Şahtaxtı — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndi Qıvraq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Şahtaxtı kənd inzibati ərazi dairəsi yaradılmışdır.[2]
Şahtaxtı | |
---|---|
39°22′19″ şm. e. 45°05′46″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vaxtilə bir ucu Araz çayına gəlib dirənən və "Qarahasar" deyilən böyük qala divarlarının əhatəsində yerləşmiş bu qədim yaşayış məskəninin sonralar niyə "Şahtaxtı" adlandırılması haqda hazırda yerli əhali arasında bir neçə maraqlı rəvayət, elm adamlarının, ərazidən keçmiş məşhur səyyah və tədqiqatçıların əsərlərində isə konkret fikir və mülahizələr var. Məsələn, Şahtaxtıda daha çox yayılmış rəvayətlərdən birində deyildiyinə görə, bu ad kəndə sonralar – Azərbaycan Səfəvi dövlətinin banisi Şah İsmayıl Xətainin 1501-ci ildə Təbrizdə taxta çıxmasından sonra verilib. Bildirilir ki, Şirvanı ələ keçirən İsmayıl Ağqoyunlu hökmdarı Əlvənd Mirzənin Naxçıvana 30 min nəfərlik qoşunla yürüş etdiyi xəbərini alır və dərhal özünün 7 minlik seçmə qızılbaş süvarisiylə Naxçıvan istiqamətinə hərəkət edir. İndiki Şahtaxtına yaxın yerdə – "Şərur düzü"ndə qarşılaşan Səfəvilər özlərindən 4 dəfə artıq ağqoyunlulara qalib gəlirlər və bununla da qızılbaşların Təbrizə yolu açılır. 1501-ci ilin payızında Arazı keçərək Təbrizi tutan qızılbaşlar İsmayılı taxta çıxararaq, onu şah elan edirlər və bununla da Azərbaycan Səfəvi dövlətinin əsasını qoyurlar.
Şahtaxtıda əsrlərdir dildən-dilə keçən rəvayətə görə, İsmayıl Şirvandan Naxçıvana gələndə də və "Şərur düzü"ndəki qələbəsindən sonra da bu kəndin kənarında indi "İydəli Pir" adlandırılan, əsasən iydə ağaclarından ibarət meşəlikdə düşərgə salmış və buna görə də kənd sonralar "Şahı taxta çıxaran yer" – "Şahtaxtı" adlandırılmışdır…
Başqa rəvayətlər isə Şah Abbasın, Nadir Şah Əfşarın və Ağa Məhəmməd Şah Qacarın Azərbaycanın cənubunu Arazın məhz bu hissəsindən keçərək şimal istiqamətində hərəkət etmələri və müvəqqəti dayanacaq kimi Şahtaxtı ərazisini seçmələri ilə bağlıdır. Demək olar ki, hər üç şahla bağlı rəvayətlər mahiyyət etibarilə eyni məzmunu ifadə edir və kəndin adı da şah taxtlarının müvəqqəti olaraq bu ərazidə qurulması ilə izah olunur.
Tədqiqatçılar – Naxçıvan ərazisinin toponimlər sistemini araşdıran AMEA-nın Naxçıvan bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun "Onomastika" şöbəsinin müdiri, filologiya elmləri doktoru hörmətli Adil Bağırov isə "Naxçıvanın oykonimləri" adlı kitabında Şahtaxtı kəndinin həm xalq, həm də elmi etimologiyasını verib. O, xalq etimologiyasında "Şahtaxtı" sözünün "şahın taxtı", "şahın oturduğu yer" mənasında işləndiyini, elmi etimologiyada isə "hündür, uca yer" anlamını verdiyini yazıb. Tanınmış alim Q.Qeybullayevin "Şahtaxtı" sözünün farsca "şah" və Azərbaycanca "taxt" sözlərinin birləşməsindən əmələ gəlib, "dağ döşündə çıxıntı", "dağ döşündə düzənlik" kimi işləndiyi fikrinə istinad edən A.Bağırov yekunda özünün "hündür yerdə olan taxt, düzənlik" variantı üzərində dayandığını qeyd edib. O, fikrini belə əsaslandırıb ki, "Əlincəqala"nın zirvəsindəki düzənliyə də "Şahtaxtı" deyilir.
Digər tanınmış alim – hörmətli akademik Hacı Qadir Qədirzadə isə Babək rayonunun Cəhri kəndində "Şahtaxtı" adlı yerin olduğunu və Cəhridəki yerin daha çox Nadir şahın burada daş üzərinə çıxıb qoşununa müraciət etməsiylə bağlı rəvayətə əsaslandığını yazıb.
Azərbaycandakı yer və tayfa adlarının mənşəyindən bəhs edən üçcildlik topluda da "Şahtaxtı"nın izahı "dağ döşündə düzənlik" kimi verilib. Baxmayaraq ki, ərazini yaxşı tanıyanlar Şahtaxtının heç də dağlıq ərazidə yerləşmədiyini, daha çox maili təpəlik üzərində qərarlaşdığını bilirlər.
Bəlkə də elə ziddiyyətli məqamların çoxluğundandır ki, nə "Şahtaxtı"nın "dağ döşündə düzənlik" kimi izahını verən tədqiqatçılar yazdıqlarının həqiqət olduğunda israr ediblər, nə də xalq etimologiyasına əsaslanaraq "Şahtaxtı"nın "Şah taxtının qurulduğu yer" mənasında işləndiyi arqumenti üzərində duranlar söhbətin hansı şahdan getdiyini dəqiqləşdiriblər. Halbuki, indiyə qədərki elmi mənbələrdə adları çəkilən şahların Qafqaz istiqamətindəki marşrutları və düşərgə yerləri haqda kifayət qədər geniş məlumatlar, hətta xəritələr olsa da, hələlik onların sırasından yalnız Səfəvi Şahı İsmayılın "Şərur düzü"ndəki döyüş öncəsi Şahtaxtı kəndinə yaxın ərazidə düşərgə qurması faktı qeydə alınıb.
"Şahtaxtı" adının mənşəyi və tarixi haqda daha əsaslı, fundamental araşdırmalara aparıb çıxaracaq və indiyə qədərki rəvayətlərdən fərqli məlumata isə xüsusən İran tarixinin mükəmməl araşdırıcısı sayılan məşhur rus hərbi tədqiqatçısı Nikolay Konstantinoviç Smirnovun 1934-cü ildə yazılmış "Naxçıvan diyarının tarixi və etnoqrafiyasına dair materiallar" kitabında rast gəlinir. Sonralar hərbi kəşfiyyatçı olduğu üzə çıxan N.K.Smirnov bu kitabında "Şahtaxtı" adının Şah İsmayıldan daha əvvələ – əsası XIV əsrdə qoyulmuş "Nemətullahi" dərvişlərinə gedib çıxdığını və kəndin adının da məhz özünü "Şah" adlandıran dərvişin təkyəsinin burada yerləşməsi ilə bağlı olduğunu göstərib. O, həmçinin kəndin yanında "Şah bağı" adlı yerin və Arpaçayından Böyük-Düz istiqamətində "Şah arxı" adlı köhnə kanalın olduğunu da yazıb və bütün bunların hamısının eyni kökdən qaynaqlandığı fikri üzərində durub.
Təəssüf ki, rus tədqiqatçısının, daha doğrusu, nəyi qeydə almağın vacibliyini çox yaxşı bilən bu hərbi kəşfiyyatçının gözəl bir elmi tədqiqat mövzusu olacaq qiymətli fikirləri müstəqillik dövründə belə, hansısa səbəblərdən Azərbaycan alimlərinin diqqətindən kənarda qalıb və əslində, Naxçıvanın və Şahtaxtının orta əsrlər dövründə İslam dəyərlərinin təbliğində tutduğu çox vacib əhəmiyyətə işıq salan olduqca mühüm bir faktın üzərindən sükutla keçilib.
Qeyd edək ki, biz də elə Şahtaxtının adının mənşəyi ilə bağlı daha çox məhz N.K.Smirnovun üzərində durduğu və indiyədək araşdırılmamış variant istiqamətində axtarışlar aparmaq qərarına gəldik və xeyli maraqlı tarixi hadisələrlə, faktlarla rastlaşdıq.
Tanınmış arxeoloq Qəhrəman Ağayev 1979–1987-ci illərdə Şahtaxtı arxeoloji abidələr kompleksində tədqiqatlar aparmış, bu abidənin daha qədim dövrlərə aid olması qənaətinə gəlmişdir.[3][4] 2007-ci ildən sonra başlayan arxeoloji qazıntılarla onun bu fikri təsdiqləndi.[5][6][7][8][9][10][11][12]
İlk məskunlaşma dövrü keçən bir kəndin maraq və heyrət dolu tarixi…
Son vaxtlar istər Azərbaycanda, istərsə də Azərbaycandan kənarda Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndi haqda geniş məqalələr, kitablar yazılır. Daha çox Şahtaxtıdan çıxan tanınmış şəxslərin özləri, ata-babaları barədə xatirə üslubunda yazılan bu məqalə və kitablarda, təəssüf ki, əksər məqamlarda kəndin özünün tarixi və adının mənşəyi ilə bağlı doğru olmayan, səthi xarakterli mülahizələr üzərində dayanılır, tədqiqatçıları yanlış istiqamətə yönəldən fikirlərə rəvac verilir. Halbuki, Azərbaycanın elmi-mədəni, ictimai-siyasi həyatında fövqəladə rol oynayan şəxsiyyətlər yetişdirməsiylə diqqət çəkən bu kənd həm də Naxçıvanın mühüm tarixi hadisələrə şahidlik edən ən qədim yaşayış məskənlərindən biri olub. Elə məhz qədim ənənələrə, deməli, həm də sağlam kökə, özülə sahibliyi səbəbindəndir ki, Şahtaxtı kəndinin adı Azərbaycanın, o cümlədən onun ayrılmaz hissəsi olan Naxçıvanın tarixində silinməz izlər qoyan yurd yeri kimi indi də seçilir, fərqlənir.
Araşdırmalar göstərir ki, tarixən bu kənd Naxçıvandan İrana, İrandan Naxçıvana gedib-gələn qədim karvan yolunun üzərində yerləşən əsas məntəqələrdən sayılıb. Üzərində taxta və dəmir körpülər tikilənədək, at və dəvə karvanları Araz çayının məhz bu hissəsindən – indiki Şahtaxtı kəndinin cənubundan suyu rahat şəkildə adlaya bilir, o tay-bu taya keçirdilər. Kəndin yaşlı nəsil nümayəndələrinin söylədiklərinə görə, Türkiyənin Bingöl dağlarından, təxminən, 3 min metr yüksəklikdən başlayan Araz çayının suyu Şahtaxtının cənubundan keçən hissəsində aramlaşar, xüsusən yay və payızın ilk ayında isə heç atların dizlərinə də çatmazmış.
Şahtaxtının ibtidai insanların məskən saldığı ən qədim yaşayış məntəqələrindən biri olması ehtimalı hələ 1936-cı ildə arxeoloq Ə. Ələkbərov tərəfindən aparılan arxeoloji qazıntılar zamanı konkret dəlil-sübutlarla da təsdiqini tapıb. Qazıntılar zamanı tapılan Tunc dövrünün müxtəlif mərhələlərinə aid maddi mədəniyyət nümunələrini analiz edən alimlər bu qənaətə gəliblər ki, Şahtaxtı hələ b.e.ə. VI–IV minilliklərdən başlayaraq, intensiv istifadə olunan, e.ə. II minillikdən isə ətrafı qala divarlarıyla möhkəmləndirilmiş yaşayış məskəni olub.
Qeyd edək ki, həm 1936-cı ildə, həm də ondan sonrakı illərdə aparılan tədqiqat və qazıntılar barədə istər elmi ədəbiyyatda, istərsə də son dövrkü kitab və məqalələrdə geniş bəhs edildiyindən, təkrarçılığa yol verməmək məqsədiylə biz bu haqda danışmayacağıq. Çünki Şahtaxtıdan bəhs edən əksər yazıların girişi, demək olar ki, Azərbaycan Sovet Ensiklopediyasının X cildində və Naxçıvan Ensiklopediyasında bu kəndlə bağlı əks olunmuş fikirlərin təkrarından başqa yeni bir şey deyil.
Bizim üzərində dayanmaq istədiyimiz məsələ isə daha çox "Şahtaxtı" adının mənşəyi və bu kəndin əsasını qoyan tayfalarla bağlıdır.
Məlumat üçün bildirək ki, orta əsrlərdə el arasında dərviş kimi tanınan şəxslər, əslindəsə sufi təriqətlərinin təmsilçiləri öz ideyalarını yaymaq üçün mühüm ticarət və karvan yollarının üzərini seçər, orada özlərinin təkyə, xanəgah adlandırdıqları məntəqə və mərkəzləri qurardılar. Əsas yaşayış məntəqələrindən nisbətən aralıda qurulan bu təkyə və xanəgahlar sufi dərvişlərinin fövqəladə qabiliyyətləri və mükəmməl dini-dünyəvi bilgiləri sayəsində tez bir zamanda insanların toplaşdıqları, inam, ümid yeri kimi baxdıqları ünvanlara, onların ölümlərindən sonra isə pirlərə çevrilərdi.
Yuxarıda qeyd etdiyimiz kimi, indiki Şahtaxtı kəndi orta əsrlərdə Şimal-Cənub və Şərq-Qərb istiqamətində ən çox istifadə olunan karvan yolunun üzərində yerləşib. Kənd elə bir coğrafi nöqtədə qərarlaşıb ki, cənubdan Araz çayını keçib şimal istiqamətində hərəkət edən karvan Şərqdən Qərbə gedən Qədim İpək Yoluna çıxmaq üçün mütləq şəkildə buradan keçməlidir.
Eyni zamanda, elmi mənbələr vasitəsilə tam sübuta yetirilib ki, Naxçıvan sufizmin geniş yayıldığı və məşhur sufi şeyxlərinin yaşadığı və dəfn olunduğu əsas məkanlardan olub. Bu haqda AMEA-nın Naxçıvan bölməsinin Tarix və Etnoqrafiya İnstitutunun direktoru, hörmətli professor Hacıfəxrəddin Səfərli özünün "Orta Əsrlərdə Naxçıvanın sosial-siyasi həyatında dini mərkəzlərin rolu" monoqrafiyasında ətraflı bəhs edərək, Naxçıvanda "Səfəvilik", "Hürufilik", "Bəktaşilik", "Şeyxilik", "Nöqtəviyyə", "Qələndəriyyə" və s. kimi sufi təriqət və qardaşlıqlarının geniş yayıldığını, hətta bir çox sufi şeyxlərinin Naxçıvan ərazisində dəfn olunduqlarını faktlarla göstərib.
Sonuncu səmavi kitab olan "Qurani-Kərim"in həm zahiri, həm də batini mahiyyətinin, o cümlədən şəriət hökmlərinin kamil biliciləri və izahediciləri sayılan sufilər müxtəlif dərviş ordenlərində, ayrı-ayrı qardaşlıq və birliklərdə cəmləşsələr də, ümumən İslam ideyalarının, mədəniyyət və dünyagörüşünün daha geniş arealda yayılmasında müstəsna rol oynayıblar. Xüsusən də Məhəmməd Peyğəmbərin (s.ə.v.s.) əmisi oğlu və kürəkəni Əli ibn Əbu Talibə, həmçinin onun övladlarına – nəvə və nəticələrinə, 12 nəfərlik imamətə məhəbbətləriylə və orijinal yanaşma tərzləriylə seçilən sufilər bu xəttin qorunmasında və həm elmi, həm də siyasi baxımdan tərəqqisində əvəzsiz xidmət sahibləri kimi qəbul edilirlər. Təsadüfi deyil ki, istər sünni, istərsə də şiə məzhəbindən olan bəzi sufi birliklərinin yaranmasının əsas məqsədi Əməvi xəlifələrinin təqiblərinə məruz qalan Həzrəti Əli (ə.s.) övladlarının qorunması və onların haqq mübarizəsinin qələbə çalması istiqamətində təşkilatlanma və təbliğetmə olub. Sonradan get-gedə bu birlik və qardaşlıqlar konkret ideya və şəriət məsələləri üzərində sıx birləşən, özünəməxsus həyat tərzi sürən təriqətlərə, həttə elmi-siyasi cərəyanlara, məktəb və mərkəzlərə çevrilmişdi…
Xatırladaq ki, sufi məktəblərinin yaranmasında və genişlənməsində Həzrəti Əlinin (ə.s.) oğlu İmam Hüseynin (ə.s.) nəvəsi İmam Məhəmməd Bağır və onun oğlu İmam Cəfər Sadiqin (ə.s.) tələbələrinin müstəsna xidmətləri olub. İslam dininin batini mahiyyətini mükəmməl bilməsinə və yüksək elmi hazırlığına görə "Baqir" ləqəbini daşıyan İmam Məhəmmədin (ə.s.) və xüsusən də onun oğlu İmam Cəfərin (ə.s.) tələbələri ayrı-ayrı sufi qardaşlıqlarına rəhbərlik edərək, sonradan özlərinin məktəblərini yaradıblar…
Elə N.K.Smirnovun Şahtaxtı kəndində məskunlaşdıqlarını yazdığı "Nemətullahi" təriqətinin yaradıcısı məşhur sufi Əmir Nurəddin Nemətullah ibn Mir Abdullanın nəsil şəcərəsi də məhz 5-ci İmam Məhəmməd Bağıra gedib çıxır.
Xatırladaq ki, elmi mənbələrdə Əmir Nurəddin Nemətullahın 1330-cu ildə Suriyanın Hələb şəhərində doğulduğu, atası Mir Abdullanın sufi mürşidi, anasının isə məşhur fars zadəganlarından olduğu qeyd edilib. Sufi mürşidinin oğlu Nemətullahın hələ gənc yaşlarında İslam ölkələrinə səyahətə çıxması, Məkkə ziyarətinə gedərkən Şeyx Abdulla əl-Yəfi ilə tanış olması və 7 il ona müridlik etməsi haqda da yazılı mənbələrdə məlumatlar var. Elə həmin mənbələrdə onun Məkkə ziyarətindən sonra yenidən Şərq ölkələrinə səyahətə çıxdığı, İraqda, Qahirədə, o cümlədən də Azərbaycanda olduğu və ömrünün son 25 ilini İranda – Kirman şəhərinin Mahan kəndində keçirdiyi qeyd olunur. O da bildirilir ki, 1431-ci ildə – 101 yaşında dünyasını dəyişən Nemətullah fitri istedadı və İslami bilikləri sayəsində ətrafına xeyli mürid toplamağa və öz təriqətini yaratmağa müvəffəq olub, ona "Vəli" – "müqəddəs" adı verilib. Eyni zamanda, Nemətullah Vəli sufizmdə ən yüksək mərtəbəyə – təriqət başçısı səviyyəsinə çatdığından, qaydalara uyğun olaraq, ona həm də "Şah" titulu verilib.
Qeyd edək ki, sufilərdə "Şah" titulu Həzrət Əlinin ünvanına işlədildiyindən, əksər sufi təriqətlərinin başçılarına onun şərəfinə "Şah" deyə müraciət olunması o dövr artıq qayda halını alıbmış. Elə indinin özündə də xüsusən "Ələvilər" arasında Həzrəti Əliyə "Şahım" deyə müraciət olunur, onun qabiliyyət və istedadı geniş vəsf olunur.
Məlumatlara görə, XIV əsrdə sünni təriqəti kimi yaradılan "nemətullahiyyə" qardaşlığı XVIII əsrdə tam şəkildə şiə qardaşlığına çevrilib və bu məsələdə o vaxt İranda geniş kök atmış "səfəviyyə" təriqətinin mühüm təsiri olub. Səfəvilər dövrünün sonlarına yaxın İranda bütün sufi təriqətləri zəiflədiyi kimi, "nemətullahiyyə" də zəifləyib və bu təriqət yalnız məşhur sufi Məsum Əli Şahın Hindistandan İrana köçməsi ilə yenidən dirçəlib. Artıq şiə qardaşlığına çevrilmiş bu təriqətə Məsum Əli Şah yeniliklər də gətirib: o, hər bir təriqət üzvünün adının sonuna "Əli Şah" titulunun əlavə edilməsini zəruri bilib. Bu, həm də Peyğəmbərimizdən sonra xilafətə rəhbərliyin – imamlığın və şahlığın Həzrəti Əliyə çatmasını ifadə edən sufi simvolunun ictimailəşdirilməsi olub.
Ümumiyyətlə, araşdırmalar göstərir ki, əksər sufi təriqətlərində simvollaşdırılmış söz və ifadələrlə, rəqəmlərlə danışığa və hərəkətlərə çox böyük üstünlük verilib. Hər bir simvol – hərf, söz, anlayış və ya rəqəm İslam tarixində böyük bir hadisəni, fikir və ya ideyanı ifadə edib. Bu səbəbdən də məşhur sufi şair və yazıçılarının əsərlərinin zahiri əlamətlərə görə şərhi bir çox hallarda doğru anlaşılmır, yanlış istiqamətlərə yozulur. Məsələn, "nemətullahi"lərdə "Əli Şah" Həzrəti Əlinin ilk xəlifə olması haqqının tanınmasını ifadə edirdisə, bu təriqətin digər görkəmli siması Nur Əli Şahın 12 nəsr və 12 nəzm əsəri yazması təriqət üzvlərinin 12 imamı, onların haqq işini bu rəqəmdə simvollaşdırılması anlamındadır.
Elə ətrafında "12" kəhrizin yerləşdiyi bir "Pir"in mövcud olduğu "Şahtaxtı" adının sufi simvolları və deyimləri ilə izahı verilsə, bu, təriqət başçısının – "Şah"ın "taxt, məkan, xanəgah, sığınacaq qurduğu yer" mənasına gəlir.
Böyük ehtimalla, N.K.Smirnovun yazdığı kimi, "nemətullahi" təriqətinin banisi Nemətullah Vəli və yaxud da onun "Şah" titulunu almış müridlərindən hansısa biri Azərbaycana məhz Araz çayının indiki Şahtaxtı kəndi ərazisinə yaxın hissəsindən keçərək gəliblər və təbliğat üçün olduqca əlverişli mövqe tutan bu qədim karvan yolu üzərində bir neçə bulaqla əhatələnmiş iydəlikdə – indi "İydəli Pir" adlandırılan yerdə məskunlaşaraq, öz xanəgahlarını qurublar. Elə əvvəllər "Şah bağı" deyilən bu iydəliyin sonradan pirə çevrilərək "İydəli Pir", yaxınlıqdakı yaşayış məskəninin isə "Şahtaxtı" adlandırılması da məhz burada sufi "Şah"ın xanəgahının qurulmasıyla bağlı olub.
Mümkün ehtimallardan biri isə budur ki, səfalı yer olan bu iydəliyi sufi dərvişləri "Şah", "Şahım" deyə müraciət etdikləri, adını daim yaşatmağa çalışdıqları Həzrəti Əlinin şərəfinə "Şahtaxtı" adlandırıblar və bu ad sonradan bütövlükdə fanat şiələr tərəfindən yaxınlıqdakı yaşayış məskəninə şamil edilib.
Qeyd edək ki, Naxçıvanın tarixi abidələrindən bəhs edən kitabda Şahtaxtı kəndinin yaxınlığında yerləşən "İydəli Pir" qısaca olaraq, b.e.ə. II–I minilliyə aid olan və əhalinin daş və su inanclarına bağlı abidə kimi göstərilib.
"İydəli Pir" barəsində yazılı mənbələrdə çox az məlumatlar yer alsa da, bu möcüzəli məkan haqda yerli əhali və ətraf kəndlərin camaatı arasında hələ heç yerdə dərc olunmamış xeyli əfsanələr, rəvayətlər indi də dolaşmaqdadır. Məsələn, deyilənə görə, elə 1501-ci ildə Şah İsmayılın "Şərur düzü"ndəki döyüş öncəsi düşərgə kimi "İydəli Pir" ərazisini seçməsi də təsadüfi deyilmiş, məhz bu yerin qədim tarixi, müsbət aurası və düşərliliyi – Həzrəti Əli adına bağlanan sufi xanəgahı olmasıyla bağlıymış. Hətta belə rəvayətlər var ki, İsmayılın 7 minlik qoşunla 30 minlik qoşun üzərinə əmin şəkildə hücum çəkməsinin kökündə də məhz öncədən qələbə əldə edəcəyinə yüksək inamı olub və bu inamı, əhval-ruhiyyəni də onda "İydəli Pir"də gecələməsi yaradıb…
Doğrudur, elmi mənbələrdə Şah İsmayılın "İydəli Pir"də gecələdiy haqda yazılı olaraq konkret dəlil, sübut yoxdur və bu, ancaq rəvayət şəklindədir. Ancaq ərazini yaxşı tanıyanların, həmçinin orta əsr dövrünün döyüşlərinin tədqiqatçılarının söylədiklərinə görə, "Şərur düzü" adlandırılan ərazini müşahidə etmək, eyni zamanda fövqəladə situasiyada özünümüdafiə, yaxud geri çəkilmək üçün ən münasib məkan məhz "İydəli Pir"dir.
"İydəli Pir"lə bağlı araşdırmalarımız zamanı ortaya çıxan həqiqətlərdən biri budur ki, bu yer illər uzunu yerli əhalinin xüsusi inam, məhəbbət bəslədiyi müqəddəs ziyarətgah olub. Hətta məşhur "Əshabi-Kəhf" ziyarətgahında olduğu kimi, işləri dolaşığa düşən, qəlbində hansısa niyyətin həyata keçməsini tutan kəslər bu yerə gələr, qurban kəsər, yerdən xırda daşları götürərək qayalığa vurarlarmış. Daş qayalığa yapışarmışsa, həmin adamda niyyətinin qəbul olunacağına böyük inam yaranarmış. Sonralar bu "daş yapışdırma" adəti "şam yandırma" ilə əvəz olunub və bu, indi də davam edir. Kənd ağsaqqallarının və ağbirçəklərinin dediklərinə görə, dəfələrlə sınaqdan çıxarıldığından, "İydəli Pir"in müqəddəs yer olduğuna artıq heç kimdə şübhə yaranmazmış.
Xatırladaq ki, indiki Şahtaxtı kəndinin təxminən 2 kilometrliyində yerləşən bu ziyarətgah ətrafı qayalıqlardan ibarət təpənin Araz çayına baxan hissəsində qərarlaşıb. Qayalığın çıxıntısının altındakı mağara tipli yerdə indi də bir neçə nəfər rahat şəkildə yağışdan, külək və qardan qoruna, gecələyə bilər. Təpənin üstü hər hansı düşərgənin təhlükəsiz yerləşməsi üçün ideal şəraitə malik olmaqla bərabər, həm də gözəl mənzərəyə açılır: buradan dörd bir tərəf, o cümlədən Araz çayının hər iki sahilində yerləşmiş yaşayış məntəqələri, əkin yerləri ovuc içindəki kimi aydınca görünür. Təpənin üstündə üç qədim məzar, əhatəsində isə şiəlikdə mühüm rəqəm sayılan "12" ədəd kəhrizin yeri qalıb və bir neçəsindən hələ də Araz çayı istiqamətinə su axır.
Qeyd edək ki, kəndin "Şahtaxtı", iydəliyin də pirə çevrilərək "İydəli Pir" adlandırılmasının məhz bu məkanda sufi xanəgahının yerləşməsiylə əlaqəli olduğu haqda N.K.Smirnovun yazdıqlarını sonradan baş verən bir sıra mühüm hadisələr – əraziyə Cənubi Azərbaycanın Hərzən bölgəsindən nəsil şəcərəsi Həzrəti Əlinin nəvəsi İmam Zeynəlabidinə gedib çıxan "Böyük Seyid" ləqəbli Mir Abdulla Ağanın qardaşlarıyla birgə köçərək, buranı özünə yaşayış məskəni seçməsi, böyük bir tayfanın əsasını qoyması və elə burada da dəfn olunmasını vəsiyyət etməsi də təsdiqləyir. Şahtaxtı kəndində indi də dillər əzbəri olan rəvayətə görə, Mir Abdulla Ağa "İydəli Pir"ə ana tərəfdən babası olan Pirqulu xanın qoşununda gəlib məskunlaşsa da, onu Şahtaxtına dəvət edib kəndin daimi sakininə çevirən əsas şəxs o vaxtlar Şahtaxtı kəndinin sahibi sayılan I İsa Sultan olub…
Ümumiyyətlə, tarixi sənədlər də təsdiqləyir ki, Şahtaxtı kəndinin ikinci dövr məskunlaşmasında və kəndə rəhbərliyin həyata keçirilməsində üç şəxsin – həm də üç tayfa başçısının böyük rolu olub: I İsa Sultan, Yüzbaşı Məhəmməd Rza bəy və "Böyük Seyid" ləqəbli Mir Abdulla Ağa.
Rus çarının fərmanına uyğun olaraq, Naxçıvan ərazisində olan bəy, sultan, axund, molla, seyid və keşişlərin 1842-ci ildə ayrıca qeydiyyatının aparıldığı siyahıda da o dövrdə Şahtaxtıda bir nəfər bəyin – Hüseyn bəy Məmməd Rza bəy oğlunun, bir nəfər seyidin – Mir Abdulla Ağa Mir Məhəmməd oğlunun və bir nəfər sultanın – Məşədi Tağı Sultan Hacı İsa Sultan oğlunun adları qeyd olunub.
Yeri gəlmişkən, 1831-ci ilin kameral siyahıyaalınmasında Şahtaxtında olan 43 ailədən 19-nun Yüzbaşı Məmməd Rza bəy İmamqulu bəy oğlu başda olmaqla, Kəngərli tayfasının "Cəmşidli" qoluna aidliyi qeyd edilib.
Mir Abdulla Ağa isə Şahtaxtıdakı ilk seyidlər sülaləsinin əsasını qoymuş şəxsdir (Bu sülalə haqda daha geniş və təfsilatlı araşdırmamız var – E.Ş.).
Siyahıda Məşədi Tağı Sultanın atası kimi adı çəkilən və Mir Abdulla Ağanı Şahtaxtına dəvət edib ona torpaq verdiyi bildirilən Hacı İsa Sultan isə sonradan "Şahtaxtinski" soyadını daşıyan məşhur tayfanın başçısı sayılır.
Qeyd edək ki, 1828-ci ildə imzalanan "Türkmənçay" müqaviləsiylə Rusiyaya birləşdirilən Naxçıvan ərazisində 1831-ci ildən başlayaraq, hər 10 ildən bir keçirilən əhali siyahıyaalınmalarında Şahtaxtı kəndinin də adı və əhalisinin say tərkibi haqda kifayət qədər geniş məlumatlar var. Məsələn, 1831-ci ildə Şahtaxtında 43 evdə 171 nəfərin yaşadığı və onların da 91-nin kişi, 80-nin qadın olduğu göstərilib.
1873-cü il siyahıyaalınmasında isə Şahtaxtıda 83 ailənin (731) yaşadığı, onların 371 nəfərinin kişi, 360 nəfərin qadın olduğu göstərilib. Diqqət yetirsək, görərik ki, 42 ildə fərq 40 ailə və 560 nəfərdir! Deməli, bu rəqəmlər onu təsdiqləyir ki, Şahtaxtında sürətli məskunlaşma XIX əsrin ortalarından sonrakı dövrə təsadüf edir. Belədə isə haqlı olaraq ortaya sual çıxır: görəsən, e.ə. VI–IV minilliklərdən başlayaraq, intensiv istifadə olunan, e.ə. II minillikdə isə ətrafı qala divarlarıyla möhkəmləndirilmiş bu qədim yaşayış məskənində XIX əsrin əvvəllərində nədən bu qədər az adam yaşayıb?
Qeyd edək ki, araşdırmalarımız zamanı biz bu sualın da dəqiq cavabını tapdıq. Məlum oldu ki, Şahtaxtının tarixində əslində iki məskunlaşma dövrü olub. Birinci mərhələ 1605-ci ilə qədərki dövrü, ikinci mərhələ isə XVIII əsrin sonlarından ta XIX əsrin sonlarınadək olan dövrü əhatə edir.
Tarixdən məlumdur ki, 1605-ci ildə Səfəvi şahı Şah Abbas Osmanlı imperatorluğunun hücumundan narahat olaraq, Arazın sol sahilinin tamamilə yandırılması, dağıdılması, ərzağın və əhalinin bölgədən çıxarılması haqda fərman imzalamışdı və bu, Azərbaycan tarixinə "Böyük sürgün" kimi düşüb. Elmi mənbələrdə yer alan məlumatlarda bildirilir ki, həmin vaxt Naxçıvan ərazisindən 70 minə qədər adam İranın cənub və şərq vilayətlərinə köçürülüb. Elə sərhəddə yerləşən Şahtaxtı kəndi də Səfəvi-Osmanlı müharibələrində mühüm rol oynayan məntəqələrdən biri kimi, 1605-ci ilin məşhur "Böyük sürgün"ündən ən çox ziyan çəkən və tamamilə dağıdılan, əhalisi isə bütünlüklə köçürülən yaşayış məskənlərindən olub.
Maraqlıdır ki, Şahtaxtı kəndinin tarixindən bəhs edən rəvayətlərdə də daha çox hansısa "köç hadisəsi"ndən geniş bəhs olunur. Həmin rəvayətdə deyilir ki, bu kəndin sakinləri əsas etibarilə qan düşmənçiliyi əsasında İrandan köçüb gələnlər olub, ancaq onların qan düşmənləri olan "Zavallar" tayfası hücum edərək, kənd əhalisini tamamilə qırıb, sərvətini də talan edərək gediblər. Guya hücum zamanı kənddən yalnız çöldə cüt sürən iki nəfər – ata və oğul sağ qalıblar ki, onlar da qorxularından öküzlərini də götürərək, Məkkəyə qaçıblar.
Həmin rəvayətə görə, Məkkədə məskunlaşan bu ata-oğul bir gün ziyarətə gələnlər arasında həmvətənləri İsa Sultan adlı şəxsi görürlər və hətta ona şahtaxtılıların toplayıb gizlətdikləri qənimətin yerini də deyirlər. Şərtləri də bu olur ki, İsa Sultan həmin qənimətin hesabına sağlamlıq rəmzi sayılan hamamlar tikdirməlidir. İsa Sultan Məkkədən qayıtdıqdan sonra qəniməti tapır və sözünə əməl edərək, təkcə sahibi olduğu Şahtaxtıda yox, hətta Naxçıvanda, Cəhri və Yengicədə də hamam tikdirir.
Qeyd edək ki, bu rəvayətdə kəndin tarixi ilə bağlı müəyyən həqiqətlər olsa da, tam reallığı əks etdirmir və qismən təhrif olunmuş şəkildə çatdırılır.
Əsl həqiqətdə isə rəvayətdə bəhs edilən köç və talançılıq məhz tarixi sənədlərdə yer almış 1605-ci ildəki "Böyük sürgün" hadisəsi – Səfəvilərin Osmanlılara qarşı tez-tez tətbiq etdikləri "yandırılmış torpaq" taktikası olub. Orta əsrlər dövründə rəqib ölkələrin bir-birlərinə qarşı istifadə etdikləri bu taktikanın əsas özəlliyi o idi ki, hücum edən qoşunun ac-susuz qalması, yerli əhalinin onları ərzaqla təmin etməməsi və əsir alınmaması üçün qoşunların keçdiyi marşrut boyu bütün əhali köçürülür, ot-ələf yandırılır, sığınacaqlar, qalalar dağıdılır, hətta quyu suları da zəhərlənirdi. Və tarixi mənbələr göstərir ki, I Şah Abbasın Araz boyu Osmanlılara qarşı tətbiq etdiyi bu taktika özünü doğruldub – Sığaloğlu Sinan paşanın sərkərdəliyi ilə Naxçıvana yürüş edən Osmanlı ordusu xeyli çətinliklərlə üzləşərək, sonda məğlub olub…
Osmanlı-Səfəvi müharibələri zamanı bütün Naxçıvan ərazisində sabitlik yalnız 17 may 1639-cu ildə – "Qəsri-Şirin"də imzalanmış sülh müqaviləsindən sonra mümkün olub. Bu müqaviləyə görə, Naxçıvan Səfəvilərin nəzarətinə keçib, dağıdılmış ərazilərdə, o cümlədən Arazboyu bölgələrdə təkrar məskunlaşma, quruculuq işləri isə müqavilədən sonrakı illərdə başlanıb və bu proses XVIII əsrin ortalarınadək davam edib. Keçid məntəqəsi kimi ən çox dağıntıya məruz qalan Şahtaxtıda da köçənlərin tədricən öz yerlərinə qayıtması, təkrar məskunlaşma və quruculuq işləri məhz bu dövrə təsadüf edib, 1747-ci ildə İran şahı Nadirin ölümündən və Kəngərli tayfasının başçısı Heydərqulu xanın rəhbərliyi ilə Naxçıvan xanlığının yaranmasından sonra proses daha sürətlə aparılıb.
Xatırladaq ki, Şahtaxtı kəndi də Naxçıvanın digər əraziləri kimi, o vaxt bölgənin əsas hakim tayfası olan Kəngərli xanlarına və bəylərinə məxsus idi. Kəngərli xanları isə kəndi və idarəçiliyi bu bölgənin ən məşhur adamı olan, həmçinin Şahtaxtıdakı ən böyük tayfanın başçısı İsa Sultana vermişdi.
Qeyd edək ki, 1603-cü ildən etibarən, istər İran şahlarının, istərsə də Osmanlıların işğalı dövründə Naxçıvan əldən-ələ keçsə də, bölgənin idarəçiliyi həmişə o dövrün ən cəsur və igid tayfası sayılan Kəngərlilərə tapşırılırdı. Ümumiyyətlə, istər Səfəvilərin, istərsə də Əfşarların və Qacarların dövründə Kəngərlilər şah sarayında ən önəmli postları tutublar, sədaqətlərinə və igidliklərinə görə, süvari qoşunun özəyini təşkil ediblər. Bu səbəbdən də, Naxçıvanın idarəçiliyi həmişə Kəngərli tayfasının öhdəsində olub.
Öz növbəsində, Kəngərlilər də bölgənin idarəçiliyini İran şahlarıyla razılaşdırmaqla, onların sədaqətlərinə güvəndikləri nüfuzlu tayfa başçılarının vasitəsi ilə həyata keçirirdilər ki, şahtaxtılı İsa Sultan da belələrindən sayılırdı. Onun özünün və babalarının İran şahının qoşununda xidmət keçdikləri və buna görə şah sarayında yüksək nüfuza malik olduqları, "Sultan" titulunun da onlara məhz şah tərəfindən verildiyi söylənilir.
İsa Sultanın doğum tarixi hələlik bizə bəlli olmasa da, Naxçıvan Dövlət Arxivində saxlanılan sənədlərdə onun ölüm tarixi kimi, 1839-cu il göstərilib. Şahtaxtinskilərin nəsil şəcərəsini hazırlayan Naxçıvan Dövlət Universitetinin rektoru, hörmətli akademik İsa Həbibbəyli və AMEA-nın Naxçıvan Bölməsinin əməkdaşı, yorulmaz tədqiqatçı Musa Quliyev I İsa Sultanın atasının adının Şahsultan olduğunu yazıblar. Ancaq təəssüf ki, Şahsultanın ata-babalarının kimliyi haqda hələlik tədqiqatçılar qəti söz deməyə çətinlik çəkirlər.
Hazırda Naxçıvanda İsa Sultanın tayfasını yerli Kəngərlilərin bir qolunun törəməsi kimi qəbul edənlər də var, əslən Cənubi Azərbaycandan gəldiyini iddia edənlər də…
İsa Sultanın nəslinin davamçıları – övladları və nəvələri Naxçıvanın Rusiyaya ilhaq edilməsindən sonra Çar Rusiyasının "yeni zadəganlıq sinfi yaratmaq" siyasətinə uyğun olaraq, XIX əsrin ortalarında "Şahtaxtinski" soyadını alıblar və elə son 170 ildə də daha çox bu soyadla tanınıblar. Bu tayfa Məmmədağa Şahtaxtinski, Behbudağa Şahtaxtinski, Əbülfət Ağa Şahtaxtinski, II İsa Sultan Şahtaxtinski, Adilə Şahtaxtinskaya, Elmira Şahtaxtinskaya, Leyli Şahtaxtinskaya, Zəhra Şahtaxtinskaya kimi məşhur simaları Azərbaycana bəxş edib və onların barəsində elmi ədəbiyyatda kifayət qədər geniş materiallar var.
"Şahtaxtinski"lərin əcdadının – o vaxt kəndin sahibi olan I İsa Sultanın "İydəli Pir"də məskunlaşan seyidləri – "Böyük Seyid"i və qardaşlarını (1831-ci ilin arxiv sənədlərində "Böyük Seyid"in qardaşları Mir Əsəd və Mir Fətulla olaraq göstərilib-E.Ş.) kəndə dəvət etməsi və yaşayış üçün torpaq sahəsi verməsi daha çox onun Peyğəmbər nəslinə, Həzrəti Əli övladlarına hörməti ilə izah edilsə də, əslində bunun daha dərin – ciddi araşdırmaya ehtiyacı olan kökləri, səbəbləri var. Daha doğrusu, Naxçıvanda orta əsrlər dövründə mövcud olan dini-siyasi cərəyanları araşdıran bəzi tədqiqatçıların fikrincə, İsa Sultanın babalarıyla "Böyük Seyid"in babaları vaxtilə eyni dini təriqətin – "səfəviyyə"nin təmsilçiləri olublar və bu ideoloji yaxınlıq sonradan onların övladlarını da birləşdirib.
Hətta N.K. Smirnova istinad edən bəzi tədqiqatçılar XIX əsrin əvvələrində Naxçıvanda mütərəqqi şiə cərəyanı sayılan "şeyxilik"in geniş yayıldığını və Kəngərli xanlarından Ehsan xanın və onun oğlu İsmayıl xanın, həmçinin əksər Kəngərli bəylərinin bu təriqətin davamçıları olması haqda fikirləri əsas gətirərək, Şahtaxtıdakı iki tayfa başçısını birləşdirən xətt kimi, "şeyxilik"in üzərində dururlar…
İsa Sultanın "Böyük Seyid"ə xüsusi diqqət və qayğı göstərməsinin, sonradan isə möhkəm dostlaşmalarının səbəbləriylə bağlı söylənən daha bir ehtimal isə hər ikisinin əcdadlarının Hərzəndən olması və yaxud aralarında hansısa qohumluq münasibətlərinin mövcudluğu ilə bağlıdır. Belə ki, Cənubi Azərbaycan tarixçiləri Şahtaxtı kəndinin ilk sakinlərinin qan düşmənləri kimi qələmə verilən "zavallar" tayfasının Hərzəndəki "rizallar" tayfası olduğunu bildirirlər. Onlar deyirlər ki, təxminən, 5 əsr əvvəl Hərzəndə 5 qardaş tayfa – "Əhmədli", "Məmmədli", "Xudalu", "Şıxlu" və "Rizallar" arasında qan düşmənçiliyi düşüb və bu münaqişə illərlə sürüb. Tayfa davasının əsas baiskarı kimi isə məhz "rizallar" – zavallar tayfası göstərilir. İranda "zavallar" – "şuluq", "nadinc", "davakar" adamlara deyərlərmiş…
Deyilənə görə, Hərzəndə başlanan qan düşmənçiliyi on illərlə sürüb, son nəticədə bu tayfaların bəzi tanınmış nəsillərinin bütövlükdə kəndi tərk etməsi və başqa yerlərdə yurd salmalarıyla nəticələnib.
O da ola bilsin ki, İsa Sultanın ulu babaları ya hərzənli olublar, ya da 1605-ci ilin "Böyük Sürgün"ü vaxtı Naxçıvandan Hərzənə göçüblər, ikinci məskunlaşma dövrü isə yenidən Naxçıvana – Şahtaxtıya qayıdıblar. Çünki Hərzən tanınmışları kimi, İsa Sultanın da Şahtaxtıda və digər yerlərdə hamam tikdirməsi, Şahtaxtı əhalisinin isə məşğuliyyətində və yaşayış tərzlərində daha çox hərzənlilərsayaq davranmaları və xüsusən də İsa Sultanla hərzənli "Böyük Seyid" Mir Abdulla və eləcə də onların sonrakı nəsilləri – övladları arasında olan olduqca xoş, ilıq münasibətlər az şey demir. Tarixi qaynaqlar şahidlik edir ki, Mir Abdulla Ağanın özü və övladları ilə Hacı İsa Sultanın özü və övladları arasında çox möhkəm dostluq, bağlılıq olub. Bu haqda Naxçıvan Dövlət Arxivində o dövrün əmlak mübahisələri, məhkəmələrlə bağlı saxlanan sənədlərdə kifayət qədər geniş məlumatlar var.
Eyni zamanda, tədqiqatlar göstərir ki, İsa Sultan təkcə "Böyük Seyid"ə ərazi və su verməklə kifayətlənməyib, Şahtaxtının dini işlərinə rəhbərliyi də bütövlükdə ona həvalə edib, üstəlik, 1828-ci il Türkmənçay müqaviləsindən sonra özü Rusiya təbəəliyini qəbul etdikdən sonra, "Böyük Seyid"in də Rusiya himayəsinə keçməsində əsas vasitəçi olub. Məhz Rusiya təbəəliyini qəbul etməsi səbəbindən "Böyük Seyid"in özünün və övladlarının əmlaklarına toxunulmayıb, onların Şahtaxtında qalmalarına və dini işlərə rəhbərlik etmələrinə maneçilik törədilməyib.
Kəngərliləri çıxmaq şərtilə, Şahtaxtı əhalisinin bir hissəsinin Hərzəndən olması ehtimalını gücləndirən daha bir fakt isə 1842 və 1852-ci illərin kameral siyahıyaalınmalarında Şahtaxtıya köçüb gələn sakinlərin bəzilərinin adının qarşısında gəliş yeri kimi "Çay Hərzən", "Daş Hərzən", "Mərənd" və "Persiya" sözlərinin yazılmasıdır. Təəssüf ki, Şahtaxtının tədqiqatçıları indiyədək bu faktları nəzərə almayıb, Hərzəndən bu qədər insanın niyə məhz Şahtaxtıya köçməsinin səbəblərini izah etməyiblər. Bəlkə İsa Sultanın və yaxud Şahtaxtında "hərzənli" kimi qeydə alınan adamların babaları elə 1605-ci ildə Naxçıvandan İranın içlərinə doğru, o cümlədən Hərzənə köçürülən ailələrdən olublar və onlar sonradan – sabitlik yarandıqdan sonra qan yaddaşı ilə təkrarən öz doğma torpaqlarına – Şahtaxtıya qayıtmaq qərarını veriblər?! Bəlkə də…
Xatırladaq ki, həm Daş Hərzən, həm də Çay Hərzən hazırda Cənubi Azərbaycanın Mərənd bölgəsində bir-birinə yaxın ərazidə yerləşən kəndlərdir. Hər iki kəndin əhalisi vaxtilə "Hərzəni-ətiq", yəni "Qədim Hərzən" deyilən yerdən köçüb məskunlaşanlardır. Bəzi mənbələrdə "Qədim Hərzən"in 5, bəzilərində isə 7 min ilə yaxın yaşının olduğu iddia edilir. Hazırda Hərzəndə əhali eynilə Şahtaxtının qədim sakinləri kimi, palçıq evlərdə yaşayır, əsasən heyvandarlıq və əkinçiliklə məşğuldurlar. Adətlərin çoxu isə, demək olar ki, eynidir. Məsələn, orada da, Şahtaxtında olduğu kimi, sürüyə qoçqatma adəti böyük şadyanalıqla qeyd olunur…
Eyni zamanda, Hərzən ətrafındakı bir neçə yerin adına eynilə Şahtaxtında və ona yaxın ərazilərdə rast gəlinir: məsələn, "İydəli Pir" Şahtaxtında da var, Hərzəndə də; hazırda Şahtaxtının üst hissəsində "Gavurqala" deyilən yer olduğu kimi, eynilə Hərzənin də üst hissəsində "Gavurqala" mövcuddur.
Yeri gəlmişkən, uzun müddət mənfur qonşularımız – ermənilər bu qalanın adındakı "Gavur" sözünün onlara xitabən deyildiyini iddia etsələr də, Hərzəndəki araşdırmalarımız zamanı öyrəndik ki, bu söz daha çox ərazinin müsəlmanlaşdırılmasından sonra dağlarda məskunlaşmağa məcbur olmuş "zərdüştilər"lə bağlıdır. Ümumiyyətlə, tarixi sənədlər Şahtaxtının istər birinci, istərsə də ikinci məskunlaşma dövründə bir nəfər də olsun burada erməni millətindən olan şəxsin yaşamadığını sübut edir. Şahtaxtı kənd əhalisinin 1831-ci il siyahısındakı 43 ailədən yalnız ikisi kürdmənşəli olub ki, onların da qarşısında xüsusi qeyd – "ömərilər" yazılıb.
Beləliklə, bizim araşdırmalarımız zamanı üzə çıxan faktlar göstərir ki, ən azı iki məskunlaşma dövrü keçən Şahtaxtı kəndinin əsas tayfaları İsa Sultanın törəmələri "Şahtaxtinskilər", "Böyük Seyid" Mir Abdulla Ağanın törəmələri olan seyidlər və Məhəmməd Rza bəyin başçılıq etdiyi Kəngərlilərin "Cəmşidli" qolu olub. Daha bir maraqlı fakt isə hələ 1831-ci ildə kənddə yaşayan əksər ailə başçılarının və onların atalarının adlarının qarşısında "Məşədi" və "Kərbəlayi" sözlərinin yazılmasıdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 9 fevral 2010-cu il tarixdə imzaladığı "Şahtaxtiniskilər muzeyinin yaradılması haqqında" Sərəncamı ilə rayonun Şahtaxtı kəndində muzey üçün yeni bina tikilib istifadəyə verilib. Hazırda muzeydəki 285-dən çox eksponat buraya gələnlərə dilçi, şərqşünas, əlifba islahatçısı Məhəmməd ağa Şahtaxtinski, Moskva və Qars müqavilələrinin bağlanmasında müstəsna xidmətləri olan, ictimai xadim Behbud ağa Şahtaxtinski, AXC dövlət xadimlərindən Həmid ağa Şahtaxtinski, ziyalı-jurnalist İsasultan Şahtaxtinski və digər Şahtaxtinskilər haqqında kifayət qədər məlumat verir.[13]
Kənd Araz çayı sahilində, Arazboyu düzənlikdə yerləşir.İqlimi sərt kontinentaldır.
Kəndin əhalisi 3693(01.07.2015) nəfərdən ibarətdir.