Aşio mis mədəni çirklənməsi

Aşio mis mədəni 1895-ci ildə.

Aşio mis mədəni çirklənməsi (足尾鉱毒事件, Aşio kodoku ciken?)Yaponiya tarixində baş vermiş ilk ekoloji fəlakət.[1] XIX əsrin ikinci yarısında Toçiqi prefekturasında yerləşən Aşio mis mədənində aparılan intensiv işlər ətraf mühitə və yerli sakinlərin sağlamlığına böyük ziyan vurmuşdur.[1]

Tarixi[redaktə | mənbəni redaktə et]

1877-ci ildə Aşio mis mədəninin yeni sahibi Furukava İçibey yeni mis damarları kəşf etmiş və yeni texnologiyalardan istifadə edərək mədəndə intensiv mis hasilatına start vermişdir.[1] Mədəndə aparılan intensiv əməliyyatlar nəticəsində zəhərli tullantılar yaxınlıqda axan VataraseTone çaylarına atılmağa başlamışdır.[1] Mədənə aid olan tüstü bacalarından ayrılan toksinlər ağacların ölməsinə səbəb olmuş və meşələrin məhvinə səbəb olmuşdur.[2] Mədən odun ehtiyacını qarşılamaq üçün özü də ağacları qırmağa başlamış, meşələrin məhv olması nəticəsində daşqınlar başlamışdır. 1890-cı ildən etibarən daşqınlar Kanto düzənliyinin şimalında yerləşən 50.000 akr ərazini çirkləndirmiş və 500 mindən çox insanın həyatını təhlükə altına salmışdır.[1]

Mədənin səbəb olduğu tullantılar çayların balıqçılıq sənayesinə də ziyan vurmuşdur.[3] Çaylarda yaşayan balıqlar ölməyə, balıqları yeyən şəxslər isə xəstələnməyə başlamışdır. Tezliklə bu çaylarda tutulan balıqların satılmasına qadağa qoyulmuşdur.[3] 1880-ci illərin sonuna qədər bu çayların su canlıları tamamilə məhv olmuşdur.[3] Çirklənmə 3000-dən çox balıqçının həyatına təsir göstərmişdir.[3] Vatarase çayı boyunca yetişən bambuklar ölmüş, qar daha sürətlə əriməyə başlamış, yerli cücü populyasiyası məhv olmuşdur.[3]

Fermerlər bu vəziyyətə qarşı çıxaraq etiraz aksiyaları və petisiyalar başlamışdırlar.[1] Siyasətçilər Tanaka ŞozoŞimada Saburo məsələni Yaponiya parlamentinə daşımışdırlar.[1] Jurnalislər, sosialistlər və xristian humanistlər çirklənmənin qarşısının alınmasını dəstəkləmişdirlər.[1] Çirklənmə Yaponiyada ətraf mühit hərəkatının yaranmasına səbəb olmuşdur.[2] 1900-cü ildə Aşio mis mədəninin fəaəliyyətinə qarşı Kavamata insidenti baş vermişdir.[3]

Hökumət 1897-ci ildə mədənin sahibi olan "Furukawa" şirkətinə tullantılara nəzarət sistemindən istifadə etmək barədə göstəriş vermişdir.[1] Daşqınların baş verdiyi Yanaka kəndi 1907-ci ildə ləğv edilmişdir.[1]

Bərpa işləri[redaktə | mənbəni redaktə et]

1957-ci ildə meşələri bərpa etmək üçün ağac əkmə layihəsi başladılmışdır.[2] Mədəninin səbəb olduğu ekoloji problemlər mədənin bağlandığı 1973-cü ilə kimi davam etmişdir.[1] 1974-cü ildə Vatarase çayı boyunca fermerliklə məşğul olmuş şəxslərə ümumilikdə 7 milyon ABŞ dolları təzminat ödənilmişdir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 Kodansha Encyclopedia of Japan
  2. 1 2 3 "Ashio Copper Mine: Key Player in Japan's Modernization". Nippon.com (ingiliscə). 10 dekabr 2021. 2022-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 noyabr 2022.
  3. 1 2 3 4 5 6 Notehelfer, F. G. "Japan's First Pollution Incident". Journal of Japanese Studies (ingiliscə). 1 (2). 1975: 351–83. doi:10.2307/132131. 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 noyabr 2022.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]