Abbas Quliyev (10 fevral 1940) — Aşqarlar Kimyası İnstitutunun "Mövsümi yağlara və hidravlik mayelərə qatılan aşqarların sintezi" laboratoriyasının rəhbəri, “Üzvi kimya” ixtisası üzrə kimya elmləri doktoru, professor, Akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda sabiq elmi işlər üzrə direktor müavini.
Abbas Quliyev | |
---|---|
Abbas Binnət oğlu Quliyev | |
Doğum tarixi | |
Doğum yeri | Tovuz rayonu, Əlibəyli kəndi |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | üzvi kimya |
Elmi dərəcəsi | kimya elmləri doktoru |
Elmi adı | professor |
İş yerləri | akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutu, sabiq elmi işlər üzrə direktor müavini |
Abbas Binnət oğlu Quliyev 1940-cı il fevralın 10-da Tovuz rayonunun Əlibəyli kəndində kəndli ailəsində anadan olmuşdur. 1946-cı ildı Əlibəyli orta məktəbinin birinci sinfinə daxil olmuş və oranı 1956-cı ildə qızıl medalla bitirmişdir. Həmin ildə Bakı Dövlət Universitetinin (BDU) kimya fakultəsinə qəbul olmuş və 1961-cı ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vurmuş və Azərbaycan Elmlər Akademiyası (EA) Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda kiçik elmi işçi vəzifəsində işləmişdir. 1961-64-cü illərdə həmin institutun aspiranturasında oxumuşdur. Aspiranturanı bitirdikdən sonra, orada mühəndis, 1965-ci ildən isə Aşqarlar Kimyası İnstitutunda mühəndis, böyük mühəndis, kiçik və böyük elmi işçi vəzifələrində, 1979-cu ildən laboratoriya müdiri, 1983-cü ildən ömrünün sonunadək elmi işlər üzrə direktor müavini vəzifələrində işləmişdir.1965-ci ildə "Alkilfenollar və onların bəzi törəmələrinin sintezi və onların sürtkü yağlarına aşqar kimi tədqiqi" mövzusunda namizədlik, 1977-ci ildə isə "Bütün fəsillərdə işləyə bilən qatılaşdırılmış yağlar üçün yeyilmə və çoxfunksiyalı aşqarların və onların kompozisiyalarının alınması və tədqiqi" mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir və kimya elmləri doktoru elmi dərəcəsini almışdır. O, 1979-cu ildən “ Universal mövsümlü yağlara və hidravlik mayelərə qatılan aşqarların sintezi” laboratoriyasına rəhbərlik etmişdir. 1983-cü ildə Üzvi kimya ixtisası üzrə professor elmi adını almışdır.
Müxtəlif növ üzvi birləşmələrin sintezi, onların xassələrinin və aşqar qismində yağlara təsir mexanizminin tədqiqi sahəsində A.Quliyev yeni elmi istiqamət- ekstremal şəraitlərdə, xüsusilə Sibir və Uzaq Şimal şəraitində istismar oluna bilən universal mövsümi yağların sintezi istiqamətini yaratdı. Yeni sintez olunmuş aşqarların tətbiqi ilə alınan M-2AKİ və M-3AKİ universal mövsümlü yağlar T-130, T-220, T-330, T-500, K-700 sovet istehsalı traktorlarında və idxal olunan “Katerpiller” traktorlarında istifadə olunmuşdur. Həmçinin QAZ-53A, ZİL-130V, LAZ-695, PAZ -672 avtomobillərində istifadə olunan M-43/8V və M-43/8B2 markalı uzun müddət istismar olunan yüksək keyfiyyətli universal bütün mövsümlər üçün yararlı mühərrik yağları hazırlanmışdır. Təkcə M-43/8V və M-43/8B2 yağlarının tətbiqindən gözlənilən illik iqtisadi mənfəət 10.1 milyon rubl olmuşdur.
O, 163 elmi əsərin, o cümlədən, 39 ixtiranın müəllifidir. A.Quliyev bir çox beynəlxalq, ümumittifaq və respublika konfranslarında və simpoziumlarda məruzələr edərək, Aşqarlar Kimyası İnstitutunu ləyaqətlə təmsil etmişdir.
O, yüksək ixtisaslı kadrların hazırlanması prosesində fəal iştirak etmişdir.Onun rəhbərliyi altında 15 elmi kadr namizədlik dissertasiyası müdafiə etmişdir.
A.Quliyev institutun ictimai həyatında da fəal iştirak etmişdir. Professor A.B.Quliyev uzun müddət Azərbaycan EA AKİ-nin nəzdində İxtisaslaşmış Elmi Şuranın və 1993-1995-ci illərdə Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının Kimya üzrə Ekspert Şurasının üzvü olmuşdur. O, keçmiş SSRİ Dövlət Standartları Komitəsində yanacaqlar, yağlar, aşqarlar və sürtkü materiallarının tətbiqi, texnologiyası və kimyası problemi üzrə SSRİ Nazirlər Söveti yanında Elm və Texnika Dövlət komissiyası, eləcə də SSRİ EA-nın İdarələrarası sovetinin üzvü olmuşdur.