Ağdərə Polimetal yatağı - Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisində zəngin polimetal ehtiyatlarına malik olmuş yataqlardan biri.
Ordubad şəhərindən 56 kilometr şimal-qərb istiqamətində, Aza dəmiryolu stansiyasından 25 kilometr şimalda, Zəngəzur silsiləsinin cənub qərb yamacında dəniz səviyyəsindən 2100-2500 metr yüksəklikdə yerləşir. Yataq Qaranquş-Başkənd antiklinal qırışıqlığının tağ hissəsini tutur.
Süxurlar profritlərdən, tuf-brekçiyalardan, tuf-konqlomeratlardan, tuf qum daşlarından ibarətdir. Alt Eosenin vulkonagen qatından təşkil olunmuşdur. Polimetal filizləşməsi lay, linza, damar və möhtəvi tiplidir. Sənaye əhəmiyyətli filiz lay formasındadır. Filiz də qurğuşun 6,6%, sink 8,9%, mis 1,0%-dir. Əsas filiz mineralları: pirit, qalenit, sfalerit, az miqdarda xalkopirit, misin törəmə mineralları da vardır.[1]
Yataq 1952-ci ildən istismara verilmiş, hazırda isə istismarı dayandırılmışdır.[2]