Abdal Qasım — çoxsayda lətifə yaradıcısı, iştirakçısı kimi tanınan real folklor personajı.
Abdal Qasım Qarabağ bölgəsində tanınan şəxslərdən olub. Onun haqqında ən dolğun məlumat Bəylər Məmmədovun "Qarabağın baməzə adamları" kitabında verilmişdir. Həmin məlumatlara əsasən Abdal Qasım (1873-1921) Ağdamın Abdal-Gülablı kəndində anadan olmuşdur. Əvvəl əkinçiliklə, sonra xırda alış-verişlə məşğul olmuş, gülməli səhnəciklər, əyləncəli sirk oyunları ilə xalqın qarşısında çıxışlar etmişdir. O, hər yerdə zəhmətkeşləri müdafiə etmiş, haqsızlığa, ədalətsizliyə qarşı çıxmışdır. Çox güclü olan Abdal Qasım məqsədinə çatmaq üçün təkcə iti təfəkkürünə arxalanmamış, yeri gələndə fiziki gücündən də istifadə etmişdir. Onun məzəli sözləri, lətifələri xalqın söz yaddaşında qalmış, dildən-dilə keçərək müasir dövrə qədər gəlib çıxmışdır.
Abdal Qasım haqqında lətifə və rəvayətləri ən çox nəşr etdirən folklorşünas Təhmasib Fərzəliyev olmuşdur. Abdal Qasımın altı lətifəsi isə B.Məmmədovun kitabında özünə yer almışdır. Gülüş ustasının başına gələn əhvalatların nağıllaşmış variantı isə Ağcabədi rayonundan toplanmışdır. Nağıl başlığı altında yazıya alınan, quruluş etibarilə isə lətifəli rəvayət mahiyyəti daşıyan "Atın oğurlanması" örnəyində Abdal Qasımın şəxsiyyəti belə səciyyələndirilir. "Ağdamın Abdal kəndindən olan Abdal Qasım qonaqpərvər, səxavətli, hazırcavab, hiyləgər və qoçaq bir adam idi". Daha sonra mətndə xatırladılır ki, Abdal kəndi Miri kənd, Təkir-Mirik, Tac-Tuğ, Dağdağan kəndləri ilə qonşuluqda yerləşir. Deyilənə görə, Qasım kişi uşaqlıqdan ermənilərlə yaxınlıq etdiyinə görə erməni dilini mükəmməl bilir. Bu dildə danışanda ermənilərin özləri belə onun nə milləti olduğunu seçə bilmirdilər. Rəvayətdə daha sonra deyilir: "Abdal Qasım həmişə erməniləri ələ salar, onlara kələk gələrmiş. Ermənilər onun əlindən dad-aman çəkirmişlər". [1]
Məsələn, lətifələrdən birində qeyd edilir ki, Miri kəndində Girikor (əslində Qrikor olmalıdır) adlı erməninin atına gözü düşən Abdal Qasım atı ondan almaq istəsə də, erməni buna razılıq vermir. Axırda meşədən odun qırıb ata yükləyib onu yedəyinə alan Girikoru Abdal Qasım hiylə işlədib aldadır və atı ondan alıb apara bilir.
"Toyuq əhvalatı", "Naxırın aparılması", "Mərci uduzduq" lətifələrində də Abdal Qasımın vəziyyətdən çıxmaq bacarığı, üstün qabiliyyətlərə malik olması nümayiş etdirilir. "Mərci uduzduq" lətifəsində Abdal Qasımın fərasətinə, kələyinə hamının bələd olduğu, heç kimin onunla bacarmadığı, bütün işləri o necə istəsə elə də etdiyi qeyd olunur.
Abdal Qasım haqqında lətifələri mövzu və məzmuna görə təsnif etdikrə onları aşağıdakı kateqoriyalara aid etmək mümkündür:
Abdal Qasımın adı ilə bağlı olan "Mat qalmışam", "Bir də eləmərəm", "Ayı və qorodovoy", "İki adam", "Cahangir xan", "Kasıb oğlu" adlı lətifələr də xalq gülüşünün təzahür etdiyi örnəklərdir.