Ağa Xan Fondu[1] (AXF)- 1967-ci ildə Şiə İsmaili müsəlmanlarının 49-cu irsi imamı Ağa Xan IV Şah Kərim Əl Hüseyni tərəfindən təsis edilmiş özəl, qeyri-kommersiya beynəlxalq inkişaf agentliyidir. AXF Cənubi və Mərkəzi Asiyanın, Şərqi və Qərbi Afrikanın və Yaxın Şərqin ən yoxsul bölgələrində yoxsulluq, aclıq, savadlılıq və sağlamlıq problemlərinin uzunmüddətli həllini təmin etmək məqsədi daşıyır. Bu bölgələrdə dağlıq, sahilyanı və təbii resursları olmayan ərazilərdə yaşayan kənd icmalarının ehtiyaclarına xüsusi diqqət yetirilir. Fondun fəaliyyəti ümumilikdə Ağa Xan İnkişaf Şəbəkəsinin (AXİK) digər qardaş agentliklərinin işini dəstəkləyir. Bu agentliklər öz ixtisas sahələrinə (ətraf mühit, mədəniyyət, mikromaliyyə, səhiyyə, təhsil, memarlıq, kənd yerlərinin inkişafı) aid olan müxtəlif yurisdiksiyaları rəhbər tutsalar da, onların fəaliyyətləri çox vaxt Şəbəkəyə ümumi təsiri "çoxaltmaq" üçün bir-biri ilə əlaqələndirilir. AXF öz proqramlarını həyata keçirdiyi 14 ölkədə həyat keyfiyyətinin davamlı yaxşılaşmasına nail olmaq üçün yerli, milli və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edir. Fondun baş ofisi İsveçrənin Cenevrə şəhərində yerləşir.
Ağa Xan Fondu | |
---|---|
Növü | Qeyri-hökumət təşkilatı |
Yaranma tarixi | 1967 |
Mərkəzi | |
Fəaliyyət göstərdiyi yer | Cənubi və Mərkəzi Asiya, Şərqi Afrika, Avropa və Yaxın Şərq |
Qurucusu | |
akdn.org/AKF | |
Vikianbarda əlaqəli mediafayllar |
Fondun yeddi əsas istiqaməti var: erkən uşaqlıq inkişafı, təhsil, səhiyyə və qidalanma, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, vətəndaş cəmiyyəti, biznes və sahibkarlıq və iqlimə davamlılıq. O, mürəkkəb problemlərə innovativ yanaşmalar axtararaq müxtəlif regionlarda uyğunlaşa bilən və təkrarlana bilən həlləri müəyyən etməyə çalışır. Fondun müraciət etdiyi digər seqmentlərə insan resurslarının inkişafı, icmanın iştirakı, gender və inkişaf daxildir.
Ağa Xan müntəzəm olaraq Fondun idarə olunması üçün maliyyə vəsaiti ayırır və həmçinin fondun kapitalına öz ianələrini verir. Birləşmiş Millətlər Təşkilatı, Qlobal Məsələlər Kanada, USAİD, Böyük Britaniyanın FCDO, Almaniya Federal Xarici İşlər Nazirliyi, Française de Developpment Agentliyi və başqalarından hökumət, korporativ və özəl sektor tərəfdaşları tərəfindən verilən qrantlar mühüm maliyyə mənbəyini təşkil edir. İsmaili icması könüllülər, vaxt və peşəkar xidmətlər, eləcə də maliyyə resursları baxımından öz töhfəsini verir.
Fondun işinə görə digər mükafatlara Ağa Xan Kənd Dəstəyi Proqramı (AKRSP) üçün Qlobal İnkişaf Şəbəkəsinin 2005-ci ilin Ən İnnovativ İnkişaf Layihəsi Mükafatı daxildir. AKRSP uğurla təkrarlandı və Pakistanda Kənd Dəstəyi Proqramları Şəbəkəsinin yaradılmasına səbəb oldu.
Ağa Xan Fondu dünyanın 17 ölkəsində fəaliyyət göstərir və bu ölkələrdən 14-də öz proqramlarını həyata keçirir. Bu ölkələrə Şərqi Afrika (Keniya, Madaqaskar, Mozambik, Tanzaniya və Uqanda), Mərkəzi və Cənubi Asiya (Əfqanıstan, Hindistan, Qırğızıstan, Pakistan və Tacikistan), Yaxın Şərq (Misir və Suriya) və Avropa (Portuqaliya) daxildir. Fondun Kanada, İsveçrə, Böyük Britaniya və ABŞ-da vəsait toplama və texniki dəstək ofisləri var.