə bu iş yerlərini ləğv etmək lazımdır. Lakin Lui Blan və Alber hesab edirdilər ki, ilkin mərhələdə Milli Emalatxanaların saxlanması mümkündür.
Lui Blan və Alber həmçinin Lüksemburq Komissiyasının (komissiyanın adı yerləşdiyi sarayın adından götürülüb) rəhbərləri idilər. Lüksemburq Komissiyası sahibkarlar və fəhlələr arasındakı münaqişələrin həll edilməsi məqsədi ilə yaradılmışdı. 1848-ci ilin martın 20-də Lüqsemburq Komissiyası fəhlələrin və sahibkarların nümayəndələrindən ibarət bir toplantı keçirdi və həmin toplantıda bu iki qarşı tərəfi sinfi həmrəyliyə gətirmək üçün bir plan hazırlandı. Lakin bu plan hökumət tərəfindən qəbul olunmadı. Lui Blan və Alber hökumətin tərkibinə daxil olmaqla həm düzgün, həm də səhv iş görmüşdülər. Düzgün iş görmüşdülər ona görə ki, bu inqilabı həyata keçirən fəhlələr idi və onların nümayəndələri də hökumətdə təmsil olunmalı idilər. Səhv iş görmüşdülər ona görə ki, onlar hökumətdə elə də böyük bir funksiya yerinə yetirmirdilər və buna görə də hökumətin bütün məsuliyyətini öz üzərilərində daşıyırdılar.
Milli qvardiya inqilab nəticəsində xeyli dəyişikliyə məruz qaldı. Əvvəllər Milli qvardiyaya daxil olmaq üçün müəyyən qədər əmlak sahibi olmaq və ən azından şəhərin burjua təbəqəsinə daxil olmaq şərt idisə, indi Milli qvardiyaya daxil olmaq üçün heç bir məhdudiyyət qoyulmurdu. Bununda nəticəsində Milli qvardiyanın sayı altı dəfə artaraq 190 min nəfərə çatdı. Bu isə əslində hökumət üçün təhlükə yaradırdı. Hökumət bunun qarşısını almaqdan ötrü 1848-ci ilin martında Mobil batalyonlar yaradılması haqqında qərar verdi. Mobil batalyonlar hər birində 1000 nəfər olmaqla 24 batalyondan təşkil olunmalı idi. Mobil batalyonda xidmət edən zabitlərin və əsgərlərin maaşı orduda xidmət edən zabit və əsgərlərin maaşından dəfələrlə çox idi.
Milli qvardiyanın tərkibinin dəyişməsi həm də qvardiyadakı elit dəstələrin-qrenajorların imtiyazlarını əllərindən aldı. 16 mart 1848-ci ildə qrenajorlar əvvəlki imtiyazlarının qaytarılması tələbi ilə üsyan qaldırdılar. Bu üsyanı bəzi ədəbiyyatlarda "Xəz dəri papaqlıların üsyanı", bəzilərində isə "Ayı papaqlıların üsyanı" adlandırırlar. Bu çıxış qvardiyanın hökumətə sadiq dəstələri tərəfindən yatırıldı.
17 mart 1848-ci ildə isə fəhlələrin çıxışları baş qaldırdı. Onlar 9 aprelə təyin olunmuş seçkilərin müddətinin 31 maya qədər uzadılmasını tələb edirdilər. Çünki onların kəndlərə getmək, departamentlərdə inqilabın əsl məqsədlərini insanlara başa salmaq və öz təbliğatlarını apa bilmək üçün vaxta ehtiyacları var idi. 17 mart üsyanının əsas şüarı ölkədə demokratik və sosial respublikanın qurulması idi. Bu üsyanın nəticəsində hökumət seçkilərin müddətini yalnız 23 aprelə qədər uzatmaq haqqında qərar qəbul etdi.
1848-ci ilin aprelin 16-da yeni bir üsyan baş verdi. Üsyançılar seçkilərin müddətinin daha da ertələnməsini tələb edirdilər. Lakin 16 aprel üsyanı uğursuluğa düçar oldu. Üsyan mütəşəkkil deyildi və üsyançılar ratuşanın binasına daxil olanda orada Mobil qvardiyanın əsgərləri tərəfindən təhqir olundular. Bu arada hökumət respublikaçıların nümayəndələrinin nüfuzunu aşağı salmaq üçün "qara piyar"dan istifadə etdi. Paşero sənədi meydana atıldı: Hələ 1838-ci ildə Lui Bulanjenin "İlin fəsilləri" adlı cəmiyyəti üsyan qaldırarkən bu üsyan yatırılmışdı. Daha sonra polis üsyançıları həbs edərkən guya Lui Blanje öz cəmiyyətinin üzvləri haqqında polisə məlumat verib. Blanjeni öz tərəfdarlarını satmaqda ittiham etdilər. Blanje seçki komapaniyasına hazırlaşmaq əvəzinə məcbur oldu ki, vaxtını öz günahsızlığını sübuta yetirməklə sərf etsin. Nəticədə 23-24 aprel seçkilərində sosial demokratlar uğursuzluğa düçar oldular. Hökumətin senarisi uğurla nəticələndi. Hökumət departamentlərdən yığılan səslərin 49-nu qazanmış oldu. 24 aprel 1848-ci ildə Müəssislər Məclisinə keçirilən seçkilərdə seçicilərin sayı ilk dəfə 9,3 milyon nəfərə çatmışdı. Nəzərə almaq lazımdır ki, 1848-ci ilin fevralına qədər bu rəqəm 240 min nəfər idi. İndi isə 9,3 milyon nəfər seçkilərdə iştirak etmək hüququ qazanmışdı. Onların 84%-i seçkilərdə iştirak etdi. Seçkilərin nəticəsində səslərin təqribən 500-nə qədərini Lamartin və Lendryu-Rollen tərəfdarları qazandılar. Çox maraqlıdır ki, monarxistlər departamentlərin səsi hesabına 300 yer tuta bildilər, halbuki bu vaxta qədər onların belə bir hüququ yox idi. Eyni zamanda 80 nəfər sol respublikaçı nümayəndələr idi ki, onların içərisində 15 fəhlə, 6 sənətkar var idi. Beləliklə hökumət Müəssislər Məclisində seçkilərdə barrikadaların təmsilçilərinə seçilməyə imkan yaratmayaraq səslərin çox hissəsini əldə etmiş oldu. 880 nəfərdən ibarət Müəssislər Məclisi bir qayda olaraq hökumətin maraqlarını təmin edirdi.
4 may 1848-ci ildə Müəssislər Məclisi öz işinə başladı. Müəssislər Məclisinin ilk verdiyi qərar Müvəqqəti hökumətin istefa verməsi və onun əvəzinə 9 mayda Fransua Araqonun başçılığı ilə İcraiyyə Komitəsi yaradılması oldu. İcraiyyə Komitəsinin tərkibinə Lamartin, Lendryu-Rollen, Mari, Qarnie Pajes daxil idilər. Hökumət ilk olaraq Parisdə qarışıqlıq salan fahlə çıxışlarının qarşısını almaq üçün tədbirlər planı hazırlamağa başladı. 15 may 1848-ci ildə Müəssislər Məclisi iclas keçirməli idi. Bu iclas keçirilən zaman Avstriya və Prussiyanın hakimiyyəti altında olan Polşa torpaqlarından inqilabçılar gəlmişdilər. Onlar Fransadan Polşanın müstəqilliyini qazana bilməsi üçün yardım istəyirdilər. Fransanın bu dövrdə xarici siyasətini müəyyən edən Lamartin idi. Lamartin hadisələrin ilk günlərində Fransanın xarici ölkələrdəki səfirlərinə bir təlimat göndərmişdi. Bu təlimatda səfirlərə tapşırılırdı ki, olduqları ölkələrdə hökumətləri inandırsınlar ki, Fransada qurulan hal-hazırkı respublika ilə 1792-ci ildə qurulan respublika arasında heç bir oxşarlıq yoxdur. O fikrini belə izah edirdi ki, iki inqilab forması var: ərazi inqilabı və ideya inqilabı. 1792-ci ildə Fransada ərazi inqilabı nəticəsində respublika qurulmuşdur. O respublikanın qarşısında duran məqsəd ərazi işğalları, yeni hücumlar idi. Bu inqilab isə ideya inqilabıdır. Onun məqsədi işğal yox, azadlıq və demokratiya ideyalarının tərəqqisinə nail olmaqdır. Ona görə də Fransada qurulan hal-hazırkı respublika 1792-ci ildəkindən fərqli olaraq heç bir dövlətin daxili işinə qarışmayacaqdır. Amma eyni zamanda Fransa Respublikası hər bir xalqın öz tiranlarına qarşı apardığı mübarizəyə anlayış göstərərək və əlində olan bütün imkanlardan istifadə edərək ona mənəvi dəstək olmağa hazırdır. 1848-ci il aprelin 2-də verdiyi növbəti bir təlimatda Lamartin bu fikirlərini daha da genişləndirdi. Dolayısı ilə Lamartin Fransanın xarici siyasətinin əsas prinsipini müəyyən etdi: başqa dövlətlərin işinə qarışmamaq. Eyni zamanda Lamartin Avropa dövlətlərinə bildirirdi ki, Fransanın istəyi 1815-ci il müqaviləsinin ləğv olunmasıdır. Bu müqavilə Fransaya qarşı haqsız olmuşdur. Fransa da Avropa dövlətlərinin ailəsində bərabər hüquqlu bir dövlət olmaq istəyir.
Lakin fəhlələr Fransa hökumətindən Polşa inqilabçılarının xahişlərinə müsbət cavab verilməsini tələb edirdilər. 1848-ci il mayın 15-də Parisdə fəhlələrin bu məsələ ilə əlaqədar olaraq təqribən 150 min nəfərlik izdihamlı nümayişi keçirildi. Lakin Mobil qvardiya dərhal işə keçərək bu izdihamlı nümayişi darmadağın etdi. Bu hadisədən sonra Fransada fəhlələrin mütəşəkkil çıxışları baş vermədi. 1848-ci ildə hökumət Milli Emalatxanaların gələcək taleyini müəyyən etməkdən ötrü bir komissiya yaratdı. Bu komissiyanın gəldiyi qənaət hökumət tərəfindən rəsmən iyun ayının 21-də bəyan edildi. İyunun 21-də qəbul edilmiş qərar ayın 22-də divarlara vuruldu. Qərara əsasən:
1.Milli Emalatxanalar bağlanır ;
2.18-25 yaş arası bütün şəxslər orduda xidmət edə bilərlər ;
3. 25-55 yaşlı şəxslər isə departamentlərə gedərək orada müxtəlif işlərlə məşğul ola bilərlər.
Bu xəbər yayılandan sonra Pejol adlı bir fəhlə hökumətin bu tədbiri ilə razılaşmamaq və bu qərarı geri götürmək üçün hökuməti məcbur etmək qərarına gəlir. Fəhlələr pansiona yığışaraq Fransa inqilabçılarının ruhuna and içərək son damla qanlarına qədər mübarizə aparmağa söz verdilər. 1848-ci ilin iyunun 22-26-da Parisdə dəhşətli hadisələr baş verdi. 23-26 iyun 1848-ci ildə Paris fəhlələrinin 45 minlik dəstəsi barrikadalar qurdular. Hökumət bu çıxışların yatırılmasını general Kavenyaka tapşırdı. General Kavenyak diktator səlahiyyəti aldı. İyun ayının 26-da çıxışlar yatırıldı, ayın 27-28-də isə Parisdə kütləvi repressiyalar keçirildi. Dəqiq rəqəm məlum olmasa da bu üsyanda iştirak edən fəhlələrin əksər hissəsi Fransa müstəmləkələrinə sürgün edildilər. Bu çıxış Milli Emalatxanalarda toplaşan fəhlələrin son çıxışı oldu. Beləliklə Kavenyak üsyanı yatırandan sonra onun stausunda dəyişiklik edildi: Kavenyak diktator statusundan hökumət başçısı statusuna qədər yüksəldi.
Hökumətin ilk tədbirlərindən biri də yeni konstitusiyanın hazırlanması idi. Mayın ortalarında konstitusiyanın hazırlanması üçün komissiya yaradılmışdı. Komissiyanın hazırladığı konstitusiya İngiltərə, ABŞ və Fransanın konstitusion təcrübəsin özündə əks etdirməli idi. Yəni İngiltərənin parlamentli monarxiya, ABŞ-nin prezidentli respublika quruluşlarını və Fransanın inqilabi təməllərini özündə əks etdirməli idi.
1848-ci il sentyabrın 27-dən etibarən komissiyanın hazırladığı layihə müzakirə olunmağa başladı. Nəhayət 4 noyabr 1848-ci ildə Fransanın konstitusiyası qəbul olundu. Bütün konstitusiyalar kimi onun da preambulasında insanların və vətəndaşların hüquq və azadlıqları əks olunmuşdu. Eyni zamanda bu bəyyannamənin tərkibində "Azadlıq", "Bərabərlik", "Qardaşlıq" ideyaları öz əksini tapmışdı. Fransa Respublikasının əsasında duran ailə, əmək, mülkiyyət, ictimai asayiş prinsipləri əsas götürülürdü. Konstitusiya ilə 21 yaşına çatmış kişilərə seçki hüququnun verilməsi nəzərdə tutulmuşdu. Qanunverici orqan səlahiyyət müddəti üç il müəyyənləşdirilən, 750 deputatdan ibarət Qanunverici Məclis olmalı idi. Qanunverici Məclisin səlahiyyətinə daxil edilən məsələlər kifayət qədər geniş idi: buraya büdcənin müzakirəsi və təsdiqindən tutmuş, müharibə və sülh məsələləri, eyni zamanda ölkənin inzibati idarə etməsi, bələdiyyələr, meriyalar, departamentlərlə bağlı bir sözlə ölkənin bütün qanunverici həyatı Qanunverici Məclisin ixtiyarinda idi. Məclisin işi müstəqil idi və heç bir halda onun işi hökumət tərəfindən məhdudlaşdırıla bilməzdi. Deputatların öz fikirlərini sərbəst ifadə etmək, səsvermədə öz mövqeyini bildirmək hüquqları var idi və bu hüquqlar toxunulmaz idi. Müzakirələr zamanı ikinci palatanın yaradılması barədə danışıqlar getsə də, lakin konstitusiyada ikinci palatadan söhbət açılmırdı.
Bu konstitusiya ilə Fransada ilk dəfə prezident vəzifəsi yaradıldı. Prezident vəzifəsi ABŞ-də olduğu kimi səlahiyyətlərə malik idi. Amma burada prezidentin səlahiyyət müddəti bir müddət idi, eyni şəxs ikinci dəfə prezident seçilmək istəyirdisə 30 il gözləməli idi. Prezident ölkədə sabitliyin qoruyucusu olduğu üçün böyük səlahiyyətlərə malik idi: orduya rəhbərlik, komanda heyətinin tərkibinin təyin olunması, diplomatların təyin olunması, qanunların imzalanması, bəyan edilməsi, nazirlərin təyin olunması və s. Eyni zamanda prezidentin xalq səsverməsi və ya assambleya tərəfindən seçiləcəyi məsələsində iki ayrı ziddiyyətli fikir var idi. Bir qism quruluşun adının "Respublika" olduğu üçün prezidenti də xalqın seçməli olduğunu düşünürdü. Bu məsələdə Lamartin daha fəal idi çünki o hesab edirdi ki respublikaçı olmasına və böyük nüfuza malik olduğuna görə əgər prezident xalq səsverməsi yolu ilə seçilərsə o mütləq olaraq prezident seçiləcəkdir. Bir qisim isə prezidentin assambleya yəni Məclis tərəfindən seçilməsinin tərəfdarı idi. Bu insanların içərisində isə Kovenyak özünə arxayın idi. Amma Kavenyak bir şeyi dərk edə bilmirdi. Əgər prezident xalq mandatı ilə seçilirsə onun səlahiyyəti parlamentin səlahiyyətindən bir başa yuxarı olur. Yəni parlamentdə olan deputatlar müəyyən sayda seçicini təmsil edirsə, prezident bütün xalqın təmsilçisidir. Prezident xalq tərəfindən seçilərsə o, Qanunverici Məclislə hesablaşmayacaqdır. Hakimiyyətin qolları arasında olan balans prezidentin xeyrinə dəyişəcəkdir. Buna isə yol vermək olmaz. Fransada prezident vəzifəsi uzaq görənliklə yaradılmamışdır.
Nəhayət ki, radikal respublikaçı olan Jül Qrevinin təklif etdiyi əlavəyə əsasən prezident Qanunverici Məclis tərəfindən seçilməli və əksər səs çoxluğuna malik olmalı idi. Əgər prezident Qanunverici Məclis tərəfindən seçilirsə deməli prezidentin fəaliyyəti üzərində Məclisin nəzarəti var və istənilən vaxt prezidenti vəzifəsindən kənarlaşdırmaq hüququna malik ola bilərdi. Lakin Jül Qrevinin bu əlavəsinə Kovenyak, Lamartin və digərləri qətiyyətlə etiraz etdilər və əlavənin əleyhinə 600 səs olmaqla əlavə ləğv edildi.
Beləliklə konstitusiya qəbul olundu. Konstitusiya qəbul edildikdən sonra prezident seçkilərinin hazırlığına başlanıldı. Əslində konstitusiya qəbul olunanadək bu kompaniya artıq başlanılmışdı. 6 oktyabr 1848-ci ildə Məclisdən gələn xəbərlər onu göstərirdi ki, ölkədə yeni bir vəzifə yaradılıb və bu yeni vəzifəyə təyin olunmaq üçün namizədlər də seçilib. Sadəcə bu kompaniya qeyri-rəsmi kompaniya idi.
Hökumətin başçısı olan Kovenyak öz səlahiyyətlərindən istifadə edərək departamentlərə, prefektlərə təlimatlar göndərərək onlara, göstərdiyi xidmətlərin müqabilində xalqı səs verməyə təşviq etmələri tapşırılırdı. Digər tərəfdən Lamartin Paris küçələrində mitinqlər keçirirdi. Fəhlələrin nümayəndəsi olan Raspaylın namizədliyi irəli sürülürdü. Monarxist dairələrin bir qrupu general Şan Qarnyenin namizədliyini irəli sürürdülər. Prezidentliyə digər bir namizəd isə Lui Napoleon Bonapart idi. Hökumətin ən böyük səhvi bu insanı düzgün qiymətləndirməməsində idi. Lui Napoleon Bonapartı bir siyasi xadim kimi dəyərləndirmirdilər. Amma Lui Napoleon Bonapartın sonda heç kimin gözləmədiyi halda hər kəsdən çox səs toplaması təkcə Fransa üçün yox, bütün ölkələr üçün bir dərs oldu.
1848-ci il prezident seçkiləri ərəfəsi. Ölkədə respublikaçı qruplaşmalarla yanaşı monarxist qruplaşmalar: legitimistlər və orleanistlər var. Legitimistlər Burbonlar sülaləsinin yenidən hakimiyyətə gətirilməsini istəyirdilər. Orleanistlər Orleanlı Lui Filippin nəvəsi Paris qrafının hakimiyyətə gətirilməsinin tərəfdarları idilər. Amma onlar başa düşürdülər ki, 1848-ci ildə dərhal respublikanı yıxıb, monarxiyanı qurmaq olmaz. Çünki Fransada inqilab abu-havası hələ aradan qalxmamışdı. Monarxiyanı dərhal yaratmaq mümkün olmaz. Deməli monarxiyaya keçmək üçün müvəqqəti bir keçid hakimiyyət yaratmaq lazım idi. Belə bir hakimiyyəti yaratmaq üçün ən uyğun şəxs Kavenyak idi. Kavenyakın prezident ola bilməsi üçün bir neçə şərtə əməl etməsi lazım idi.
Beləliklə legitimistlər, orleanistlər, klerikallardan ibarət bir koalisiya formalaşdı. Bu koalisiyanı "Puatye Küsefinin Komitəsi" də adlandırırdılar. Komitənin tərkibinə orleanistlərin liderlərindən Pyer, legitimistlərin liderlərindən Berdye, klerikallardan isə Mondelado daxil idi. Onlar Kovenyaka dörd şərt təqdim etdilər.
1. Parisdə daimi olaraq 50 minlik ordu saxlanılmalıdır.
2. Bütün siyasi klublar bağlanmalıdır (Parisdə bu zaman təqribən 500 siyasi klub mövcud idi).
3. Frankfurt Mayn parlamentinin qanuniliyi rədd olunmalıdır.
4. Sardiniya kralına respublikaçılara qarşı mübarizə aparma üçün qüvvə ilə yardım edilməlidir.
Kovenyak isə bu şərtlərin heç birini qəbul etmədi. Kovenyak bu şərtləri rədd edəndən sonra komitə çox uğurlu bir namizəd tapdı: Lui Napoleon Bonapart. Lui Napoleon Bonapart Napoleonun həm qardaşı oğlu, həm də nəvəsi idi. 1836-cı ildə Strasburq, 1840-cı ildə isə Blon şəhərlərində iki dəfə qiyam qaldırmağa çalışmış, lakin hər iki qiyam uğursuzluqla nəticələnmişdi. Hətta birinci qiyamı yatırıldıqdan sonra onu həbs etmişdilər. Lakin məhz bu zaman Orleanlı Lui Filipp ona pul təklif edərək Fransadan uzaqlaşmağını tövsiyə etmişdi. O isə pulu qəbul edərək Amerikaya getmiş, daha sonra isə yenidən geri qayıtmışdı. Bir sözlə onun nə siyasi nə də hərbi bacarığı yox idi. 1848-ci il inqilabı baş verərərkən Lui Napoleon Fransada deyildi, İngiltərədə idi. Aprel ayında keçirilən seçkilərdə iştirak etmək üçün Fransaya qayıtsa da, seçkilərdə heç bir səsə qazanmayaraq yenidən geri qayıtdı. İyun ayında yeindən Fransaya qayıdan Lui Napoleon özünü respublikaçı kimi təqdim etdi. Lakin bir neçə departamentin seçki siyahısında seçilsədə yenidən Fransanı tərk etdi. 1848-ci ilin sentyabr ayının 27-də nəhayət ki, Lui Filipp Müəssislər Məclisinə deputat seçildi. 27 sentyabr-10 dekabr tarixləri arasında Lui Napoleon yazdığı bir neçe əsərində özünü fəhlələrin halına yanan, respublikanın fədaisi olan bir insan kimi göstərirdi. Onlar hətta monarxistlərlə də danışıqlar aparırdılar. Respublikaçıların isə əsas təbliğatı şəhərlərdə idi və baş verənlərdən xəbərsiz idilər. Amma halbuki Fransa əhalisinin əksəriyyəti kəndlərdə yaşayırdılar. Əsas təbliğat burada aparılmalı idi.
Dekabr ayının 10-da prezident seçkiləri günü respublikaçı namizədlər artıq prezident seçildiklərindən çox əmin idilər. Lakin ayın 11-dən qorxulu xəbərlər gəlməyə başladı. Bəzi jurnalistlərin keçirdiyi rəy sorğusunun nəticəsində məlum oldu ki, səslərin böyük əksəriyyəti Lui Napoleon Bonaparta verilib. 12 dekabrdan etibarən ilkin protokollar tərtib olunmağa başlandı və protokolların təhlili göstərdi ki, hətta Parisin ətrafındakı respublikaçı departamentlərin əhalisi də öz səslərini Napoleona verib. 14 dekabrda isə artıq ilkin nəticələr elan olunmağa başlandı. Nəticələr isə belə idi: bütün səslərin 74,4%-ni Lui Napoleon qazanmışdı. Bu isə təqribən 5,4 milyon seçici səsi demək idi. Kökumət başçısı olan Kavenyak isə səsələrin təqribən 20%-ni yəni 1,9 milyon səs qazandı. Lendryu Rollen 300 min, fəhlələrin nümayəndəsi Raspayl 37 min səs qazandığı halda Lamartinin qazandığı səs cəmi 17 min idi. Beləliklə heç gözlənilməyən nəticələr əldə olundu: Lui Napoleon Bonapart 10 dekabr 1848-ci ildə Fransanın prezidenti seçildi. O, Fransanın ikinci respublika dövrünün yeganə prezidenti olmuşdur.