Hüseyn Məşədi Cəfərqulu oğlu (1868 və ya 1875, Bozalqanlı – 13 noyabr 1941, Bozalqanlı, Tovuz rayonu) — Azərbaycan aşığı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1940).[2]
Aşıq Hüseyn Bozalqanlı | |
---|---|
Hüseyn Məşədi Cəfərqulu oğlu Quliyev[1] | |
Təxəllüsü | Гусейн Бозалганлы |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | 13 noyabr 1941 |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | şair, yazıçı |
Əsərlərinin dili | Azərbaycan dili |
Janr | dastan |
Üzvlüyü | |
Mükafatları | |
Aşıq Hüseyn Bozalqanlı Vikimənbədə |
Aşıq Hüseyn Bozalqanlı 1863-cü ildə Tovuz rayonunda Bozalqanlı kəndində anadan olub. Kənddə yeni açılan dini məktəbdə, molla Səməd Axundun məktəbində üç il təhsil alıb, ərəb və fars dillərini mükəmməl öyrənib. Çox kiçik yaşlarından şerə, sənətə bağlanıb, hələ on iki yaşında ikən şer yazmağa başlayıb. Toylarda, məclislərdə aşıqlara qulaq asıb, aşıq sənətinə də uşaqlıqdan valeh olub. Cəmi üç ay aşıq Məmmədquluya şagird olub. Fitri istedada malik olan Hüseyn toylarda, ziyafətlərdə bacarıqlı aşıq kimi şöhrət qazanıb. Bu, təsadüfi deyildi — Hüseyn haqq aşığı idi, dərsi də ona möcüzələr yaradan Allah vermişdi. Aşıq Hüseyn Bozalqanlı həmişə hazırcavab, özünə inamlı olub. Atası Məşədi Cəfərqulu kimi comərdliyi, qəhrəmanlığı ilə seçilən nadir şəxsiyyətlərdən biri hesab edilib. O, həmişə üstündə sazla yanaşı, mauzer də gəzdirərmiş…
Aşıqlarla deyişmədə heç vaxt sözünü birinci deməzmiş, öz rəqibinə fürsət verər və nəticədə təmkinilə qalib gələrmiş. Görkəmli sənətkar Qurbani, Abbas Tufarqanlı, Vaqif kimi sənətkarların irsilə tərbiyələnən, aşıq poeziyasının bütün formalarında yaratdığı şerlərlə — gözəlləmələr, qoşmalar, təcnislər, dodaqdəyməzlər, divanilər, gəraylılar, dastanları ilə aşıq və şairlər içərisində həmişə seçilərmiş. Azərbaycan xalq yaradıcılığının inkişafında da Aşıq Hüseynin böyük xidməti olub. O, "Qara Tanrıverdi", "Nəriman", "Xanlar", "Hacı Tağı" dastanlarının yaradıcısıdır. "Koroğlu" dastanının ən kamil bilicisi məhz Aşıq Hüseyn hesab edilib. Dastanın bir neçə qolu — "Koroğlunun Toqat səfəri", "Bağdad səfəri", "Həmzənin Qıratı aparması", "Koroğlunun vuruşması" və s. qolları Aşıq Hüseynin dilindən yazılıb. Bu böyük sənətkar dövrünün görkəmli tarixi şəxsiyyətləri ilə qarşılaşıb və həmişə də onların məhəbbətini qazanıb. 1917–1922-ci illərdə Həmid Sultanovun tapşırığı ilə tez-tez Aşıq Hüseyn, Aşıq Mirzə və Xəyyam Mirzədən ibarət aşıq məclisi təşkil olunarmış…
Metex qalasında həbsdə olarkən N. Nərimanovla yaxından tanış olur və sonradan "Qoca Şərqin Nərimanı gəlirmi?" şerini və "Nəriman" dastanını yazır. Bədahətən söz deməkdə də Aşıq Hüseynin əvəzi olmayıb. Buna görə də sevimli xalq şairimiz Səməd Vurğun onu "əli qılınclı şair" adlandırar və həmişə ona dərin məhəbbət bəsləyərdi. "Geri dur" müxəmməsi və digər şerlərindən aydın olur ki, Hüseyn Bozalqanlı Sədi, Firdovsi, Füzuli kimi klassiklərin əsərlərinə dərindən bələd olub. Satira isə onun yaradıcılığında xüsusi yer tutub. Müxəmməslərində satirik poeziyamızın novatoru Sabir duyğuları duyulur. 1940-cı ildə yazdığı "Bilin" müxəmməsi buna gözəl misaldır:
Səhər durur kolxozçular Tarlaya katan aparır, Qəprətivə gələn malı Kölgədə yatan aparır, Növbədəki durub baxır Qarzınka atan aparır, Artıq çıxan qazanc pullar, Özünə cibistandı, bilin.
Ölməz sənətkar yaşadığı mühitdə baş verən hadisələrə çox həssaslıqla yanaşar, ona açıq münasibətini bildirərdi. O, 1906-cı ildə törədilən erməni-müsəlman davasını, millət qırğınını çox uzaqgörənliklə qabaqcadan duyur və öz şerində əks edirdi. "Lənət" şerində bu qırğını, ədavəti törədəni açıq-aşkar lənətləyir:
Kəsib dar bədəni deyirlər: dayan!
Hayes, türkes, ermənisən, müsəlman?
Arifsənsə mənasını anla, qan, Gizlində min əməl tutana lənət!
Aşıq Hüseynin bütün şerləri zəngin xalq təcrübəsinə əsaslanan ibrətamiz nəsihətlərdir, sınaqlardan çıxmış həyat fəlsəfəsidir. Onun fəlsəfi fikirləri, dini baxışları, həyatın yaranması haqqında şerləri aşığın dünyagörüşünün nə qədər kamil olduğunu bir daha sübut edir:
Cəlili-cabbarım, Qadiri-muxtar, Altı gündə bu dünyanı çəkibdi. On səkkiz min aləm küllü hər nə var, Ərşi, kürsü, nöh asmanı çəkibdi.
1937-ci il noyabrın 13-də aşıq Hüseyn Bozalqanlı Azərbaycan Yazıçılar İttifaqının üzvü və ittifaq nəzdində olan aşıqlar bölməsinin rəhbəri seçilib. Ustad sənətkar I və II Aşıqlar qurultaylarının, eləcə də, Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüklərinin iştirakçısı olub. Şairin əməyi dövlət tərəfindən çox yüksək qiymətləndirilib. O, "Şərəf nişanı" ordeni və fəxri fərmanla mükafatlandırılıb, 1941-ci il oktyabrın 16-da isə ən yüksək fəxri ada — Azərbaycanın əməkdar incəsənət xadimi adına layiq görülüb. Ölməz sənətkarin on dörd şagirdi olub. O, müasirləri məşhur Aşıq Ələsgər, Növrəs İman, Aşıq Ağacan, Xəyyam Mirzə, Qazaxlı Mirzə Səməd, şair Vəli, şair Nəcəf və başqaları ilə deyişib. Hüseyn Bozalqanlı 1941-ci il noyabrın 13-də vəfat edib. Qəbri Bozalqanlı kəndinin el qəbiristanlığındadır.
Tovuz rayonunda yerləşən Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyi Hüseyn Bozalqanlının adını daşıyır və muzeydə onun büstü yerləşir.[3]