Ağa-bala Hacıyev

Ağa-bala Hacıyev – texniki elmlər namizədi, AR Nazirlər Kabineti Aparatının rəhbəri

Ağa-bala Hacıyev
Hacıyev Ağa-bala Şamxal oğlu
Doğum tarixi
Elmi dərəcəsi
Mükafatları 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2012

Hacıyev Ağa-bala Şamxal oğlu 1941-ci ildə Bakı şəhərində anadan olmuşdur.

Əmək fəaliyyətinə 1957-ci ildə Azərdəmiryolu Bakı parovoz deposunda fəhlə kimi başlamış, daha sonra çilingər olmuşdur. 1960-1965-ci illərdə Xarkov Dəmir yol Nəqliyyatı üzrə Mühəndislər İnstitutunun (Ukrayna) tələbəsi olmuşdur.1965-1978-ci illərdə Azərbaycan Baş istehsalat energetika və elektrikləşdirmə idarəsinin "Azərenerjisazlama" müəssisəsində mühəndis, baş mühəndis olmuşdur. Sex rəisinin müavini vəzifələrində işləmişdir.

1978-1983-cü illərdə Azərbaycan Respublikası Dövlət Plan Komitəsinin energetika və elektrikləşdirmə şöbəsinin müdiri, 1983-1991-ci illərdə Azərbaycan Respublikası Dövlət Plan Komitəsi (sonradan Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsi) sədrinin müavini vəzifəsində çalışmış, komitənin kollegiyasının üzvü təsdiq edilmişdir. 1991-1992-ci illərdə Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi altında Azərbaycan Respublikası Müdafiə Şurasının üzvü olmuşdur.

1991-1994–cü illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsinin müdafiə və müdafiə sənayesi şöbəsinin müdiri, 1994-cü ilin oktyabr ayından Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər müdiri vəzifəsinə təyin edilmişdir.

2003-cü ilin sentyabrından Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəridir.

A.Hacıyev "Azərbaycanın əməkdar iqtisadçısı" fəxri adına layiq görülmüşdür.

Maşınqayırma və energetikanın inkişafı problemləri üzrə 19 elmi məqalənin müəllifidir, texniki elmlər namizədidir.

2012-ci il iyunun 22-də prezident İlham Əliyev dövlət qulluqçularının təltif edilməsi haqqında sərəncamı ilə Hacıyev Ağa-Bala Şamxal oğlunu 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edib[1]. 2014-cü il dekabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyev dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Hacıyev Ağa-Bala Şamxal oğlunu “Şöhrət” ordeni ilə təltif edib.