Abdullayeva Aida Həmdulla qızı (13 aprel 1922, Bakı – 11 aprel 2009, Bakı) – musiqiçi, Azərbaycan SSR əməkdar artisti (1972), Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan arfa ifaçılığı məktəbinin yaradıcısı.[2]
Aida Abdullayeva | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 13 aprel 1922 |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vəfat tarixi | 11 aprel 2009 (86 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Həyat yoldaşı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | musiqiçi, arfaçı[d], pedaqoq, müəllimə |
Musiqi aləti | Arfa |
Təhsili | |
Mükafatları |
Aida Abdullayeva 1922-ci il aprelin 13-də Bakı şəhərində anadan olmuşdur. O, 1940-cı ildə onillik orta məktəbi bitirdikdən sonra Azərbaycan Xalq Komissarları Soveti yanında İncəsənət İşləri İdarəsi tərəfindən ali musiqi təhsili almaq üçün Moskva Dövlət Konservatoriyasına göndərilmişdir. 1941-ci ildə müharibənin başlaması ilə əlaqədar Aidə Abdullayeva Bakıya qayıdır və Opera və Balet Teatrının orkestrində işə qəbul olunur. 1942-ci ilin payızında ailəsi ilə birlikdə repressiyaya məruz qalaraq Qazaxıstana sürgün edildi. 1943-cü ildə Üzeyir Hacıbəyovun vəsadəti əsasında o, Azərbaycana qaytarılıb Bakı Dövlət Konservatoriyasına bərpa olunur və Radiokomitənin Simfonik orkestrində işləməyə göndərilir.
1944-cü ildə Aida Abdullayeva yenidən Moskva Konservatoriyasında professor K.Erdelinin sinfində təhsilini davam etdirir. Bu təhsil ocağını 1949-cu ildə bitirdikdən sonra Aida Abdullayeva o vaxtlar Azərbaycan Dövlət Konservatoriyasının rektoru olmuş Qara Qarayevin rəyi əsasında Konservatoriyada müəllimlik fəaliyyətinə başlayaraq arfa sinfinə rəhbərlik etməyə başlayır. Burada işlədiyi onilliklər ərzində o, respublikamızda, eləcə də xaricdə fəaliyyət göstərən simfonik orkestrlər üçün bir çox arfa ifaçıları hazırlamışdır. Onun təşəbbüsü ilə Asəf Zeynallı adına musiqi məktəbində, Sumqayıt musiqi məktəbində arfa sinfi açılmışdır.