Aşrama (sanskr.आश्रम, āśrama ) - intensiv ruhani səylər, yaxud bu səylərin həyata keçirildiyi məkan; əsasən, hinduizmdə və buddizmdə sərgərdan kahinlərin dayanacaq,
yaxud sığınacaq yeri. Aşrama müxtəlif izahlar verilmişdir:
Hinduizmdə iki dəfə doğulanların, yəni üç ali varna üzvlərinin (brahmanların, kşatrilərin və vayşilərin) həyat mərhələləri. İdeal hal da iki dəfə doğulanın həyat yolu dörd mərhələyə bölünməlidir: brahmaçarin, qrihastha, vanaprastha, sannyasin. Hər mərhələnin öz drahması (diniborc) var idi. Bir mərhələdən digərinə keçid müəyyən mərasimlərlə müşayiət olunur, bəzən mərhələlərin ardıcıllığı pozulurdu: məs., brahmaçarin (yaxud qrihastha) mərhələsindən birbaşa sannya sin vəziyyətinə keçidə icazə verilirdi. Dörd aşrama konsepsiyası, insan həyatının ali kamillik dərəcəsi kimi, asket idealını ortodoksal brahman dünyagörüşü ilə bağlamaq, onu ayin vəzifələrinin sərt iyerarxiyası (varna – aşrama – drahma) ilə barışdırmaq cəhdi idi.
Müəllimin rəhbərliyi ilə mənəvi-ruhani kamilliyə can atanların sığınacağı – məşhur ruhani xadimlərin öz davamçılarına mənəvi-ruhani inkişaf üçün əlverişli şərait yaratmaq məqsədilə qurduqları dini icma. Aşrama açıq olur; arzu edən hər kəs orada yaşaya bilər. Aşramlar Budda zamanından məlum olsa da (qədim mətnlərdə brahman Bavarinin Cənubi Hindistanda yaratdığı aşramanın adı çəkilir), 20 əsrdə daha geniş yayılmışdı. Müasir Hindistanda müxtəlif dini cərəyanlara məxsus minlərlə aşramalar mövcuddur. Onlardan bir çoxu maarifçilik, nəşriyyat və xeyriyyəçilik təşkilatlarına çevrilmişdir.