Ağa körpüsü

Ağa körpüsü - Şuşanı Gəncə ilə birləşdirən yeganə karvan yolunun - qədim Kəhrab dərəsinin üstündə - Xəlifəli çayının Daşaltı çayına qovuşduğu yerdə olan körpü.

Ağa körpüsü
Ölkə Azərbaycan Azərbaycan
Rayon Şuşa
Sifarişçi Gövhər ağa
Tikilmə tarixi XIX əsrin əvvəlləri
Uzunluğu 25 metr
Eni 7 metr

Tarixi[redaktə | mənbəni redaktə et]

İbrahimxəlil xan Cavanşirin sonbeşik qızı, xeyirxahlığı ilə özünü hamıya sevdirməyi bacaran, bütün Qarabağda “mərhəmət carçısı” kimi tanınan Gövhər ağa xalqın bu vacib ehtiyacını təmin etmək üçün kəsə, at və araba yolu keçən və Şuşanı Gəncə ilə birləşdirən yeganə karvan yolunun - qədim Kəhrab dərəsinin üstündə - Xəlifəli çayının Daşaltı çayına qovuşduğu yerdə öz hesabına körpü tikdirdi. Uzunluğu 25 metr, eni isə 7 metr olan bu birtağlı körpü dairəvi şəkildə inşa edilmişdir. Çox çəkmədən həmin körpü Şuşa ilə şimal şəhərləri arasında əlaqə yaradan nəqliyyat yoluna, yalnız ticarət karvanlarının yox, eyni zamanda, böyük insan kütlələrinin hərəkət etdiyi məntəqəyə çevrilmişdi. Bu möhtəşəm körpü sonralar el arasında onu tikdirənin adı ilə “Ağa körpüsü” kimi məşhurlaşmışdı.

Xəlifəli çayının su səviyyəsi və onun genişlənən yatağındakı iri qayalıq sahələrin çox olması körpünün tikintisi üçün əlverişli idi. İri çay daşlarından hörülmüş, yaxşı və səliqəli yonulan sal daşlarla üzlənmiş bu körpü həm memarlıq, həm də sənətkarlıq baxımından əvəzsiz bir sənət əsəri sayıla bilər. Körpü tikilərkən dayaqlarının möhkəmliyinə xüsusi fikir verilmiş, tam təbii şəraitlə üzvi surətdə əlaqələndirilmiş, dayaqları süni özül üzərində yox, çayın axarındakı qayaların üzərində salınmış və çayın su səviyyəsi, daşqın ehtimalı da nəzərə alınmışdı. Digər körpülərlə eyni üslub yaxınlığına malik olan “Ağa körpüsü” Qarabağ tikinti mədəniyyətinin yüksək səviyyəsini nümayiş etdirir, yerli bənna və inşaatçıların yüksək mühəndislik qabiliyyətinin bariz nümunəsi kimi nəzərə çarpır. [1]

“Ağa körpüsü”nü Gövhər ağa və daha sonralar onun qardaşı qızı Xurşidbanu Natəvan dəfələrlə təmir etdirmişdir. 1989-cu ildə azğın və murdar ermənilər körpünü partlatsalar da, lakin az müddətdən sonra təmir olunaraq əvvəlki vəziyyətinə salınmışdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Şuşanın körpüləri". 2021-11-26 tarixində arxivləşdirilib.