Acoy Kumar Qhoş

Acoy Kumar Qhoş(benq. অজয়কুমার ঘোষ; 20 fevral 1909[1][2][…], Bərdəman rayonu[d], Britaniya Hindistanı13 yanvar 1962[1][2][…], Dehli) — Hindistan kommunisti, HKP-nın baş katibi.

Acoy Kumar Qhoş
benq. অজয়কুমার ঘোষ
Şəxsi məlumatlar
Doğum tarixi 20 fevral 1909(1909-02-20)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 13 yanvar 1962(1962-01-13)[1][2][…] (53 yaşında)
Vəfat yeri
Təhsili
Fəaliyyəti siyasətçi

Qhoş 1909-cu il fevralın 20-də Mihidcam qəsəbəsində həkim Saçindranat Qhoşun ailəsində anadan olmuşdur. Oğlana verilən Açoy adı–sahilində Mihidcam qəsəbəsi yerləşən Acoy ("məğlubedilməz") çayının adından götürülmüşdür.

Qhoşun uşaqlığı və gəncliyi Kanpurda keçmişdir. Onun həyatının bu dövrü haqqında məlumat azdır. Acoy on beş yaşında ikən inqilab haqqında düşünmüş, Britaniya hökmranlığına qarşı silahlı çıxış təşkil etməyə cəhd göstərən 1915–1916-cı illərin qəhrəmanlarına valeh qalmışdı. 1923-cü ildə Qhoş Bhaqat Sinqhlə tanış oldu. Müstəmləkəçilərə bəslədikləri nifrət onları bir-birinə yaxınlaşdırdı. Onların hər ikisi başa düşürdü ki, vətəni azad etmək üçün xalqı oyatmaq lazımdır.

Qhoş və onun yoldaşları idman salonu açdılar. Burada əsasən həmfikirlər görüşürdülər. 1926-cı ilin yanvarında Qhoş Allahabad Universitetinin kimya fakültəsinə daxil oldu və bir neçə ildən sonra bakalavr dərəcəsi aldı.[3]

Yeni görüşlər

[redaktə | mənbəni redaktə et]

1928-ci ildə Bhatat Sinqhlə yeni görüş Qhoşun həyatında həlledici əhəmiyyət kəsb etdi. O, Sinqhin başçılıq etdiyi gizli təşkilatın üzvü oldu. Hindistanın Sosialist respublika cəmiyyəti adlanan bu təşkilat sosialist Hindistanı yaratmaq məqsədini qarşısına qoymuşdu. Məqsədə çatmaq üçün bir vasitə kimi fərdi və qrupla terror metodu seçilmişdi. Qhoş xatırladır: "O zaman biz belə əqidəyə gəlmişdik ki, terror–xalq düşmənlərinə qarşı silahlı əməliyyat–ölkəni oyatmaq üçün zəruri bir şərtdir".

O zaman siyasi cəhətdən nisbətən yetkin sinif olan milli burjuaziya svarac (özünüidarə) uğrunda mübarizədə ardıcıl və cəsarətli deyildi, mülayim müqavimət taktikasını müdafiə edirdi. Radikal əhvali-ruhiyyəli gənclər qəti mübarizəyə can atırdılar.

Qhoş yazmışdı: "Biz ölkədə milli-azadlıq hərəkatının tanınmış rəhbərlərinə, onların konstitusiyaçılığına inamı itirdik, svaracı daxildən ələ keçirmək barəsində onların irəli sürdüyü şüar isə, bizdə nifrət əmələ gətirdi. Xalqı "qorxunun cəngindən" dartıb çıxarmaq lazım idi… Ən mənfur dövlət qulluqçularına lazımi yerində və lazım olan vaxt bir sıra zərbələr vurulması ilə, kütləvi hərəkat başlanması ilə məzar sükutu pozulan zaman biz bu hərəkatla əlaqə saxdayacaq, onun silahlı dəstəsinə çevriləcək və bu hərəkatı sosializm yoluna yönəldəcəyik". Cəmiyyətin fəaliyyət proqramı belə idi.

Aparılan həbslər Cəmiyyət rəhbərlərini sındırmadı. Onlar mühakimə zamanı özlərini bir igid kimi apararaq, çıxışlarında müstəmləkə hökumətinə, onun məhkəməsinə və polisinə nifrətlərini ifadə etdilər. Onlar mühakimədən bir siyasi məqsəd kimi istifadə etməyə çalışdılar və aclıq e'lan edərək, siyasi məhbusları əlahiddələşdirməyi və onlar üçün yaxşı şərait yaratmağı tələb etdilər. Aclıq ölkədə böyük tə'sir buraxdı. Qhoş belə nağıl edirdi: "On gün ərzində heç bir hadisə baş vermədi. Aclıq gücləndi, onun dalınca zəiflik başladı. Bəziləri bir həftədən sonra yorğan-döşəyə düşdü, məhkəmə iclası davam etdiyi üçün mühakimə salonunda onların oturması çox çətin oldu… On gündən sonra bizi zorla yedirməyə başladılar. O zaman bizim hamımız tək-tək kameralarda qalırdıq…".[4]

Zindanla tanışlıq

[redaktə | mənbəni redaktə et]

Mühakimə davam edən müddətdə müqəssirlər iki dəfə aclıq e'lan etdilər. Alçaldıcı əmrə tabe olmamaq polis ilə toqquşmağa səbəb oldu. Hindistanın kral müavini işlərə vəkilsiz, müdafiə şahidləri olmadan, hətta mühakimə olunanların özləri iştirak etmədən baxılması barəsində xüsusi dekret verdi.

1930-cu ilin oktyabrında hökm çıxarıldı. Bhaqat Sinqhi və onun iki yoldaşını ölüm cəzasına, qalanlarını isə ömürlük katorqa və uzunmüddətli həbs cəzasına məhkum etdilər. İttiham sübuta yetmədiyinə görə Acoy Qhoş azad olundu. Qhoş öz dostlarının dərdinə qalır, Bhaqat Sinqhi və Lahor mühakiməsinin digər iştirakçılarını həmişə səmimi qəlbdən xatırlayırdı.

Qhoş həbsxanadan çıxaraq, Kanpura qayıtdı. O, həmkarlar ittifaqlarında çox işlədi, bu barədə çox şey oxudu. Əsil kommunist Sardesai ilə şəxsən tanış olması da bu dövrə aiddir. Seçilən mübarizə metodlarının doğru olması barəsində əvvəllər Qhoşda əmələ gələn şübhələr tədriclə belə bir inamla əvəz olunurdu ki, yalnız kütləvi hərəkat inqilabi üsyana gətirib çıxara bilər. Qhoşun bu fikirləri, o, 1931-ci ildə yenidən həbsxanaya düşərək, bir neçə həftə Sardesai ilə birlikdə bir kamerada qalan zaman qəti şəkildə formalaşdı. Sardesai ilə söhbətləri, marksist ədəbiyyatını öyrənməsi Qhoşu əqidəli kommunist etdi. İnqilabçı-terrorçu öz həyatını həmişə Marksın–Leninin ideyaları ilə bağlayan inqilabçı marksistə çevrildi.[5]

Hindistan Kommunist Partiyası

[redaktə | mənbəni redaktə et]

1933-cü ildə, Qhoşun həbsxanadan azad olunması ilində onu Hindistan Kommunist Partiyası Mərkəzi Komitəsinin tərkibinə, 1936-cı ildə isə Siyasi Büroya üzv seçdilər. 1934-cü ilin iyulunda kommunist partiyası qanundan kənar e'lan edilən zaman partiyanın mübarizə qabiliyyətini saxlamaq üçün onun rəhbərləri çox qüvvə sərf etməli oldular. İş aparmaq üçün şərait çox mürəkkəb və həyəcanlı idi. Bir dəfə Qhoş az qala polisin əlinə keçmişdi. Partiya Mərkəzi Bicapur şəhərində həbsdə olan bir kommunistin qaçmasını təşkil etməyi ona tapşırmışdı. Tapşırıq müvəffəqiyyətlə yerinə yetirildi, onların hər ikisi nəzərə çarpmadan qatara oturmağa nail oldu. Acoy hökumət qulluqçusu rolu oynayır, azad olmuş isə ona xidmət edirdi. Heydərabadın yaxınlığında bir polis nəfəri onlarla çox maraqlanmağa başladı. Lakin Qhoş özünü itirmədi. Qhoş özünü səhmdar idarəsinin tə'limatçısı kimi təqdim etdi, elə müstəqil və inamlı apardı ki, polis nəfərindəki şübhə itib getdi.

30-cu illərin ortalarında kommunist partiyası zəhmətkeşlərin kütləvi təşkilatlarında aparılan işi gücləndirdi; Hindistan proletarları öz hüquqları uğrunda mübarizəyə getdikcə daha fəal qoşulurdular. 1937-ci ildə baş verən tə'tillərdə artıq 650 min nəfər iştirak etdi. Kanpurun 40 minlik toxucusunun tə'tilinə kommunistlər başçılıq etdilər.

1938-ci ildə çıxmağa başlayan həftəlik "Neşnl front" Hindistan cəmiyyətinin qabaqcıl hissəsi arasında sosializm ideyalarını təbliğ etməli idi. Həftəlik nəşrin redaksiya hey'əti üzvü olan Acoy Qhoş bir sıra məqalələrlə çıxış etdi. Bu məqalələr göstərdi ki, partiyada iste'dadlı publisist və marksizm-leninizmin görkəmli təbliğatçısı meydana gəlmişdir. İkinci dünya müharibəsi illərində partiya yenidən gizli işə keçməyə məcbur edildi. Yenə də qeyri-leqal şəraitdə yaşamaq ayları bir-birinin dalına düzüldü.

Lakin Qhoş həmişəki kimi yenə də yorulmaq bilmir: "Kommunist" qəzeti və digər partiya nəşrləri üçün məqalələr yazır, partiya təşkilatlarının fəaliyyətinə rəhbərlik edir və çox-çox mütaliə edirdi. Onun iş qabiliyyəti və məqsəd aydınlığı yoldaşlarını valeh edirdi. Məişətdə son dərəcə tələbkar olmayan və rahatlığa e'tinasızlıq göstərən Qhoş öz mülahizəsinə görə ikinci dərəcəli saydığı şeylərə əhəmiyyət vermirdi.

Məcburiyyət üzündən gizlində olmaq Qhoşu çox narahat edirdi, odur ki, bir aydan sonra partiya tapşırığını yerinə yetirmək üçün Uttar Pradeş əyalətinə getdi. 1940-cı ildə ingilis müstəmləkə hakimiyyət orqanları Qhoşun izinə düşərək onu həbsə aldılar, Deoli həbs düşərgəsinə saldılar. Siyasi məhbusların hüquqlarının tapdalanmasına qarşı e'tiraz əlaməti olaraq o, burada uzunmüddətli aclıq təşkil etdi.

1942-ci ildə ictimai fikrin təzyiqi altında ingilislər Qhoşu azad etməyə məcbur oldular. Uzunmüddətli məhbusluq onun sağlamlığını pozdu: o, vərəm xəstəliyinə tutuldu. Dostları klinikada yatmağa onu məcbur etdilər, lakin həkimlərin qəti e'tirazlarına baxmayaraq, bir neçə aydan sonra oradan çıxıb işə qayıtdı. Müstəmləkəçilər 1946-cı ildə ölkəni parçalamaq məqsədilə hind-müsəlman toqquşması törətdilər, Pəncabda qanlı qırğın başlandı. Partiya Acoy Qhoşu Pəncaba göndərdi. O, şəhərləri və kəndləri gəzərək, izah edirdi ki, bu qırğın müstəmləkəçilərin işidir, hindularla müsəlmanlar qardaşdırlar, bir-birlərinə nifrət bəsləməyə onlarda heç bir əsas və səbəb yoxdur. Eyni zamanda Qhoş ayrı-ayrı partiya qruplarını Pəncab Kommunist Partiyasının vahid bir təşkilatında birləşdirmək sahəsində iş aparırdı. Pəncabda Qhoşun şəxsi həyatında mühüm bir hadisə baş verdi. O, oradakı Lahor şəhərində evləndi. Onun arvadı Litto Rai kommunist, həm də qadın hərəkatının fəal iştirakçısı olduğundan bilirdi ki, o, sakit, rahat ailə həyatı keçirməyi nəzərdə tuta bilməz. Doğrudan da belə idi, evləndikdən bir neçə ay sonra Qhoş Vervad həbsxanasına salındı. Həbsxana həkimi gördü ki, hündür boylu, arıq, alnı Sokratın alnına bənzəyən məhbus təhlükəli xəstədir. Lakin o, ağır vəziyyətini nəzərə almayaraq hər səhər çarpayıdan durub bütün gün işləyirdi. Kənardan gələn cüzi məlumatdan həbsxanadakı kommunistlər bilirdilər ki, ölkədə gərgin vəziyyət əmələ gəlib, Hindistan siyasi müstəqillik aldıqdan sonra partiyanın qarşısında duran yeni taktiki vəzifələri kommunistlərin heç də hamısı lazımınca başa düşməyib. Şərait doğrudan da mürəkkəb idi. İstiqlaliyyət qazanmaq uğrunda hərəkata Hindistan milli burjuaziyası başçılıq edirdi. Kommunist partiyasıbu mübarizədə xalqın mənafeyinin sadiq müdafiəçisi kimi hərəkət edir, onun üzvləri azadlıq uğrunda özlərini cəsur və fədakar mübariz kimi göstərirdilər, lakin partiyanın rəhbərlik etdiyi fəhlə sinfi, Qhoşun yazdığı kimi, "hərəkatın rəhbəri deyil, bu hərəkatın yalnız iştirakçısı, ən qəhrəman iştirakçısı idi". Xarakterinə görə Hindistanda antiimperialist və antifeodal inqilabın həmin mərhələsində milli intibahın mürəkkəb vəzifələrini yerinə yetirmək üçün bütün milli-vətənpərvər qüvvələrin birliyinə nail olmaq kommunistlərin başlıca vəzifəsi idi. Lakin kommunist partiyasının bəzi rəhbər xadimləri bu doğru taktika xəttindən kənara çəkilirdilər. Onlar bunu əsas götürürdülər ki, müstəqil Hindistanda milli burjuaziya və onun partiyası olan Hindistan Milli konqresi bütünlüklə imperializm tərəfinə keçərək, ona münasibətdə daha öz müxalifətçilik rolunu oynamaqdan qalmışdır. 1947-ci ildə əldə edilmiş istiqlaliyyət "saxta" e'lan olunmuşdu, inqilabın həmin mərhələsi xalq demokratik inqilabı kimi xarakterizə edilir və bunlarla əlaqədar olaraq milli burjuaziya hökumətini devirmək vəzifəsi başlıca məqsəd kimi irəli sürülürdü.

Qhoş o zaman yazırdı ki: "Əgər partiya irəli getmək istəyirsə, onda təriqətçiliyin və avantürizmin kökünü kəsməlidir. Buna isə, o vaxt nail olmaq mümkündür ki, onun tə'sirinin şişirdilməsi meyli bir kənara tullansın, real faktların uydurulmuş arzularla, antimarksistcəsinə və antilenincəsinə əvəz edilməsinə həmişəlik son qoyulmuş olsun". Qhoş 1950-ci ilin iyulunda taqətdən düşmüş halda həbsxanadan çıxdı. O, məktublarının birində bildirirdi: "Mən özümü çox pis hiss edirəm, hər gün isitmə-qızdırma gəlir, həmişə başım ağrıyır. Nə otura, nə yaza, nə də ki, oxuya bilirəm… Həkimlərin yanına getdim, müalicə olunmağı və daha çox istirahət etməyi mənə məsləhət gördülər…" Lakin Qhoşun istirahəti uzun çəkmədi. O, partiyanın taktikasındakı səhvləri düzəltmək uğrunda, onun sıralarının möhkəmləndirilməsi və birləşdirilməsi uğrunda mübarizəyə yenidən qoşuldu. M. V. Qhat və Ş. A. Danqe ilə birlikdə Qhoş siyasi tezisləri işləyib hazırladı; bu tezislərdə Hindistanda sinfi qüvvələrin yerləşməsinin marksist təhlilini verdi. Qhoş əsla səhhətinin qayğısına qalmayaraq, ölkəni gəzir, mitinq və yığıncaqlarda çıxış edir, fəhlələr, kəndlilər və tələbələrlə görüşürdü. Siyasi həssaslığa malik olan Qhoş Hindistan Kommunist Partiyasının təşkilatca möhkəmlənməsində və onun üçün düzgün siyasi xəttin işlənib hazırlanmasında görkəmli rol oynamışdır. O zaman fəhlə hərəkatında başlıca təhlükə olan sol təriqətçilik təmayülünə qarşı mübarizədə Qhoş özünü marksizm tə'limini Hindistan gerçəkliyinə yaradıcılıqla tətbiq etməyi bacaran böyük bir nəzəriyyəçi kimi göstərdi.[6]

Baş katib kimi

[redaktə | mənbəni redaktə et]

1951-ci ilin oktyabrında Acoy Qhoş Hindistan Kommunist Partiyası Milli şurasının baş katibi seçildi və ömrünün axırına kimi bu vəzifədə qaldı. 50-ci illərin birinci yarısında Qhoş bir sıra məqalələr: "Hindistan Kommunist Partiyası vahid demokratik cəbhə uğrunda, Xalq-demokratik hökuməti uğrunda mübarizədə" (1951), "Bizim bəzi əsas nöqsanlarımız" (1952), "Hindistan Kommunist Partiyasının növbəti vəzifələri" (1954), "Hindistan Kommunist Partiyası Mərkəzi Komitəsinin iyun plenumunda qəbul edilən qətnamə haqqında" (1955) məqalələrini çap etdirmişdi. Bu məqalələrin əsas fikri–ölkənin vətənpərvər qüvvələrinin birləşdirilməsi lüzumundan ibarət idi.

Qhoş bütün xalqı–fəhlələri, kəndliləri, ziyalıları və vətənpərvər əhvali-ruhiyyəli burjuaziyanı, bütün millətləri–hindliləri və benqalları, hücaratları və marathları, tamilləri və pəncabları, bütün dinlərdən olan adamları–hinduları, müsəlmanları və sinkləri, Himalaydan tutmuş Koçinədək bütün əhalini birliyə çağırırdı.

Bu birliyin əsası–geniş xalq kütlələrinin arzusundan: müstəmləkəçiliyə və yeni müharibə təhlükəsinə son qoymaqdan, daxili irticaya qarşı möhkəm durmaqdan, mütərəqqi ictimai islahatlar keçirilməsinə nail olmaqdan, həyatın hər hansı bir sahəsinə amerikan təsirinin nüfuz etməsini məhdudlaşdırmaqdan və Sovet İttifaqı ilə, habelə sosializm cəbhəsinin digər ölkələri ilə dostluq əlaqələrini möhkəmləndirməkdən ibarət idi. Demokratik hərəkatın miqyası, vüs'əti və son nəticədə onun müvəffəqiyyətləri bu hərəkatda geniş xalq kütlələrinin, tərəqqi uğrunda mübarizə aparmağa qadir olan bütün siniflərin iştirak dərəcəsi ilə müəyyən ediləcəkdir. Müasir Hindistanda vahid cəbhənin mübarizə qabiliyyətinin vacib və başlıca şərti–proletariatın, ən inqilabçı və mütəşəkkil sinfin rəhbərliyidir. Acoy Qhoş fəhlə sinfinin ən ardıcıl və mübariz müttəfiqi olan kəndlilər arasında işin gücləndirilməsinə xüsusi diqqət verirdi. O belə bir şüar: "Kəndlilərə sarı üz çevirməli!" şüarını irəli sürdü. Qhoş başa düşürdü ki, kəndli hərəkatının xarakteri və mütəşəkkillik dərəcəsi həyatın tələbinə uyğun gəlmir. O, HKP-nin VI qurultayındakı nitqində qeyd etmişdi: "Kəndli mübarizəsi işindəki belə bir vəziyyət düzəldilməyincə kommunist partiyası demokratik hərəkatda hər hansı bir ciddi möhkəmlənməyə ümid bəsləyə bilməz". Qhoşun "Hindistan burjuaziyası haqqında" məqaləsi (1955) çox maraqlıdır. O yazmışdır: "Hindistan milli-azadlıq hərəkatının bütün tarixi… göstərdi ki, burjuaziya imperializm ilə inqilab arasında ortancıl vəziyyətində qalıb… Bütövlükdə götürülsə, bu sinif müstəqil kapitalist inkişafına tərəfdir. Bununla belə bu sinif umumiyyətlə kapitalist inkişafını–a) imperializmə münasibətdə öz mövqelərini möhkəmləndirmək; b) feodalizmi məhdudlaşdırmaq; v) ingilis kapitalı ilə özünün əlaqələrini və kompromisini, habelə mülkədarlar ilə ittifaqı saxlamaq; q) bu inkişafdan irəli gələn ağırlığı xalq kütlələrinin üzərinə yıxmaq yolu ilə aparmağa can atır. Burjuaziyanın ümumi siyasəti belədir". Qhoş yazmışdır: "İndi, Hindistan burjuaziyası hakimiyyət başında olan zaman zəhmətkeşlər öz mənafeləri uğrunda məhz onunla mübarizəyə girişirlər, lakin sülhün qorunması məsələsində mütərəqqi qüvvələr burjuaziya ilə vahid cəbhə yaratmağa gedirlər". Birgə hərəkətə hazır olmaq–Qhoş üçün heç də marksizm-leninizmdən, proletariatın avanqard rolu uğrunda mübarizə etmək lüzumundan geri çəkilmək demək deyildi. O, sazişçiliyin qəti əleyhinə çıxmış və yalnız partiya prinsipiallığı əsasında ittifaqlara qoşulmaq imkanını müdafiə etmişdir. Qhoş bir sıra əsərlərini–"Hindistan Sosialist partiyasının nəzəriyyə və təcrübəsi", "Demokratik sosializmin yeni ideologiyası" və "Sosialist partiyası ilə "Krişak mazdur praca parti"nin birləşməsi kimin xeyrinədir" əsərlərini kommunistlərin sosialist partiyasına münasibətinə həsr etmişdir. Özünün əməli fəaliyyətində o, sosialist partiyası rəhbərləri ilə qarşılıqlı anlayışa nail olmağa cəhd etmişdir. Lakin onlar kommunistlərlə əməkdaşlıqdan imtina etmişlər. Qhoş sağ sosialist rəhbərləri olan Lohinin, Aşoka Mehtanın və Narayanın görüşlərini tənqidi qiymətləndirərək göstərmişdir ki, onlar əslində marksizmi basdırmaq istəyirdilər. Qhoş göstərmişdir ki, sosialist partiyasının ideologiyası, taktikası və təşkilatının müflisləşməsi nəticəsində əmələ gələn və bu qədər uzun sürən böhranının səbəbi, onun rəhbərlərinin zəhmətkeşlərin mənafeyini müdafiə etmək mövqelərində durmaq istəməmələrilə, parlament müxalifəti və konstitusiya mübarizəsi partiyası yaratmaq cəhdləri ilə izah olunur. 1955-ci ildə Avad şəhərində keçirilən Milli Konqresin 60-cı sessiyasında Hindistanda "Sosialist nümunəli cəmiyyət" yaratmaq haqqında qətnamə qəbul edildi. Mütərəqqi fikirli bəzi adamlarda belə bir xülya əmələ gəlmişdi ki, milli burjuaziya cəmiyyəti sosializmə gətirib çıxara bilər. Qhoş 1955-ci ildən "Nəzəriyyənin bəzi məsələləri" və "İnkişafın Hindistan yolu haqqında" başlığı ilə məqalələr yazdı və bunlarda ətraflı olaraq qeyd etdi ki, Hindistan respublikasının indiki hakim siniflərinin siyasəti ölkəni kapitalist inkişafı yolu, ilə aparır. Əlbəttə, sənayedə dövlət bölməsinin artımı və hökumətin həyata keçirdiyi sənayeləşdirmə ölkənin iqtisadiyyatının möhkəmlənməsinə obyektiv surətdə kömək edir, lakin bununla əlaqədar olan xərclərin ağırlığını burjuaziya zəhmətkeşlərin üzərinə yıxmaq istəyir. Qhoş belə bir nəticə çıxarır ki, "burjuaziyanın və iri torpaq sahiblərinin hökmranlığını başda fəhlə sinfi olmaqla xalqın hökmranlığı ilə əvəz etmədən sosializm ağlasığan bir şey deyildir". Bu marksist müddəa Hindistan Kommunist Partiyasının hökumətə münasibətini–onun fəaliyyətinin antixalq və mürtəce cəhətlərinə qarşı müxalifətini və mütərəqqi təşəbbüslərinin müdafiə etdiyini müəyyənləşdirir. Ölkədə kütləvi hərəkatı daha da genişləndirmək yollarına gəldikdə isə kommunist partiyasının VI qurultayında partiyanın baş katibi öz nitqində demişdir: "Milli demokratiya–bizim ölkəmiz üçün doğru şüardır". Qhoş baş katib kimi fəaliyyətinin lap əvvəlindən partiyanın təşkilatca möhkəmlənməsinə və onun üzvləri arasında ideoloji işin yaxşılaşmasına xüsusi əhəmiyyət verirdi. İstiqlaliyyət qazanıldıqdan sonra öz gücünü qiymətləndirən və müstəmləkə zülmündən azad olmaq sevincini dərk edən kütlələrdə sola doğru güclü meyl baş verdi. Tərəqqi ideyası, ictimai islahatlar keçirməyin labüdlüyü ideyası geniş xalq kütlələrinə nüfuz etdi. Partiya demokratiya şəraitində açıq fəaliyyət göstərmək imkanı əldə etdi. Bütün bunlar təşkilatı məsələni daha kəskin qoydu. Kütlələrin mübarizəsi hər hansı bir forma kəsb etsə də, Qhoşun dediyi kimi, "qələbəyə bu şərtlə əmin ola bilərlər ki, onların öz avanqardı da özünün mütəşəkkilliyi və yüksək dərəcədə mərkəzləşməsi ilə fərqlənmiş olsun". Buna görə də, partiyanın təşkilatca yenidən qurulması məsələsinin müzakirə edildiyi və yeni Nizamnaməsinin qəbul olunduğu Amritsarda 1958-ci ildə keçirilmiş növbədənkənar partiya qurultayı bu cəhətdən böyük rol oynamışdır. Yenidənqurmanın məqsədi partiyadaxili demokratiyasını möhkəmləndirməkdən, rəhbər orqanların tərkibini genişləndirməkdən, başlıcası isə, partiyanı fəhlə sinfinin kütləvi və mübariz təşkilatına çevirməkdən ibarət idi. Acoy Qhoş dəfələrlə xatırlatmışdır ki, yuxarıda deyilənlər o vaxt mümkün olar ki, partiya üzvləri marksizm-leninizmə sadiq olsunlar və hər cür opportunizmə qarşı qəti mübarizə aparsınlar, intizam möhkəmləndirilsin və partiyanın birliyi qorunub saxlansın. Qhoşun bütün əməli fəaliyyəti və nəzəri əsərləri onu ardıcıl bir beynəlmiləlçi kimi xarakterizə edir. O, milli məhdudluğa qarşı qəti çıxış edirdi: "Biz belə hesab edirik ki, proletar beynəlmiləlçiliyi ruhu və ideyası kommunist hərəkatının bəşəriyyətə verdiyi ən dəyərli xəzinələrdən biridir". Kommunist partiyalarının ümumi məqsədi kommunizm qurmaqdır, ideologiyası–marksizm-leninizmdir, bilavasitə ümumi bir vəzifəsi isə–bütün dünyada sülh uğrunda, azadlıq və xalqların bərabərliyi uğrunda mübarizədir. Qhoş yazmışdır: "Marksizm-leninizm öyrədir ki, həm hər bir ölkə daxilində, həm də beynəlxalq miqyasda kommunist hərəkatının birliyi və sıxlığı həlledici əhəmiyyəti olan amillərdir". Qhoş 1957-ci və 1960-cı illərdə Moskvada qardaş kommunist və fəhlə partiyalarının müşavirələrində iştirak etmiş və haqlı olaraq belə hesab etmişdir ki, bu müşavirələr bütün kommunist partiyaları üçün, xüsusilə Asiya, Afrika və Latın Amerikası ölkələrinin kommunist partiyaları üçün mühüm proletar beynəlmiləlçiliyi məktəbi olmuş, bu müşavirələrin nəzəri müddəaları isə fəhlə sinfinin ideyaca silahlanmasında mühüm bir töhfə olmuşdur. O yazmışdır: "E'tiraf etmək lazımdır ki, Moskva müşavirələrinədək Hindistanda kommunistlərin az bir qismi–əgər ümumiyyətlə belələri olmuşsa, dövrümüzün xarakterini müəyyən etmək məsələsinə dair beynəlxalq kommunist hərəkatında gedən diskussiyanın əhəmiyyətini başa düşürdü. Çoxları belə hesab edirdilər ki, bu xalis akademik bir məsələdir. Lakin belə nöqteyi-nəzər həqiqətdən çox uzaqdır. İkinci dünya müharibəsi qurtardıqdan sonra dünyanın tarixi inkişafının hansı istiqamətə yönəldiyi o zaman anlaşılır ki, bizim yeni dövrdə yaşadığımız bir fakt kimi dərk edilmiş olsun". Qhoş Hindistan kommunistlərini öyrədirdi ki, müşavirələrin qərarlarına sədaqət–hər bir milli-partiyanın beynəlmiləl borcudur. Qhoş Sov. İKP XX, XXI və XXII qurultaylarına gələn Hindistan kommunistlərinin nümayəndələrinə başçılıq etmişdir. Qhoş Sovet İttifaqının çoxdankı və əsil dostu idi. O, 20-ci illərin gəncləri arasında hökm sürən əhvali-ruhiyyəni xatırladaraq belə nağıl etmişdir: "Oktyabr inqilabının qələbəsi, Rusiyada sosializm quruluşunun möhkəmlənməsi, xüsusən imperialist dövlətlərə qarşı Asiya ölkələrinin… mübarizəsində… SSRİ-nin onlara göstərdiyi kömək bizdə Sovet dövlətinə və onda təcəssüm edən ideya və prinsiplərə məhəbbət yaratdı. Həbsxanadakı (Lahorda-red.) mütaliələr və mübahisələr SSRİ-yə bizim məhəbbətimizi artırıb möhkəmləndirdi, 1930-cu ildə, Oktyabr inqilabının ildönümündə biz, Sovet İttifaqına salam göndərərək, qələbəsinə görə onu təbrik etdik və düşmənlərə qarşı mübarizədə sosialist dövlətinə kömək etməyə söz verdik". Qhoş həmişə qeyd edirdi ki, Sovet İttifaqı və sosializm cəbhəsi ölkələri Hindistan xalqının əsil dostudur, qüdrətli Sovet dövlətinin antiimperialist mövqeyi müstəmləkəçiliyin ağır mirasını ləğv etmək uğrunda hələ uzun müddət mübarizə aparacaq müstəqil Hindistan üçün birinci dərəcəli əhəmiyyətə malikdir. Qhoş Sov. İKP XXII qurultayındakı çıxışında demişdir: "Kommunizm yolunda Sovet İttifaqının hər bir addımı imperialistlərin əksinqilabi ixrac etmək cəhdlərini pozmaq üçün onun qabiliyyətini gücləndirir, xarici əsarətdən xilas olan və öz iqtisadiyyatını yenidən qurmağa çalışan ölkələrə yardım göstərmək iqtidarını artırır, SSRİ-nin kommunizmə doğru hərəkəti eyni zamanda Asiya, Afrika və Latın Amerikası ölkələrinin milli istiqlaliyyətini möhkəmləndirir. Bu, son bir neçə illərin hadisələri timsalında çox gözəl nümayiş etdirilmişdir. Lakin Asiya və Afrika ölkələri üçün Sov. İKP Proqramının əhamiyyəti yalnız bununla bitmir. Proqramın bundan daha böyük əhəmiyyəti vardır. Vaxtı ilə geridə qalmış Rusiya qırx dörd il ərzində elə bir səviyyəyə gəlib çatmışdır ki, sovet adamlarının indiki nəslinin kommunizmdə yaşayacağını inamla e'lan etmək mümkün olmuşdur. Bu əlamətdar fakt Asiya və Afrika xalqlarının zəkasına dərin tə'sir göstərməyə bilməz və əsaslı demokratik islahatlar uğrunda onların mübarizəsini gücləndirməyə bilməz. Bu fakt onları marksizm-leninizmə, sosializmə yaxınlaşdırmaya bilməz". Acoy Qhoş Leninin sadiq və ardıcıl şagirdi olmuşdur. O demişdir: "Tarix elə bir şəxsiyyət tanımır ki, bu köklü inqilabi dəyişiklikdə onun rolunu V. İ. Leninin rolu ilə müqayisə edə bilsin… Özünün ölməz tə'limi və nəhəng təşkilatçılıq və siyasi fəaliyyəti ilə V. İ. Lenin hələ sağlığında yeni cəmiyyətin, özünün meydana gəlməsi ilə bəşəriyyət tarixində yeni dövrün başlanğıcını qoyan bir cəmiyyətin ən böyük yaradıcısı oldu". Qhoş belə hesab edirdi ki, leninizmə sədaqət və onun hər şeyə qalib gələn tə'liminin saflığı uğrunda mübarizə hər hansı həqiqi kommunist partiyasının mövcud olmasının labüd şərtidir. O nəinki dünya proletariatının rəhbəri olan Leninin, həm də gözəl insan olan Leninin qarşısında baş əyirdi. Qhoş qibtə ediləsi məqsədaydınlığı ilə, ruhu mətinlik və fədakarlığa hazır olması ilə fərqlənirdi. Onun qəlbində vətənə məhəbbət ehtirası hökm sürürdü. Ondakı bu cəhətlər səmimiliyi, mehribanlığı və həssaslığı ilə çox gözəl uzlaşırdı. Adətən utancaq və təmkinli olan Qhoş yoldaşları ilə ünsiyyətdə olduqca şən və mehriban bir adam idi. Ona yaxın olan adamlar onu maraqlı və ağıllı bir müsahib kimi tanıyırdılar. Onun kitaba olan zövqü hamıya mə'lum idi. Arvadının dediyinə görə o, "kitabların üstünə hərisliklə düşərdi". Qhoş uşaqlarla görüşməkdən həzz alır və bir ngv istirahət edirdi. Litto xatırlayır ki, "o, evdə uşaqlarla çox vaxt keçirirdi. Qhoşda gənc dostlarını valeh edən əhvalatlar ehtiyatı tükənməz idi. Oğlu olduqdan sonra o tez-tez təkrar edirdi ki, bilməmişəm, uşaqsız həyat demə bir şey deyilmiş".

1962-ci il Hindistanda böyük siyasi döyüşlərlə başlandı: ölkədə üçüncü ümumi seçkilər gedirdi. İrtica həyasızlaşmışdı. Sağların yeni partiyası–"Svatantra" didilib-dağıdılmış antikommunizm bayrağını qaldırırdı. Kommunist partiyasına kor-korana nifrət bəsləyən hər cür irticaçıları birləşdirən dəstələr və kiçik qruplar yaranırdı. Burjuaziya və mülkədarlar seçicilərdən öz xeyrinə səs almaq üçün güclərini və vəsaitlərini əsirgəmirdilər. Acoy Qhoş bu zaman xalq içərisində idi. Xəstəliyinə, həkimlərin xəbərdarlığına baxmayaraq, o, sağ qüvvələrin istinadgahı olan Bihar ştatına gedir. Onun ehtiraslı çıxışları minlərlə adamı cəlb edirdi. Hökumət müxalifətinin başlıca partiyası rəhbərinin parlaq nitqini eşidən biharlılar onun ağır xəstə olduğunu xəyallarına belə gətirmirdilər. Yanvarın səkkizində, mitinqlərdən birindən sonra Qhoş xəstə dostuna dəyməyə getmişdi. Xəstəyə öyüd-dirəy vermək üçün o gülür, zarafat edirdi, Biharda partiyanı möhkəmləndirmək planlarından danışırdı. Üç gündən sonra gecəçağı o özünü pis hiss etdi, dostları onu Dehlidəki Sena hərbi xəstəxanasına göndərdilər. 1962-ci il yanvarın 13-də saat 15–30 dəqiqədə Acoy Qhoş vəfat etdi. Hindistan xalqının xoşbəxtliyi uğrunda görkəmli mübarizin, onun fəhlə sinfinin şanlı rəhbərinin həyatı söndü. Qhoş dəfn edilən gün səhər tezdən Dehlidə kommunist partiyasının parlament qrupu binasına böyük bir izdiham–fabrik, zavodların fəhlələri, idarələrin qulluqçuları, müəllimlər, tələbələr dəstə-dəstə axışıb gəldi. Uzaq kəndlərdən kəndlilər də gəldilər. Üstünə qırmızı bayraq çəkilmiş cənazə təzə gülçiçəklər içərisində idi. Saat 10–20 dəqiqədə təntənəli matəm mərasimi başlandı. Rəhbərlə vidalaşma məra'simi üç saatdan artıq davam etdi. Saat 14-də Camna çayı sahilində Acoy Kumar Qhoşun meyiti kremasiya edildi. Hindistan Kommunist Partiyasının Milli Şurası xalqa müraciətində yazırdı: "Kommunist partiyası əvəzsiz bir itkiyə mə'ruz qaldı. Biz Acoy Qhoşun diqqətəlayiq həyat nümunəsindən ruhlanaraq, sıralarımızı daha sıx birləşdirməli, gücümüzü əsirgəmədən Acoy Qhoşun öz həyatını vermiş olduğu xalq işinin qələbəsi uğrunda, kommunizm uğrunda çarpışmalıyıq". Hindistan kommunistlərinin və zəhmətkeşlərinin kədərinə dünyanın bütün ölkələrinin kommunistləri şərik oldular. Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi yazmışdı ki, "Qhoş yoldaş marksizm-leninizmin sarsılmaz əsasına istinad edərək öz gücünü Hindistan Kommunist Partiyasının təşkilat və ideyaça sıx birləşməsinə sərf etmişdir. Milli Şuranın baş katibi kimi onun rəhbərliyi altında kommunist partiyası böyük müvəffəqiyyətlər qazanmış və ölkədə nüfuzlu siyasi qüvvə, fəhlə sinfinin və Hindistanın bütün mütərəqqi qüvvələrinin mübariz avanqardı olmuşdur". On illərlə partiyanın sınanmış mübarizlər dəstəsinin ön cərgəsində gedən Qhoşun nə kimi görkəmli rol oynadığı Hindistan kommunistləri üçün, bütün ölkələrin fəhlələri üçün getdikcə daha aydın olur.[7]

  • Mübarizəyə həsr edilmiş ömür. Azərbaycan Dövlət Nəşriyyatı, Bakı–1967, səh. 232–236.
  1. 1 2 3 4 Swartz A. Ajoy Ghosh // Open Library (ing.). 2007.
  2. 1 2 3 4 Swartz A. Ajoy Kumar Ghosh // Open Library (ing.). 2007.
  3. Pyotr Kutsobin. Ajoy Kumar Ghosh and Communist movement in India. Sterling Publishers, New Delhi. 1987. OL 2508703M.
  4. Polonskaia, L. R., and P. M. Shastitko. "Adzhoi Gkhosh." Voprosy istorii, no. 6. Moscow, 1969.
  5. "The Sino-Indian Border Dispute," B. 644 (R) November, 1962, 4, India, CPR 12-61-12-62 folder 3 of 4, Papers of President Kennedy, National Security File, Robert Komer, Box 420, John F. Kennedy Library.
  6. The India-China Border Dispute and the Communist Party of India: Resolutions, Statements and Speeches, 1959–1963 (Communist Party of India, 1963), 61–96.
  7. Mübarizəyə həsr edilmiş ömür. Azərbaycan Dövlət Nəşriyyatı, Bakı–1967, səh. 232–236.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]