Akustik dalğaötürən — akustik dalğaların (səsin) müəyyən istiqamətdə yayılması üçün kanal; divar və s. ilə məhdudlaşdırılmış (hüdudlanmış) mühit sahəsindən ibarətdir. Səs dalğaları Akustik Dalğaötürəndə yayılan zaman məhdudlaşdırılmamış bircins mühitə nisbətən daha az zəifləyir (məsələn, hüdudlayıcının səthindən əksolunma hesabına). Süni akustik dalğaötürən səskeçirməyən divarlarla hüdudlanmış borular şəklindədir (məsələn, orqan boruları, ventilyasiya kanalları, tunellər və s.). Təbii akustik dalğaötürən, adətən, mühitin təbəqələrindən ibarət olur; məsələn, okean bir tərəfdən qruntla, o biri tərəfdən isə suyun səthi ilə hüdudlanmış su qatı şəklində səsin aşağı tezlikləri üçün dalğaötürəndir. Mühitin təbəqəli qeyri-bircinsliyi ilə də akustik dalğaötürən yarana bilər (məsələn, okeanda sualtı səs kanalı). Yalnız normal dalğalar akustik dalğaötürəndə öz strukturunu dəyişmədən yayılır. Bərk cism akustik dalğaötürəni, adətən, sərbəst sərhədlərlə hüdudlanır (mil, lövhə). Ultra — səs texnologiyasında rəqs enerjisini mənbədən müəyyən məsafəyə ötürmək və ya rəqs enerjisini hər hansı bir mühitə daxil etmək üçün işlədilən səsötürən tipli qurğular da bərk Akustik Dalğaötürən adlanır.