Ağ küy

Ağ küy-ehtimal nəzəriyyəsində – spektral sıxlığı sabit olan ümumiləşdirilmiş stasionar X(t) təsadüfi proses. Korrelyasiya müddəti çox kiçik olan təsadüfi həyəcanlanmaları təsvir etmək üçün istifadə olunur. Məsələn, istilik küyündə – elektronların istilik hərəkətindən yaranan keçiricilərdə cərəyan şiddətinin pulsasiyası. Bəzi stoxastik diffuziya prosesləri üçün əksər halda η(t) (X(t)=η΄(t)) Viner prosesinə görə ümumiləşmiş törəməsi olan X(t) Qauss Ağ küyündən istifadə olunur. Stasionar təsadüfi həyəcanlanmaların təsiri altında rəqs edən sistemlərin dayanıqlı vəziyyətini təsvir edən Ağ küy modeli mühüm Y(t) təsadüfi proseslərdən biridir.

Akustikada:  müxtəlif tezlikli səs rəqslərini eyni dərəcədə ehtiva edən akustik küy. Ağ küydə müxtəlif tezlikli səs dalğalarının intensivliyi orta hesabla eyni olur. Ağ işıq ilə analoji adlandırılmışdır. Ötürmə zolağı sonlu olan, və bu çərçivədə real küyün spektri təxminən bərabər paylanmış hesab edilən fiziki siqnallara kiçik korrelyasiya müddətli küylərin təsirini təsvir etmək üçün Ağ küy modeli istifadə olunur. Korrelyasiya müddəti elektronun katoddan anoda uçuş müddəti ilə təyin olunan qırma küyə misal ola bilər. Qırma küyün spektri ~ 108 Hs-ə qədər bərabər paylanmış olur. Küy mənbəyinin müqaviməti sabit olan tezlik intervalında spektri bərabər paylanmış olan istilik küyü, eşidilən tezliklər diapazonunda şəlalə küyü də Ağ küydür.

Mənbə:[redaktə | mənbəni redaktə et]

Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 149. ISBN 978-9952-441-02-4.