Ağqanadlılar

Aleyrodidlər və ya ağqanadlılar yarımdəstəsi — (lat. Aleyrodinea) Buğumayaqlılar tipinin Həşəratlar sinfinin Bərabərqanadlılar dəstəsinə aid olan yarımdəstə.

Ağqanadlılar
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Xarici görünüşü

[redaktə | mənbəni redaktə et]

Mikroskopik güvələri xatırladan çox xırda (uzunluğu 2,0 mm-dən az) Avropa cücüləridir. Qanadları və bədəni ağ, unvarı tozla örtülmüşdür. Bədəni sarı, bəzən tünd naxışlıdır. Bığcıqları 7 buğumludur, ilk iki buğum kürəşəkilli, qalanları nazik, uzundur. Son buğum tikanvari tüklə qurtarır. Rinariləri dəyirmi, xırda olub, tük çələngi ilə əhatə olunmuşdur. Adətən 3, 5 və 7 buğumda bir-bir və bir neçəsi yerləşir. Mürəkkəb gözlərinin eninə tarımı var və ya tamamilə bel və qarın hissələrinə bölünmüşdür. İki gözcüyü var, hər biri mürəkkəb gözün ön kənarında yerləşmişdir. Ayaqları uzun və nazikdir. Pəncələri ikibuğumludur, ikinci buğumun iki caynağı və parenixi adlanan cüt olmayan uzantısı var. İki cüt ağ qanadı var. Bəzən üzərində bir və ya iki xalı olur. Dinclik zamanı qanadlar qarıncıqda yastı şəkildə yığılır; hər iki cüt demək olar ki, eyni uzunluqda, güclü şəkildə reduksiyaya uğramış bənzər damarlıdır. Yaşlılarda və sürfələrdə anal dəlik bel tərəfdən qarıncığın qurtaracağında, qapaq və dilcikdən ibarət olan xüsusi anal aparatla örtülmüş fincanvari çökəkdə yerləşir. Erkəyin qarıncığının son sternitində fır vardır ki, bunlardan da penis xaricə çıxır. Psillidlərdə olduğu kimi, dişinin yumurtaqoyanı üç cüt fırdan ibarətdir. 4 cüt stiqmadan üçü döş, biri qarıncıq stiqmasıdır. Aleyrodidlərin diaqnostikası istisnasız olaraq pupari əlamətlərinə əsaslanır; yaşlı fərdlər (qanadların damarlanması, ayaqların quruluşu) ancaq yüksək kateqoriyaları – fəsilələri səciyyələndirir. Pupari oval-tünd və ya onu haşiyələyən mum lentlə (puparinin üst və alt tərəfləri arasında), ya da lentsiz olur; dorsal tərəfi lövhəciklər, yumşaq qırçınlar və ya bərk örtük şəklində müxtəlif mum törəmələrlə bəzənə bilər; bir başqalarında çılpaqdır və tozvari mumla örtülmüşdür. Pupari üzərində bir neçə tikiş ayırd edilir: kənaraltı sahəni diskdən ayıran kənaraltı tikiş; kökü qarıncıqdan ayıran köndələn tikiş və puparinin döş hissəsini sağ və sol yarımlara bölən uzununa tikiş. Anal aparatın quruluşu və anal dəliyin forması da mühüm əlamətlərdəndir. Bəzi formalarda anal dəlikdən puparinin arxa kənarına kadual şırım gedir. Dorsal diskin oval, dəyirmi və ya budaq şəklində basıqları vardır. Preparatda onlar açıq rəngdə nəzərə çarpır; oradaca bir neçə cüt qıl və ya yoğun tikanlar vardır. Bir sıra formaların pupariləri mum ifraz edən borucuqlar və ya əmzikşəkilli vəzilərlə təchiz edilmişdir. Puparinin ventral tərəfində reduksiya olunmuş ağız aparatı, bığcıqlar, ayaqlar və nəfəsliklər yerləşir. Bığcıqları adətən birbuğumlu, uzun və ya qısa qıllıdır. Ayaqları yoğun, qısa, kəsilmiş kimi əyridir. Bəzi növlərdə nəfəslik şırımcıqları (2 döş (sağ və sol) və bir qarıncıq şırımı) inkişaf etmişdir; şırımın sonunda puparinin kənarında xitinləşmiş dişciklər (traxeya darağı) və yarımdairəvi çökək ola bilər (Bey-Biyenko, 1980).[1]

Yumurta, substrata bərkimək üçün saplaqla təchiz edilmişdir. Yumurta dairələr, topalar halında və ya bir-bir qoyulur. Yumurtadan üç cüt ayağı, bığcıqları, bir cüt göz ləkəsi və bədəninin kənarlarında tükləri olan oval, yastı, hərəkətli sürfə çıxır; bir neçə saat ərzində o, bitkinin üstündə sürünür, sonra isə ağzı ilə bitkiyə yapışıb sormağa başlayır. Qalan 2–4-cü sürfə mərhələləri hərəkətsizdir, rudimentar bığcıqları və ayaqları vardır. 4-cü yaşda sürfənin bədəni qabarıq şəkil alır. Substrata möhkəm yapışır, dorsal tərəfi müxtəlif mum törəmələrlə bəzənir: pupari adlanan bu örtüyün altında sürfə qidalanmanı kəsir, mühüm dəyişikliklərə uğrayır. Bunun nəticəsində buğumlanmamış bədənli, reduksiya olunmuş bığcıqlı və ayaqlı, çox zaman kor sürfə bircə qabıqqoymadan sonra uzun bığcıqları və ayaqları, yaxşı inkişaf etmiş gözləri olan qanadlı imaqoya çevrilir. Rütubətli və kölgəli stasiyalara üstünlük verən sürfə və imaqo bitkilərin alt tərəfində yerləşirlər. Puparilər xəzəldə və köhnə yarpaqlarda qışlayırlar. Bəzi növlərin pupariləri ilə yanaşı, imaqoları da qışlayır.[1]

Cənubi Amerikada, Avropada, MDBdə yayılıb. Qafqazda 24 növ aşkar edilmişdir, Azərbaycanda 8 növü qeydə alınmışdır.

  1. 1 2 Azərbaycanın heyvanlar aləmi, Buğumayaqlılar, Bakı: Elm, −2004, −388 səh.
  • Azərbaycanın heyvanlar aləmi, Buğumayaqlılar, Bakı: Elm, −2004, −388 səh.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]