ABŞ Milli Biblioqrafiyası – XIX əsrin ortalarından başlayaraq yaranıb və indiyədək inkişaf edir.
ABŞ Milli Biblioqrafiyası | |
---|---|
Orijinalın dili | ingilis dili |
Orijinalın nəşr ili | 1999 |
Yaranma tarixi kitab ticarəti firmaları olan Bauker və Vilson firmalarının adı ilə bağlıdır. 1847-ci ildən başlayaraq bir sıra jurnallarda yeni kitablar haqqında məlumat əks etdirən daimi bölmə yaranır. 1872-ci ildən bu günə kimi davamlı işıq üzü görən Fridrik Leypoldtun təsis etdiyi "Nəşriyyat həftəliyi" jurnalı nəşr olunur. F. Leypoldt eyni zamanda 1876-cı ildə Amerika Kitabxanaçılıq Assosiasiyasının və kitabxanaçılığa dair ilk jurnal olan "Kitabxana jurnalı"nın əsasını qoymuşdur. "Nəşriyyat həftəliyi"nin hər buraxılışında yeni kitablar haqqında məlumatlar "Həftəlik məlumatlar" bölməsində təqdim olunurdu. Materiallar aylıq, yarımillik və illik şəkildə təkrarlanırdı.
Vilson firmasını XIX əsrin axırlarında Minneapolis ştatında kiçik kitab dükanının sahibkarı olan Hals Vilson (1868–1954) yaratmışdır. H. Vilson yeni kitablar haqqında məlumat Leypoldt-Bauker firmasının çap etdirdiyi "Nəşriyyat həftəliyi" jurnalından əldə edirdi. 1898-ci ildə Vilson özünün ilk biblioqrafik jurnalı olan "Kitabların kumulyativ göstəricisi"ni çap etdirir. Tezliklə jurnal böyük müvəffəqiyyət qazanır və 1901-ci ildə ikinci, 1905-ci ildə üçüncü və daha çox buraxılışları işıq üzü görür. 1913-cü ildə Vilson firması Nyu-Yorka köçərək öz fəaliyyətini daha da genişləndirir. 1914-cü ildən "Vilsonun kitabxana bülleteni" adlı aylıq jurnal nəşr olunur. 1901-ci ildən firmanın məhsulu olan dövri nəşrlər üzrə "Soraq kitabçası" nəşr edilmişdir. 1913-cü ildən "Soraq kitabçasına əlavələr" nəşr edilir ki, bunlar da 1921-ci ildən "Dövri nəşrlərin beynəlxalq göstəricisi" adı ilə buraxılır. "Soraq kitabçası"nda həm dəqiq, texniki, təbiətşünaslıq elmlərinə, həm də sosial və humanitar elmlərə dair jurnallar haqqında məlumat verilirdi. Lakin 1955-ci ildən o yalnız sosial elmlərə dair jurnalların qeydini aparırdı. 1959-cu ildən aylıq "Rəylər xülasəsi" çap olunmağa başlayır. Burada elmi, ədəbi-bədii jurnallardan götürülmüş rəylər haqqında məlumat verilirdi
1880-ci ildə "Eyer və oğulları" firması "Amerika qəzetləri üzrə illik məlumat kitabçası"nın birinci cildini çap etdirir. Bu məlumat kitabı çap olunan kimi 1869-cu ildən Nyu-Yorkda "Rouel" firması tərəfi ndən hazırlanan oxşar adda digər illik ilə rəqabətə başlayır. 1930-cu ildə Eyer firmasının illiyi "Qəzet və jurnallar üzrə Eyerin məlumat kitabı" adlanır və bu nəşrin adı sonralar bir neçə dəfə də dəyişdirilir.
Hazırda "Dövrü mətbuat üzrə Eyerin məlumat kitabı" adlanan bu nəşrdə təkcə ABŞ deyil, eyni zamanda, bu ölkə ilə bağlı, yaxın olan bəzi ölkə və ərazilərin dövri nəşrləri haqqında da məlumat verilir. Bu səbəbdən burada material ərazi əlaməti üzrə, yəni ölkələr və ərazilər üzrə düzülür. Əvvəlcə Amerika ştatları əlifba üzrə, sonra Kanada əyalətləri və nəhayət, digər ölkələr təqdim olunur. Hər şəhər daxilində jurnal və qəzetlər birlikdə ümumi əlifba üzrə əks olunur. Ayrıca vərəqlərdə ştatların və əyalətlərin əhatəli xəritəsi verilir ki, bu da istisnasız olaraq istənilən bir qəzetin çap olunduğu ərazini müəyyənləşdirməyə imkan verir. Hər bir ştatın dövrü mətbuatının siyahısı, onun iqtisadiyyatı və mədəniyyəti haqqında arayış tipli məlumatla müşayiət olunur. Göstəricinin quruluşu o qədər mürəkkəbdir ki, hər hansı bir dövri nəşri harada və necə axtarmaq üçün yarım rubrikaların ümumi siyahısı tərtib olunmuşdur. "Dövri nəşrlər üzrə standart məlumat kitabı" adlı bu nəşr müntəzəm çap olunmasa da, bütün elm sahələri üzrə ABŞ və Kanadada çap olunan dövri nəşrlər haqqında məlumatı daha tam əks etdirir. Məlumat kitabının əsas hissəsini predmet göstəricisi təşkil edir. Köməkçi aparat kimi dövri nəşrlərin əlifba göstəricisi tətib olunur.