Aşıq Əbülfəz Şahtaxtılı

Aşıq Əbülfəz Şahtaxtılı (Kəngərli) (9 oktyabr 1944, Şahtaxtı, Noraşen rayonu) — Naxçıvan aşığı.

Aşıq Əbülfəz Şahtaxtılı (Kəngərli)
Doğum tarixi 9 oktyabr 1944(1944-10-09) (80 yaş)
Doğum yeri
Milliyyəti Azərbaycanlı
Fəaliyyəti Aşıq və şair
Əsərlərinin dili Azərbaycan dili
Janr Aşıq şeirləri

Aşığın həyat və yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Çağdaş Naxçıvan aşıqlarından olan Aşıq Əbülfəz Şahtaxtılı (Kəngərli) 1944-cü il oktyabrın 9-da Naxçıvanın Şahtaxtı kəndində anadan olmuş, orta təhsilini həmin kənddə almışdır. 13-14 yaşlarından aşıqlıq sənətinə həvəs göstərdiyi üçün Xəlilli kəndinin tanınmış aşıqlarından olan Aşıq Bayraməlinin yanında şəyirdlik etmiş və aşıqlıq sənətini ondan öyrənmişdir. Bu sənətin sirlərini mənimsəyən Əbülfəz bir müddətdən sonra özü də Naxçıvanda istedadlı aşıq kimi tanınmış, el məclislərində iştirak etmişdir.

Aşıq Əbülfəzin özünün söylədiyinə görə o, bir müddət Şərur mədəniyyət evində aşıq kimi çalışmış, 1973-cü ildən 1985-ci ilədək Şahtaxtı mədəniyyət evinin müdiri vəzifəsində işləmişdir. Sonralar Qarabağlar kəndinə köçmüş və bir müddət orada yaşamışdır. Daha sonra o, Qazaxıstana getmiş və bir müddət orada Çimkənd vilayətinin Karnilovka kəndində yaşamışdır. Hazırda Bakı şəhərində yaşayır.

1979-cu ildə Şəmkirdə keçirilən aşıqlar qurultayında iştirak edən Aşıq Əbülfəz bu qurultayda keçirilən müsabiqədə ikinci yerə layiq görülmüşdür.

Aşıq Əbülfəz xalq arasında istedadlı aşıq kimi tanındığı üçün Azərbaycanda keçirilən bir sıra tədbirlərə, aşıqların yubileylərinə dəvətlər almışdır. O, Aşıq Alının 180 illik yubileyində, Aşıq Ələsgərin 150 illik yubileyində iştirak etmiş, məhsul bayramlarında və bir sıra dövlət tədbirlərində istedadlı aşıq kimi çıxışlar edib alqışlanmışdır.

Aşıq Əbülfəz Naxçıvan aşıq mühiti ilə yaxından bağlı olmuşdur. O, Naxçıvanda Xəlilli kəndinin aşığı olan Aşıq Bayraməlidən aşıqlıq sənətini öyrəndikdən sonra Naxçıvanda Aşıq Qulu, Aşıq Fətullah, Aşıq Sultan, Aşıq Həsən, Aşıq Mirzalı, Aşıq Əli Şəhriyarlı, Aşıq İbrahim, Cəhri kəndinin aşıqlarından Aşıq Südeyib, Aşıq Qulu, Şahbuz aşıq və şairlərindən Sərraf Qasım, Aşıq Fərrux, Aşıq Hidayət, Nəzərəbaddan Aşıq Kərim, Aşıq Məhəmmədəli, Sədərəkdən Aşıq Yusif, Xokdan Aşıq Ələsgər, və Qafar kimi xalq aşıq və el şairləri ilə dostluq etmişdir.

Aşıq Əbülfəz Şahtaxtlı Azərbaycanın istedadlı şair aşıqlarından biridir və onun aşıq şeri janrlarında bir çox mövzuları əhatə edən şeirləri var. [1]

Naxçıvanın çağdaş aparıcı aşıq və şair nümayəndələrindən olan Sərraf Qasım da Aşıq Əbülfəzlə yaxından dostluq etmiş, onlar arasında çox sıx yaradıcılıq əlaqələri olmuşdur. Aşıq Əbülfəzin ədəbi irsi içərisində onun Sərraf Qasımla dostluğunu və yaradıcılıq əlaqələrini təsdiq edən deyişmə və şeirləri də vardır. Aşıq Əbülfəzlə Sərraf Qasımın aşağıdakı deyişməsi didaktik-əxlaqi mahiyyətdədir, həm də tərbiyəvi-əxlaqi, millilik, azadlıq və vətənsevərlik baxımından çox dəyərlidir. Dastansayağı üslubda verilən deyişmədə hər iki aşıq-şair özlərinin mərdanəlik, dostluq, vəfadarlıq, əliaçıqlıq, təkəbbürlülük, acgözlülük, sadəlik, səxavətlilik haqqındakı nəsihətamiz fikirlərini ifadə edirlər. Deyişmənin seçilmiş hissələrini təqdim edirik:

Sərraf Qasım:
Gülüstan eşqiylə gül açarsa mərd,
Mərdana beşikdə dil açarsa mərd,
Dar gündə mərd dosta əl açarsa mərd,
Əsirgəməz çoxa-aza gələndə.

Aşıq Əbülfəz:
Mərd dost mərd evinə gələndə neylər?
Haqqın kitabını tilavət eylər.
Heç namərd söyləməz, ancaq mərd söylər,
Əsirgəməz doğru sözə gələndə.

Sərraf Qasım:
İnsan var heç ölməz, yaşayar adı,
O kəs sevindirər qohumu, yadı.
Sanıram ki, mənim üçün dünyadı,
Səxavət görünüb gözə gələndə.

Aşıq Əbülfəz:
Sadə gəzib, mən özümü öymədim,
Bir kimsənin xatirinə dəymədim.
Yetim incitmədim, yoxsul döymədim
Çörəyə gələndə, duza gələndə.

Sərraf Qasım:
Əgər ki, qarşına çıxsa yüksəklik,
Dosta lazımdırsa, eylə köməklik.
İgid tək olmasın, yamandır təklik,
Yoxuşa gələndə, düzə gələndə.

Aşıq Əbülfəz:
Bir məclisdə namərd olsa, qəsd olar,
Yeyr-içər, acgözlükdən məst olar.
Düşmən də süfrədə gəlib dost olar,
Kabab ocaq üstə közə gələndə.

Sərraf Qasım:
Sərraf Qasım deyər bir mərdlə bir mərd
Qoymasın ortaya müxənnət, namərd.
Qoy dostlar hər zaman eyləsin ülfət,
Utanmasın üzbəüzə gələndə.

Aşıq Əbülfəz:
Aşıq Əbülfəzəm, ay ağa, sən bil,
Coşdur “Kərəmi”ni, şad eylə bir dil.
Sənətkar sənətin qoy bilsin kamil,
Utanmasın mizrab saza gələndə.

Aşıq Əbülfəzin aşıq şeri janrlarında bir çox mövzuları əhatə edən şeirləri var. Aşığın aşağıdakı şeirində onun vətənə məhəbbəti və erməni daşnaqlarına nifrəti onun ifadə olunur. Bu qoşmasında Aşıq Əbülfəz özünü vətən və el aşığı kimi təqdim edir. Torpaqlarımızın azad olunması uğrunda canlarını qurban verib həlak olan şəhidlərimizin faciəsindən doğan milli kədər Aşıq Əbülfəzi qocaltmış, bu münasibətlə də aşıq özünün aşağıdakı şeirini qələmə almışdır:

Vətən aşiqiyəm, el aşığıyam,
Neynirsən soruşub yaşımı mənim.
Şəhidlər məzarı qocaltdı məni,
Bax, onlar ağartdı saçımı mənim,
Neynirsən soruşub yaşımı mənim.

Yadıma düşəndə nənə laylası
Çıxmaz yaddan anaların naləsi.
Qalmayıb saçımın bircə qarası,
Bax, bunlar ağartdı saçımı mənim,
Neynirsən soruşub yaşımı mənim.

Dedim Əbülfəzin dəymə xətrinə,
Mən heyranam müşki-ənbər ətrinə.
Peyğəmbər xətrinə, Allah xətrinə,
Bir daha soruşma yaşımı mənim,
Neynirsən soruşub yaşımı mənim.

Klassik aşıq poeziyasında olduğu kimi, Aşıq Əbülfəzin də poeziyasında didaktik, nəsihətamiz mövzular müəyyən qədər yer tutur. Didaktik şeirlərində Aşıq Əbülfəz ata-baba yolu ilə getməyi, böyüklərə hörmət etməyi, ağsaqqal, ağbirçək sözünə qulaq asmağı gənclərin ədəb-ərkan əxlaqı kimi dəyərləndirir. Aşığa görə, insan həyatda ədalətli olmalı, haqqı unutmamalıdır:

Böyüyün sözünü eşitməyənlər
Özləri peşman
 olacaq bir gün.
Haqqı, ədaləti atan insanlar
Haqqın cəzasını bulacaq bir gün.

Kimlər ki, tanımır yolu-ərkanı,
Cəhənnəm odunda yanacaq canı.
Yaxşını yamana satan insanın
Cəsədi od tutub yanacaq bir gün.

Əbülfəz, sözlərin var nəsihətli,
Rəhmət qazanarsan, o kifayətdi.
Eldə ağır dolan, qədir-qiymətdi,
Sözlərin dillərdə gəzəcək bir gün.

Aşıq Əbülfəzin aşiqanə-məhəbbət mövzusunda qələmə aldığı gəraylı və qoşmaları onun müasirləri olan Naxçıvan aşıqları ilə müqayisədə dil baxımından çox sadədir. Aşıq Əbülfəz bu istiqamətdə qələmə aldığı şeirlərini aydın, sadə və xəlqi üslubda təqdim edir:

Ay nazlı qız, belə süzgün baxma sən,
Alırsan canımı elə baxanda.
Qəmzəlisən, demirəm ki, naz etmə,
Alırsan canımı belə baxanda.
 
Gözümün önündən ötdükcə hər an,
Yolumdan çıxarıb edirsən candan.
Necə üz döndərim səntək canandan?
Alırsan canımı elə baxanda.

Elə bil ki, yaydı, çəkilib qaşın,
Kənardan baxanda aldadır yaşın.
Aşıq Əbülfəzin gəl alma huşun,
Alırsan canımı elə baxanda.

Haqqında yazılanlar

[redaktə | mənbəni redaktə et]

Naxçıvanın qadın aşıqlarından və saz müəllimələrindən biri olan Sərraf Qasımın qızı Göycə müəllimə Aşıq Əbülfəzin aşıqlıq sənətini yüksək qiymətləndirmiş və ona “Ay ustad” rədifli gəraylı yazmışdır. Bu gəraylıda Aşıq Əbülfəz ehtirama layiq bir el sənətkarı və ağsaqqal aşıq kimi təqdim olunmuşdur:

Göycəyəm, Allah bəndəsi,
Kəsilməz heç haqqın səsi.
Bəs sənə hörmət əvəzi
Hörmət gördüm mən, ay üstad.

Dedin soruşma yaşımı,
Soruşmaram mən yaşını.
Ağarmış gördüm başını,
Bil, dərd gördüm mən, ay ustad.

Gəraylıda Göycə xanım Aşıq Əbülfəzi istedadlı el sənətkarı kimi səciyyələndirir və onu Azərbaycanın Aşıq Alı, Aşıq Şəmkir və Aşıq Ələsgər kimi xalq aşıqları sırasına daxil edərək dürr kəlməli hər sözündə hikmət olduğunu söyləyir, aşığı cürət, hünər və qüdrət sahibi kimi təqdim edir:

Nəzər salanda üzünə,
Alı, Şəmşir öz-özünə,
Ələsgər gəldi gözümə,
Xilqət gördüm mən, ay ustad.

Şahid olmusan özün də,
Şirinliyi var duzun da.
Dürr kəlməli hər sözündə
Hikmət gördüm mən, ay ustad.

Şairlik təbi var məndə,
Yazıram yeri düşəndə.
Cürət, hünər gördüm səndə,
Qüdrət gördüm mən, ay ustad.

Bu şeir Aşıq Əbülfəzin çağdaş Naxçıvan aşıq mühitində böyük hörmətə malik olduğunu göstərir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]