Cavanşir — Qafqaz Albaniyasının hökmdarlarından biri, həmçinin Mehranilər sülaləsinin ən məşhur nümayəndəsi olmuşdur. Onun hakimiyyəti dövründə Qafqaz Albaniyası uğurlu xarici siyasət nəticəsində güclənmiş və Şərqin ən önəmli dövlətlərindən birinə çevrilmişdir.Cavanşir böyük hökmdar olmuşdur. Onun Azərbaycana çoxlu qatqıları olub.
Cavanşir | |
---|---|
Girdiman sahibi və Albaniya knyazı, apoipat və proton patrik və Şərqin hökmdarı | |
| |
Girdman domeninin knyazı və Qafqaz Albaniyasının XI çarı | |
642 – 681 | |
Əvvəlki | Varaz Qriqor |
Sonrakı | I Varaz Trdat |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Vəfat tarixi | (65 yaş) |
Vəfat səbəbi | sui-qəsd |
Dəfn yeri | Cəbrayıl |
Fəaliyyəti | monarx |
Atası | Varaz Qriqor |
Anası | Huriduxt |
Həyat yoldaşı | Xosrovanuş |
Ailəsi | Mehranilər |
Dini | Ortodoks xristian |
Girdman hakimliyinin əsası Sasanilərdən qaçmış Mehran adlı bir şəxs tərəfindən qoyulmuşdu. Mehranilərin zərdüştiliyə etiqad etmələrinə baxmayaraq və bəlkə də elə buna görə onlar qısa bir müddətdə öz nüfuzlarını bütün Albaniyaya yayaraq, hətta paytaxtı da Bərdəyə köçürməyə müvəffəq olmuşdular. Vəziyyətin sabitləşməsinə yalnız uzun illərdən bəri davam edən İran-Bizans müharibələri mane olurdu. Qafqaz Albaniyası bu dövlətlər arasında döyüş meydanına çevrilmişdi.
623-cü ildə Qafqaz Albaniyasına Bizans imperatoru İraklinin, sonra isə onun müttəfiqi xəzər xaqanının qoşunları soxulur. Bizanslılar və xəzərlər Qafqazdakı Naxçıvan, Tiflis və digər şəhərləri tuturlar. Qazakada onlar məşhur atəşpərəst məbədlərini uçurur. Albaniyada möhkəmlənən xəzərlər Qəbələni özlərinin inzibati mərkəzlərinə çevirirlər. Məğlubiyyətə uğradıqdan sonra da xəzərlərin çoxu Qafqaz Albaniyasında qalırlar.
628-ci ildə İranla Bizans arasında sülh müqaviləsi imzalanır. Bu müqaviləyə görə, Ermənistan Bizansın, Albaniya isə yenə Sasanilərin tərkibində qalır, Gürcüstansa müstəqillik qazanır. İmperator İrakli öz qoşunu ilə Girdman vilayətinə gəlir, Varaz Qriqora xristianlığı qəbul etdirir və bütün ölkədə kilsələrin tikintisinə imkan yaradır. Gürcü xronikalarında göstərilir ki, imperator İrakli, əslində, təkcə Varaza deyil, "onun bütün xalqına" xristianlığı qəbul etdirmişdi. Mehranilər arasında ilk olaraq məhz Varaz bütün Albaniyanın knyazı tituluna layiq görülür.
Bizansla müharibədə zəifləmiş Sasanilər ərəblərin hücumu qarşısında çox böyük çətinliklə dayanır. Ərəb işğalçılarına qarşı mübarizədə Varaz Qriqorun oğlu Cavanşirin başçılığı ilə Mehranilərin qoşunları da iştirak edir. Alban tarixçisi Moisey Kalankatlı xəbər verir ki, Cavanşir 7 il sərasər öz dəstəsi ilə ərəblərə qarşı döyüşmüş, özünü cəsur əsgər, istedadlı sərkərdə kimi göstərmişdi. 636-cı ildə Sasanilərin qədim paytaxtı Mədain yaxınlığında farslarla ərəblər arasında daha bir döyüş olur. Bu, ərəblərdən ötrü olduqca əhəmiyyətli bir döyüş idi. Sasani sərkərdəsi Rüstəmin komandanlığı altında 80 minlik Sasani ordusunun tərkibində Cavanşirin dəstəsi də vuruşurdu. Kiçik fars ordusu bu döyüşdə məğlubiyyətə uğrayır, Cavanşirin dəstəsi ayrılıb Atropatenaya doğru çəkilir.
Tarixi salnamələr Cavanşirin bu döyüşdən sonra da bir neçə parlaq qələbə qazandığını göstərir. İran şahənşahı Yezdəgerd Cavanşirin xüsusi xidmətlərini nəzərə alaraq, ona dəstəsinin önündə aparmaq üçün bayraq, zil səsli şeypurlar, iki qızıl mizraq və qızıl suyuna çəkilmiş qalxanlar verir. Şahənşah Cavanşiri bütün qoşun başçılarından əziz tutur. Onu qiymətli daş-qaşlarla işlənmiş qızıl kəmərlə, qızıl dəstəkli qılıncla, qızıl qolbaqla və çox gözəl bir tacla mükafatlandırır. Həmçinin ona mirvari və incilərlə bəzə-dilmiş bazubənd verir, sinəsinə bir neçə can mirvari düzür. Cavanşir daha bir neçə döyüşdə iştirak edəndən sonra anlayır ki, Sasanilərin hökmranlığına çox qalmır və elə həmin il vətəninə qayıdır. Düz yeddi il Cavanşir bu ağır döyüşlərdə iştirak edir. İki ağır yara alandan sonra onlarla vidalaşır". Az sonra isə əvvəlki Alban çarlarının müstəqil dövlətlərini yada salaraq, o öz ölkəsini heç kəsə tabe etdirməmək fikrinə düşür.
639-cu ildə ərəblər tərəfindən məğlub edilmiş Sasani qoşunları onun ölkəsinə girmək istəyəndə Cavanşir gürcülər və Sünik (Zəngəzur) vilayətinin hakimi ilə ittifaqda onlarla gərgin döyüşə girir. Tarixçilər onun bu döyüşdə göstərdiyi igidliyi belə qeyd edirlər: "O məşhur qoşun başçısı Qeqmazini şəxsən məğlub etdi. O özü və qoşunu əllərində qılınc onlarda (farslarda) dəhşətli bir vahimə doğurdular. Onlardan xeyli əsir, at, qatır başqa qənimətlər alaraq, geri döndülər. Onlar dağlarda yenə qarşılaşdılar və qələbə yenə ona qismət oldu". Onlar hiylə işlədib, Cavanşirin qohumlarını əsir alır və yenə Albaniyanın hüdudlarına soxulurlar. Nəhayət, Cavanşir onlar üzərində tam və qəti qələbə çala bilir. Bundan sonra Cavanşir Sünik knyazının qızına evlənir, lakin Albaniyanın müstəqilliyini uzun müddət əldə saxlamaq Cavanşirə nəsib olmur.
654-cü ildə ərəblər xəlifə Osmanın sərkərdəsi Salmai ibi-Rəbiənin başçılığı ilə Albaniyaya soxulurlar. Onların bəzi dəstələri hətta Qəbələ, Şəki və Dərbəndə qədər irəliləyir. Dərbənddə xəzərlər onların yolunu kəsib, qabağa buraxmırlar. Ərəblər Dərbəndin hüdudlarından çıxarkən yerli əhali şəhərin darvazalarını bərk-bərk qapayır, xəzər xaqanı isə onları öz süvari dəstələri ilə qarşılayır. Beləliklə, dörd min ərəb döyüşçüsü məhv edilir.
Qafqaz Albaniyası tarixi üzrə tanınmış mütəxəssis Kamilla Treverin dediyinə görə, "görünür, ərəblər Albaniyanı öz tabeliyinə keçirməkdə çox maraqlı idilər. Çünki bu ölkə şimalda xəzərlərlə, cənubda İran (bu ölkə də hələlik onların tabeliyinə tam keçməmişdi) arasında yerləşirdi. Ön Asiyadan Şimali Qafqaza, Volqaya və cənubi rus çöllərinə aparan ticarət yolları da buradan keçirdi. Bundan başqa ölkənin təbii sərvətləri və yeraltı metal ehtiyatları da zəngin idi".
Xəlifə Əlinin zamanında daxili ziddiyyətlər xilafəti ciddi şəkildə zəiflədir və bundan istifadə edən Cavanşir vergiləri ödəməkdən imtina edir. Albaniyanın müstəqilliyi üçün indi artıq birbaşa təhlükə xəzərlər və bizanslılar tərəfindən gözlənilirdi. O, Bizans imperatoru II Konstantinlə məktublaşır və bir neçə dəfə onunla görüşür.
|
Cavanşir alban xalqını öz himayəsinə götürməyi ondan xahiş edir və II Konstantin bu təklifi böyük sevinc hissi ilə qarşılayır. O, Cavanşiri Girdman hökmdarı və Albaniya knyazı adlandıraraq, ona öz xəzinəsindən qiymətli hədiyyələr göndərir. Alban tarixçisi Moisey Kalankatlının yazdığına körə, "o, Cavanşirə gözəl hədiyyələr — söykənəcəyi qızılla işlənmiş gümüş taxtlar, qızılı saplarla toxunmuş libaslar, özünün açdığı mirvari ilə bəzənmiş qılınc… göndərdi. Ona Aqvan (qrabarca Alban sözünün təhrifi) çarlığının hüdudlarındakı bütün kəndlər üzərində irsi hakimiyyət hüququ verdi". Həmin dövr üçün Bizansla yaxınlaşma siyasəti özünü doğruldurdu. Moisey Kalankatlının da yazdığı kimi, ölkənin sərhədləri indi "İberiya hüdudlarından xonların (xəzərlər) darvazalarına və Araz çayına qədər uzanırdı".
Bizansla müqavilə bağlandıqdan iki il sonra Albaniya xəzərlərin hücumuna məruz qalır. Xəzərlər Kürə qədər çatır, Qafqaz albanlarının birləşmiş qüvvələri tərəfindən darmadağın edilərək, Albaniya hüdudlarından çıxmalı olurlar. Bir neçə il sonra xəzərlər yenidən hücuma keçir və bu dəfə Araza qədər irəliləyirlər. Cavanşir onlarla danışığa getməyə məcbur olur. Kürün sahilində onlar xəzər xaqanı ilə görüşürlər. Görüş sülh müqaviləsi ilə başa çatır. Bu sənədə görə, xəzərlər əsir götürdükləri albanları geri qaytarır, Cavanşirsə xəzər xaqanının qızı ilə evlənir.
Ərəblərlə mübarizədə Bizansın zəifləməsi Cavanşirə imkan verir ki, onun asılılığından çıxsın və alban tarixçisi Moisey Kalankatlının təbirincə, "cənub hakiminin tabeliyinə girsin".
667-ci ildə Cavanşir xilafətin paytaxtına danışıqlara yola düşür. Xəlifə onu adına layiq bir tərzdə təntənə ilə qarşılayır və rəsmən Albaniya knyazı kimi qəbul edir. Cavanşirin diplomatik bacarığı və şəxsi keyfiyyətləri onun tezliklə xəlifə ilə dostluq münasibətləri yaratması üçün səbəb olur. Üç il sonra Cavanşir xəlifədən onun Bizans imperatoru ilə danışıqlarında vasitəçisi sifətilə Dəməşqə getmək təklifi alır. Cavanşir vasitəçi kimi də öz işinin öhdəsindən uğurla gəlir. Hər iki tərəf danışıqların nəticəsindən razı qalır. Bundan sonra xəlifə Cavanşirin Albaniyaya qoyulmuş vergilərin üçdə birini ixtisar etmək təklifinə razılıq verir. Xəlifə həmçinin Sünik vilayətini Cavanşirin tabeliyinə verir və ondan Atropatenanın idarəsini də öz əlinə almağı xahiş edir. Cavanşir sonuncu təklifdən boyun qaçırır. Cavanşir vətənə qiymətli hədiyyələrlə qayıdır. O vaxt ənənəvi sayılan silah və geyim hədiyyələri ilə birlikdə Cavanşirə fil və dənizin o tayından gətirilmiş danışan tutuquşular da bəxşiş edilmişdi.
Cavanşirin müsəlman xilafəti ilə yaxınlaşması Azərbaycan tarixində, ölkənin islamlaşması baxımından mühüm rol oynayır. Bəlkə də xristian meylli feodalların ona qarşı sui-qəsd hazırlamaları da elə bununla şərtlənirdi.
Cavanşir həmin qəsd iştirakçılarından birinin ona vurduğu ağır yaralardan 681-ci ildə vəfat edir.
Cavanşir Azərbaycan tarixinə olduqca çətin şəraitdə ölkənin müstəqilliyini qoruyub saxlamış və möhkəmləndirmiş sərkərdə və dövlət xadimi, özünün ərəblər, xəzərlər, bizanslılarla qarşılıqlı münasibətlərində ortaya çıxan problemləri sülh və danışıqlar yolu ilə yoluna qoymuş diplomat kimi daxil olub.
Cavanşir xüsusən özünün Xilafət və Bizansla münasibətləri sayəsində Albaniyanın maddi və mənəvi mədəniyyətinin inkişafı üçün çox iş görmüşdür. Alban tarixçisi Moisey Kalankatlı onun dövründə yaşayıb-yaratmışdı. Güman ki, o, "Alban tarixi" əsərini məhz Cavanşirin göstərişi ilə yazmışdır. Moisey Kalankatlı burada özündən əvvəlki tarixçilərin əsərlərindən başqa, ixtiyarına verilmiş saray arxivinin materiallarından da bol-bol istifadə etmişdir. Sonuncu sənədlərə misal olaraq, Vaçaqanın yepiskoplara, Cavanşirin Bizans imperatoru Konstantinə, Konstantinin Cavanşirə məktublarını göstərmək mümkündür. Əsərdə həmçinin saray şairi Dəvdəkin Cavanşirin ölümünə yazdığı ağı da verilmişdir. O, burada öz mərhum hökmdarını ağlayaraq, qatilləri lənətləyir. Dəvdək mərsiyəsinin sonunda deyir: "O, bizim üçün həqiqət dünyasının işığı idi. İlhamverici, sükançı idi — coşqun dalğaları ram edərdi — cəsur Cavanşir, düşmənin qaraküruhunu zəbun edən!". Moisey Kalankatlı göstərir ki, Cavanşir Bərdədə və ölkənin çox şəhərlərində saray və məbədlər tikdirmişdi.
Cavanşirin ölümündən az sonra Qafqaz Albaniyası ərəblər tərəfindən ram olunur və onun əhalisinin əksəri İslamı qəbul edir. Dağlıq yerlərdə islamlaşma prosesi bir qədər uzun çəkir, Qarabağın dağlıq hissəsinin xristianlığı qoruyub saxlamış əhalisi isə kilsə dili kimi alban mədəniyyətini mənimsəyərək, zaman keçdikcə qismən mədəniyyətini qoruyub saxlıyırlar.
Böyük Hökmdar Cavanşirin ölümünə ağı şairi Dəvdəkin alban hökmdarı Cavanşir Mehraninin ölümünə həsr etdiyi qədim yunan poeziyası üslubunda yazmış olduğu akrostix elegiyadır (mərsiyyə). Dəvdəkin "Şərq ölkəsinin kədəri" adlı mərsiyyəsi onun dövrümüzə gəlib çatan yeganə əsəridir.
Dəvdəkin doğum yeri və tarixi dəqiq bəlli olmasa da, bəzi ehtimallara görə, o, Qarabağın qədim mərkəzi olan Bərdədə yaşayıb. Dəvdək Azərbaycan xalqının istiqlaliyyətini qoruyan, Sasanilərə və xəzərlilərə qarşı müqavimət göstərən alban hökmdarı Cavanşirin müasiri, dostu və məsləhətçisi olmuş, onun xəlifə Müaviyyə ilə görüşlərində iştirak etmişdir.
681-ci ildə "Cavanşir Bizanspərəst əhval-ruhiyyəli Aran knyazlarının gizli qəsdi nəticəsində öldürüldükdə" (Ziya Bünyadov) Dəvdək sərkərdənin tabutu önündə mərsiyyə-poema oxumuşdur. Bu əsərində o, böyük vətənpərvər kimi xalqın dərin kədərini ifadə etmişdir.
Böyük Hökmdar Cavanşirin ölümünə ağı — Dəvdək[7][8] | |
---|---|
Ey ilahi kəlamları xəlq eləyən ulu Tanrı, — Mxitar Qoş, “Alban Səlnaməsi”, XXXVII Fəsil |