Aktiv toqquşmalar nəzəriyyəsi — qaz mühitində iki molekulun toqquşması (bimolekulyar reaksiya) zamanı kimyəvi çevrilmələrin sürətinin qiymətləndirilməsi üsulu. Kimyəvi kinetikanın ümumi müddəasına görə kimyəvi çevrilmələrin baş verməsi üçün molekullar hədd qiymətini aşan aktivasiya enerjisinə malik olmalıdır. Aktiv toqquşmalar nəzəriyyəsində molekullar müəyyən radiuslu sərt kürələr kimi qəbul edildiyindən, reaksiya o halda gedə bilər ki, toqquşma anında bu kürələrin mərkəzlərini birləşdirən ox boyunca molekulların nisbi hərəkət enerjisi aktivasiya enerjisini ötüb keçir. Aktiv toqquşmalar nəzəriyyəsi qazlarda reaksiyanın sürət sabitinin temperaturundan təcrübi eksponensial asılılığını keyfiyyətcə düzgün təsvir edir. Sürət sabitinin kəmiyyətcə uyğun qiymətləri real molekullararası qarşılıqlı təsiri nəzərə alan sterik amil (məsələn: anizotropiya) əsasında əldə edilir. Toqquşmanın xüsusiyyətlərinin və reaksiyaya girən hissəciklərin çevrilmə dinamikasının ətraflı analizi molekulyar dəstə üsulundan istifadə etməyə imkan verir.