29 bəhmən üsyanı — 1978-ci ilin yanvarında İranın iri dini mərkəzlərindən birində — Qum şəhərində nümayişin dağıdılması zamanı polis silah işlətmişdir. Qum hadisələrinin 40-cı günü — 1978-ci il fevralın 18-də din xadimləri Təbriz əhalisini üsyana qaldırdılar və bu, "29 bəhmən üsyanı" adı ilə tarixə düşdü. Səhər tezdən şəhərin mərkəzinə tərəf hərəkət edən minlərlə təbrizli nümayişi dağıtmağa çalışan polisi qaçmağa məcbur etdi. Hökumət tələsik nizami ordu qüvvələrini nümayişçilərə qarşı göndərdi. Ordu hissələrinin Təbrizə yeridilməsi əhalinin qəzəbinə səbəb oldu. Nümayiş böyüyüb üsyana çevrildi; ziyalılar, tələbələr, ruhanilər, sənətkarlar, xırda tacirlər və sahibkarlar, fəhlələr və məktəb şagirdləri üsyanda iştirak etdilər. Ağac, daş, yandırıcı maddə doldurulmuş butulkalarla silahlanmış üsyançılar silahlı polisə və qoşunlara qarşı çıxış etdilər, sonra isə dövlət müəssisələrini, bankları, mehmanxanaları, kinoteatrları dağıtmağa başladılar. Fevralın 19-da şah İranın digər bölgələrindən Təbrizə əlavə qoşunlar göndərdi və üsyan amansızcasına yatırıldı: 2 minədək adam öldürüldü və yaralandı.[1]
Tarixçilərin bəzilərinin fikrincə, məhz "29 bəhmən üsyanı" İran İslam İnqilabının başlanğıcı hesab edilməlidir.