Abak

Qədim Roma abakı.

Abak (lat. abacus – hesab taxtası) — b.e.ə. IV əsrdən başlayaraq Qədim Yunanıstanda, Romada və 18 əsrədək Qərbi Avropada hesablama üçün işlədilmiş lövhə.

Lövhə zolaqlara bölünürdü. Bu zolaqlardakı markaları (sümük, daş və s.) hərəkət etdirməklə hesablama aparılırdı. Azərbaycanda abak – hesab taxtası kimi tanınır. Çində abaka suan-pan deyirlər. Bu abak quruluşuna görə rus abakından fərqlənir. Onun hər milində 7 aşıq vardır və bu aşıqlar boyuna sədlə iki hissəyə ayrılır. Hissələrin birində 5, digərində isə 2 aşıq vardır. Yaponlar isə abaka soraban deyirlər. Onlarda hər mil 6 aşıqdan ibarətdir. Mildəki aşıqlar bir-birindən sədlə iki yerə ayrılır. Bu isə onu göstərir ki,Çində və Yaponiyada istifadə olunan abaklar 5-lik say sistemi əsasında yaradılmışdır. Abakdan hesablama aləti kimi hindlilər, ərəblər, romalılar və onlara tabe olan ölkələrdə istifadə olunmuşdur. X əsrdə yaşayan İspaniyada, məşhur Avropa riyaziyyatçısı və fransız rahibi Qerbert (940-1003) abakda hesablama ilə tanış olmuş, bu haqda kitab (980-981) yazmış və onu həm özü, həm də tələbələri vasitəsilə təbliğ etmişdir. Abak Avropaya da Qerbertin və onun tələbələrinin çoxlu əməyi sahəsində yayılmışdır.[1]

  1. Абак // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 10.