Ağqaya civə yatağı

Ağqaya civə yatağı – Azərbaycan Respublikası Kəlbəcər rayonunun ərazisində, Tərtər çayın sağ sahilində, Qarabağ silsiləsinin şimal-şərq yamacında eyniadlı kəndin yaxınlığındadır. Yatağın geoloji quruluşunda, hiperbazit və qabbroid intruziv massivləri ilə kəsilmiş Alt Senonun vulkanogen-çökmə və Üst Senonun əhəngdaşı süxurları iştirak edir. Struktur cəhətdən yataq uzununa və köndələn qırılma zonalarının qovşağında yerləşir. Ağqaya civə yatağında hidrotermal dəyişmiş 7 civədaşıyan zona aşkar edilmişdir. Nisbətən zəngin filiz kütlələri yatağın mərkəzi hissəsindədir. Həmin zonalar serpentinitlər və qabbroidlərin kvars-xlorit-serisitli şistlərlə tektonik təmasında yerləşir. Onların uzunluğu 300 metrə, qalınlığı isə 10–15 metrə çatır. Linza-damarabənzər kvarslaşmış filizli listvenitlərdə minerallaşma, demək olar ki, hər yerdə müşahidə edilsə də, ən zəngin filiz kütlələri birinci və ikinci zonaların mərkəzi hissəsində aşkar edilmişdir. Listvenitlərlə yanaşı civə filizləşməsi, həmçinin dəyişilmiş silisiumlu şistlərdə, kristallaşmış əhəngdaşılarda, brekçiyaya oxşar qabbroidlərdə, nadir halda isə qumdaşılarda müşahidə olunur. Listvenitlərdə civənin əsas mineralı kinovar (HgS) bütün zona boyu müşahidə edilir. Möhtəvi, damarcıq və s. aqreqatlarla yanaşı sərbəst civəyə və kinovarın növü olan metasinnabaritə rast gəlinir. Kinovarpirit, bəzən xalkopiritlə, nadir halda realqarla assosiasiya təşkil edir. Qeyri-filiz minerallardan kvars və onun müxtəlif növləri, kalsit, barit, müxtəlif gil minerallarına və başqalarına, hipergenlərdən – misin törəmə minerallarına rast gəlinir.

  • Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 195. ISBN 978-9952-441-02-4.