Akademik legion

1848-ci il inqilabi hadisələri zamanı Vyana tələbələri.

Akademik legion (alm. Akademische Legion‎) — Avstriya imperiyasında 1848-1849-cu illər inqilabı zamanı hərbi əməliyyatlarda iştirak edən silahlı tələbə təşkilatı. Təşkilat 13 mart 1848-ci ildə Vyanada xalq üsyanının başlanmasından dərhal sonra yaradılmışdır. Akademik legion təqribən 4 min nəfərdən ibarət olmaqla, inqilabi ordunun nüvəsi olmuşdu. Liberal müxalifətin radikal demokratik qanadına bağlı olan Akademik legion Vyanada mart üsyanında, 1848-ci ilin mayında Vyanada silahlı üsyanlarda və 1848-ci ilin oktyabrında Vyanada silahlı üsyanda fəal iştirak etmişdir. Buna baxmayaraq, mütləqiyyətlə mübarizədə burjuaziya ilə fəhlə sinfi arasında aralıq mövqe tutan Akademik legion qeyri-sabit fəaliyyət göstərmişdir. Akademik legionun rəhbərliyi tərəddüd və siyasi kompromislərə meyl göstərmişdi. 1848-ci ilin iyun–avqust aylarında burjuaziya ilə birlikdə fəhlələrə qarşı çıxmışdır. Akademik legionun rəhbərliyi kəndlilərin tələblərinə məhəl qoymayaraq Avstriya imperiyalarında milli azadlıq hərəkatını yatırmağa yönəlmiş siyasətində liberal burjuaziyanı dəstəkləyirdi. İnqilabın məğlubiyyətindən sonra Akademik legion ləğv edilmiş, üzvlərinin çoxluğu ağ terrorun qurbanı olmuşdur.[1]

  1. Жукова, Е. М. (redaktor). АКАДЕМИЧЕСКИЙ ЛЕГИОН // Советская историческая энциклопедия (rus). Moskva: Советская энциклопедия.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]