Bu məqalə qaralama halındadır. |
Abşeronneft Neft-Qaz Çıxarma İdarəsi — SOCAR "Azneft" İstehsalat Birliyinin neft və qaz çıxarma idarəsi.
Azərbaycanın neft sənayesi tarixində Pirallahı neftçilərinin, “Abşeronneft” NQÇİ-nin özüllərində yeni paylayıcı qurğular istismara verilməsində özünəməxsus yeri vardır. Pirallahı adasında eyni adlı yatağın əsasında 1936-cı ildə “Abşeronneft” NQÇİ yaradılmışdır. Ancaq burada neft hasilatının tarixi daha qədim dövrdən başlayır.
1861-ci ildə Pirallahı adasında Azərbaycanda ilk dəfə olaraq Almaniyadan gəlmiş əcnəbi əczaçı Vitte tərəfindən kiçik neftayırma-parafin zavodu tikilmiş, orada kerosin və şam istehsal edilməyə başlanmışdır.[1] Qeyd etmək lazımdır ki, bu zavodda xammal kimi adada olan qır və neftdən istifadə edilmişdir. Ümumiyyətlə, Pirallahı adasının yeraltı sərvətləri haqqında ilk geoloji məlumatı 1861-ci ildə akademik Q.Abix vermişdir. O sübut etmişdir ki, adada zəngin neft ehtiyatı vardır. Bundan əlavə, geoloqlar Arxipov, Kraft və Sulukidzenin göstərdiyinə görə Pirallahı adasında hələ 1870-ci ildə neft istismar quyusu olmuşdur. Bu barədə tanınmış geoloq M.V.Abramoviç 1926-cı ildə “Azərbaycan Neft Təsərrüfatı” jurnalında belə yazırdı: “Geoloqlar Sulukidze, Kraft, və Arxipov deyirdilər ki, onlar 1870-ci ildə Pirallahı adasında işləyərkən orada dərinliyi 132 m olan quyudan neft çıxarılırdı.” Təəssüf ki, bu quyunun nə vaxt qazıldığı məlum deyil.[2] 1897-ci ildə Nobel qardaşları eyni vaxtda bir neçə qazma dəzgahı ilə kəşfiyyat quyuları qazmağa başlayırlar. Nəticədə, 1902-ci ilin dekabr ayında 44 saylı quyunun sınağı zamanı neft alınmışr. Pirallahı adasında ilk sənaye əhəmiyyətli neft 1902-ci ilin dekabr ayında 44 saylı quyudan alındığından həmin il "Pirallahı" yatağının işlənməsinin başlanğıcı sayılır. Neft tapılandan sonra Pirallahı adasında əsaslı dəyişikliklər baş verdi. Daşdan yaşayış və sənaye tikililəri, 50000 kubmetr həcmində anbar, 1420 kilovat gücündə istilik elektrik stansiyası, mexaniki emalatxanalar və başqa sənaye obyektləri inşa edildi.[1]
1928-29-cu illərdə müəyyən edildi ki, Pirallahının neft yataqlarının əsas hissəsi adanın şimal sərhədlərində - Xəzər dənizinin suları altında yerləşər. Bu vaxt adada Bibi-heybət mədənlər qrupu sistemindəki 10-cu mədənin bazasında Pirallahı mədəni yaradıldı. 1935-ci ildə adada neft hasilatı dünya təcrübəsində ilk dəfə olaraq dənizə addımladı, o vaxtdan başlayaraq adadan şimala doğru böyük bir sahədə qazma işləri başlandı. Sahildən 520 metr aralı polad dirəklər üzərində 1935-ci ildə qazılmış 157 saylı quyu bu gün də işləyir və bu quyudan ümumilikdə 25 953 ton “qara qızıl” hasil edilmişdir. 1952-ci ildə "Abşeronneft" NQÇİ-nin neft hasilatı rekord səviyyəyə - 1,5 milyon tona çatır. 1952-ci ildən sonra illik neft hasilatı düşməyə başlamış və 1997-ci ildə 138 min tona çatmışdır. Sonrakı illərdə hasilat demək olar ki sabit saxlanmışdır.
2010-cu ildən hasilatın dinamikasında qalxma müşahidə olunmuşdur və son 5 ildə gündəlik neft hasilatı 3 dəfə artırılmışdır. 2013-cü ildən başlayaraq hər il plandan əlavə 40 min ton neft hasil edərək təhvil verməklə illik hasilat 400 min tona çatdırılmışdır. Hazırda "Abşeronneft" NQÇİ tərəfindən "Pirallahı adası", “Darvin bankası”, “Gürgan dəniz”, “Abşeron bankası” və “Qərbi Abşeron” neft və qaz yataqları istismar edilir. “Qərbi Abşeron” yatağından başqa bütün yataqlar işlənmənin sonuncu mərhələsindədir. “Abşeronneft” NQÇİ-nin gələcək üçün böyük perspektiv planları vardır. İstismara yeni daxil olmuş “Qərbi Abşeron”, eləcə də “Darvin bankası”, “Abşeron bankası” yataqlarında təzə özüllərin tikilməsi, 115 il istismar edilən “Pirallahı” yatağının dayaz sulu hissəsində torpaq özüllərin salınmasının davam etdirilməsi əsas prioritet məsələlərdəndir.