Akantosefalyozlar – insanın və heyvanın helmint xəstəliyidir. Törədicisi bağırsaqlarda parazitlik edən müxtəlif tikanbaşlı növləridir. İnsanlar və ət yeyən heyvanlar üçün təhlükəli olan donuz makrokantorixnozunun ocaqları Avrasiyada və Amerikada yayılmışdır. Törədicisi nəhəng tikanbaşlıdır; bədəni iyşəkilli, uzunlu]u 70 santimetrədək olur. Sürfələri aralıq sahibləri olan böcəklərdə inkişaf edir. Donuzlar bunları yedikdə akantosefalyoza yoluxur. Xəstə heyvanlarda ishal, inkişafın zəifləməsi, arıqlama müşahidə olunur. Moniliformozun törədicisi siçanabənzər gəmiricilərin, həşəratyeyənlərin, vəhşi məməlilərin, quşların, sürünənlərin və insanların bağırsağında parazitlik edən təsbehşəkilli tikan başlıdır; sürfə mərhələsində o böcəklərdə və yüyürüklərdə parazitlik edir. Su hövzələrində yaşayan heyvanlar üçün ördəklərin polimorfozu və filikollyozu, balıqların neoexunoriozu, pomforinxozu və exinorinxozu (aralıq sahibləri xərçəngkimilərdir) daha təhlükəlidir.
Sanitariya qaydalarına riayət etmək, zərərli həşəratları məhv etmək, çirkli su hövzələrini aşkara çıxarmaq. Müalicəsi antihelmintiklərlə aparılır.
Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 232. ISBN 978-9952-441-02-4.