Ailə tərbiyəsi — ailənin böyük üzvlərinin və ailə həyat tərzinin uşağa müntəzəm, məqsədəuyğun təsiri.
Ailə tərbiyəsinin əsas və ümumi vəzifəsi uşaqları mövcud ictimai şəraitdə həyata hazırlamaq, daha məhdud və konkret vəzifəsi isə onlara ailə şəraitində şəxsiyyətin normal şəkildə formalaşması üçün zəruri olan bilik, bacarıq və vərdişlər aşılamaqdır. Ailə tərbiyəsinin məqsəd və vasitələri ictimai-iqtisadi quruluşdan, mədəniyyətin inkişaf səviyyəsindən asılıdır. Ailə tərbiyəsi, adətən, ailənin mənsub olduğu ictimai təbəqənin ideologiyası, əxlaqı və qarşılıqlı münasibətlər sistemi üzərində qurulur. Ailə tərbiyəsi böyüklərin özünütərbiyəsi, onların xarakterində uşaqlara səmərəli pedaqoji təsir göstərə bilən keyfiyyətlərin formalaşması ilə sıx bağlıdır.[1]
Azərbaycan sovet mənbələrinə görə, antaqonist sinifli formasiyalarda ailə tərbiyəsi sinfi xarakter daşıyır, dinin və mühafizəkar ənənələrin təsirinə məruz qalır. Ailə tərbiyəsinin məzmun, vasitə və metodlarında burjua cəmiyyəti və ailə-məişət münasibətlərindəki antaqonizmi əks etdirən dərin ziddiyyətlər meydana çıxır. Hakim sinif uşaqlarının çoxunda ailə tərbiyəsi prosesində eqoizm, varlanmaq ehtirası inkişaf edir ki, bu da uşaqlarla böyüklər arasında dərin münaqişələrə səbəb olur, çox vaxt uşaqlarda valideynlərinə qarşı nifrət doğurur. Proletar ailələrində fəhlələrin sinfi şüurlu artdıqca inqilabi ideyalar ailə tərbiyəsində daha dərindən nüfuz edir. Elmi sosializm ideyalarının təsir gücləndikcə kollektivizm, proletar beynəlmiləlçiliyi, istismarçılara nifrət, ictimai fəallıq və zülmə qarşı mübarizə tərbiyəsi başlıca əhəmiyyət kəsb edir; bu, zəhmətkeş uşaqları mütilik ruhunda tərbiyə etməyə çalışan hakim ideologiyaya qarşı ardıcıl mübarizədə həyata keçirilir.[1]
Sosializm cəmiyyətində azad tərbiyənin məqsədi şəxsiyyətin hərtərəfli – əqli, əxlaqi, estetik, fiziki inkişafının bünövrəsini qoymaq, uşaqları əməyə alışdırmaq, onların sosialist birgəyaşayış qaydalarını başa düşmələrinə və bu qaydalara əməl etmələrinə yardım göstərmək, müstəqil yaradıcılıq fəaliyyətinə marağını inkişaf etdirməkdir. Azad tərbiyənin müvəffəqiyyətli aillənin böyük üzvlərinin ailə münasibətlərində kommunist əxlaqi prinsiplərini rəhbər tutması, qarşılıqlı cəmiyyət, həssaslıq atmosferi yaratması, uşaqlara tələblərində yekdil və təmkinli olması, onları müntəzəm sürətdə böyüklərin əmək və ictimai maraq mühitində cəlb etməsi kimi zəruri şərtlərlə bağlıdır. Uşağın fəaliyyətini ardıcıl sürətdə istiqamətləndirmək, dünyagörüşünü genişləndirməkdə ona yardım göstərmək, uşağın maraqlandığı və bilməli olduğu hadisələrin mahiyyətini ciddi və düşünülmüş şəkildə izah etmək kimi əxlaqi keyfiyyətləri aşılamaq, uşağı ədəbiyyat və incəsənət əsərləri ilə tanış etmək, bədən tərbiyəsi və idmanla məşğul olmağa həvəsləndirmək və s. ailə tərbiyəsinin əsas vasitələridir.[1]