Abolla (yunan dilində:ἀμβόλλα, latın dilində: abolla) - Qədim yunanlar və romalılar arasında geniş yayılan, mantiya tipli olub, çiyinə bərkidilən, rəngli yun parçadan hazırlanan qolsuz geyim. Sarı və ya qəhvəyi rəngdə olan abolladan daha çox istifadə olunurdu.[1]. Sonralar abollanı "filosofların plaşı" adlandırmışlar.[2].
Abolla qədim romalıların istifadə etdikləri, dizlərə qədər uzanan ikiqatlı plaşdir. O, fibula adlandırılan metal sancağın köməyilə çiyinə bərkidilən, düzgün olmayan dördbucaqlı formasına malik geyim növüdür.
Əvvəllər bu plaşdan yüksək vəzifəli hərbçilər, sonralar mülki əhali toqanın əvəzinə istifadə edirdilər.[3] Saqum adlanan hərbi plaşdan fərqli olaraq abolla çox zərif parçadan hazırlanırdı. Paltarın nazikliyinə görə qədim Roma şairi Mark Valeri Marsial zarafatla oğrulara məsləhət görürdü ki, oöurluğa gedərkən abolla geyinməsinlər, çünki paltarın altından oğurladıqları əşyalar görünür.[2] Qədim Roma şair və yazıçılarının faciə janrında yazdıqları əsərlərdə abollanı həm də "filosofların günahları" adlandırmışlar.[4] .[5][6][7]
Qədim Yunanıstanda abollanın yunan filosoflarının geyindikləri xüsusi növü mövcud olmuşdur. Bu paltara Kinik məktəbinə mənsub olan filosoflar daha çox üstünlük verirdilər, digərlərindən fərqli olaraq onlar daha uzun abolladan istifadə edirdilər.[2]. Bu geyim Yunanıstanda e.ə.III əsrdə yayılmağa başlamış və eramızdan əvvəl II əsrdə daha məşhur olmuşdu.