Ablaut (alm. Ablaut) (apofoniya da adlanır) — Müxtəlifsistemli dillərdə morfoloji üsulun növləri arasında apofonasiya hadisəsinin özünəməxsus yeri və mövqeyi vardır. Bu hadisə fonetik dəyişikliyə əsaslanaraq daha çox german dillərində müşahidə edilir. Apofonasiyanın digər bir adı ablautdur.
A b l a u t (alman dilində ablaut)— səsləri morfoloji cəhətdən (kökdə sait foneminin dəyişməsi) eyni köklü sözlərdə və ya bir sözün müxtəlif formalarında səs dəyişməsi ilə şərtlənir. Məsələn, alman dilində binden — band — gebunden buna misal ola bilər.
"Söz tərkibində hər hansı bir fonetik dəyişkənlik düzxətli aktdır. Fonem sisteminin yenidən qurulması, fonetik təkamül və s. mürəkkəb xarakterli amillər, bütöv reduksiyalar buna misal ola bilər. Bu zaman müxtəlif xarakterli dil əvəzlənmələri, yəni qovuşma, hissələrə ayrılma və s. kimi növlər üzə çıxır. Beləliklə, dinamik keçid prosesi intralinqvistik və ekstarlinqvistik səbəblərdən meydana gəlir və dildə tarixi reallıqları, gerçək prosesləri əks etdirir"[1] "Ablaut" termini ilk dəfə alman filoloqu Yakob Qrimm tərəfindən Hind-Avropa dillərinin, əsasən də, german dilləri ailəsinin qrammatik quruluşunu təsvir edərkən işlədilib. Belə ki, bu hadisə german dillərində olduğu kimi, Hind-Avropa dillərində də mövcuddur. Lakin german dillərindən fərqli olaraq, Hind-Avropa dillərində apofoniya sözün bütün hissələrinə toxunur. German dillərində isə bu əsasən vurğulu hecaya aid olur. Qədim və müasir german dillərində bu hadisə özünü daha çox qaydasız fellərdə büruzə verir. Məsələn: ingilis dilində: write — wrote — written; alman dilində: nehmen — nahm — genonmen və s. Bu kimi əvəzlənmələr ümumhind-Avropa əvəzlənməsi olan [ě] — [ē]— [ǒ]— [ō] səslərinin əvəzlənməsi ilə izah olunur.
Apofoniya və ya ablaut bir morfemin tərkibində saitlərin yerdəyişməsi və ya əvəzlənməsi, bir sözlə, əksər hallarda daxili fleksiya kimi çıxış edir: sing — sang — sung (ingiliscə mahnı oxumaq).
Alman və ingilis dilində olduğu kimi, rus dilində də eyni ilə bu hadisəyə təsadüf olunur. Söz yaradıcılığında apofoniya hadisəsi Azərbaycan dili üçün o qədər də aktual deyil. Amma bəzi türk dillərində səs əvəzlənməsi hadisəsi söz yaradıcılığının bir növü kimi də təhlil olunur. Bu hadisəni fonetik söz yaradıcılığı kimi də təhlil edənlər var. "Türkmən və özbək dilləri üzrə söz yaradıcılığının bu yolu, hətta xüsusi bir tədqiqat obyekti olmuşdur .