Aləmdə səsim var mənim (roman)

Aləmdə səsim var mənim — azərbaycanlı yazıçı Əzizə Cəfərzadənin 1972-ci ildə qələmə aldığı tarixi roman.

Aləmdə səsim var mənim
Janr roman
Müəllif Əzizə Cəfərzadə
Yazılma ili 1972
Sonrakı Yad et məni (roman)

Roman yalnız ədibin yaradıcılığında deyil, ümumən Azərbaycan tarixi nəsrində əhəmiyyətli yer tutur. Müəllifin ilk romanı olan və ədəbi mühitdə böyük həssaslıqla qarşılanan bu əsərin adı elə məhz Seyid Əzim Şirvaninin şeirindən götürülmüşür:

Mövti-cismani ilə sanma mənim ölməyimi, Seyyida, ölmərəm, aləmdə səsim var mənim.

Yazıçı romanı əvvəlcə "Məhəbbət günahdırmı?" adlandırmağı düşünsə də, əsərin nəşri zamanı dəyişməyi münasib bilmişdir. Bu şübhəsiz ki, romanın ictimai məzmunu ilə əlaqədardır.

"Aləmdə səsim var mənim" romanında Əzizə Cəfərzadə yaradıcılığına və şəxsiyyətinə böyük məhəbbət bəslədiyi Seyid Əzim Şirvaninin obrazını yaratmağı qarşısına məqsəd qoysa da bununla kifayətlənməmiş, bütövlükdə XIX əsr Şirvan tarixini, daha doğrusu Şirvan mühitini ictimai-siyasi və ədəbi-mədəni hadisələrin canlı mənzərəsi fonunda və etnoqrafik yaddaşın işığında izləmişdir[1]. Romanda Seyid Əzimin mükəmməl obrazı yaradılmışdır. "Şamaxı yollardan başlanır" deyərək yazıçı bir həyatın, bir mühitin və bir cəfakeş mübarizin həyat romanını başlayır. Şamaxı bazarlarının da təsviri geniş verilir, eyni zamanda burada bu həyat romanının iştirakçıları ilə tanış oluruq. Onalar haqqında və XIX əsr Şamaxı mühiti haqqında geniş təsəvvür əldə edirik.

Romanın ilk səhifələrində Seyid Əzim gənc bir şairdir yeni tanınmağa başlayır. Mahmud ağanın məclisində ilk dəfə iştirak edir və burada rastlaşdığı gözəl rəqs ustası olan, zahirən də görənləri bihuş edən Sonanın gözəlliyinə yazdığı şeiri oxuyur. Bu məclisdə Seyid Əzim həm də Sonaya aşiq olur. Seyid Əzimin ən yaxın dostu Tərlanda bu məclisdə idi və o da Sonanın eşqinə düçar olmuşdu, lakin Sonanın eşqi onların dostluğunu poza bilmir. Seyid Əzim dostunun Sonaya olan sevgisini bildikdə öz hisslərini yalnız şeirlərdə büruzə verir. Onların qovuşması üçün həyatının sonuna qədər çalışır. Bunları əsas götürərək əsərin məhəbbət yönümlü olduğunu deyə bilmərik. Bu sadəcə dövrün mühitinin avam, cahil və xürafatçı tərəflərini açmaq üçündür. Bu Sona bir rəqassədir və rəqsin ustasıdır, heç kim onun kimi rəqs edə bilməz, lakin sənəti və sənətkarı qəbul edə bilməyən bu dar çərçivəli mövhumat əhli onu çəngi adlandırır hətta onun adında söyüş, qarğış kimi istifadə edirlər. Hətta onu görərəkən qadınlar yaşmanırlar. Bu münasibətə görə heç kim Sonanı sevə bilməz, onunla evlənə bilməz, bunu namussuzluq və biabırçılıq qəbul edərlər. Rəqs kimi şeir də, musiqi də qəbul olunmur hər biri Allaha xoş getməyən əməl kimi qələmə verilir, lakin bu sənətkarları yolundan döndərmir. Burada biz sənətin və sənətkarın sözsüz və kəlamsız nitqini də görürürük. Burada Seyid Əzimin rəssamla məhz duyğular və baxışları ilə danışdığının şahidi oluruq onlar bir-birinin dilini bilməsələr də, lakin bir-birinin ruhunu anlayırlar.

Seyid Əzimin ailə qurması və həyat yoldaşı Ceyrana olna münasibəti mehribanlığı və şəfqəti də əsərdə geniş təsvir olunmuşdur. Seyid Əzimin dünayaya göz açan uşaqlarına verdiyi adlarda insanlar arasında etiraz yaradır. Uşaqlara Aişə, Ömər adlarının qoyulmasını avam camaat qəbul etmək istəmir. Seyid övladlarına bu adlar qoyula bilməz deyirlər. Bütün bunlar yazıçının mühitin xüsusiyyətlərini, cizgilərini vermək üçün istifadə etdiyi xırda detallardır.

Seyid Əzim Şirvaninin maarif və məktəb yolunda apardığı mübarizələr əsərin əsasını təşkil edir. Xalqın övladlarının savadsız və cahil qalmasına şair dözə bilmir. Uşaqlar mollaxanalarda, mədrəsələrdə illərlə çərəkəni öyrənir və Quranı oxumağı öyrənirlər və bundan savayı heç nə bilmirlər. Bu Seyid Əzimi narahat edir çünki o, uşaqlar sadəcə cahil olaraq yetişirlər. Onlar Quranı oxumağı öyrənsələrdə mahiyyətini dərk etmirlər. İnsanlar kordurlar bu mühitdə sadəcə mollaların dediklərinə inanırlar. Bunun mahiyyətini dərk etmirlər, sözdə dindar müsəlman olsalar da dinlərindən belə xəbərləri yoxdur və mollalar tərəfindən aldadılırlar. Bütün bunlar Əzimin ürəyini parçalayır o xalqını belə avam görmək istəmir. İnsanları mədəni savadlı, həm dünyəvi elmlərə yiyələnmiş həm də dininin mahiyətini dərk etmiş görmək istəyir. Bir para mollalar var ki, onlar xalqın hər zaman avam olmasını istəyirlər. Avam insanları oyatmağa çalışanları isə qəbul etmirlər. Seyid Əzimin də yaratdığı məktəb bu şəkildə fitnəkar mollaların, dindən xəbəri olmayan möminlərin hədəfinə çevrilir. Qapaqlılar, Məşədi Alışlar və Qurbanqulular onu əzmək üçün əllərindən gələni edirlər. Bu kütlə heç cür maarifi, məktəbi, mədəniyyəti, irəliyə atılmış heç bir addımı qəbul etmək istəmirlər. Dar çərçivənin Qapaqlıları cahil kütlənin söz keçirəni olmaqda davam etmək istəyirlər. Seyid Əzimə qarşı avam camaatın isə münasibəti bir tərəfli deyil. Onu bir tərəfdən seyid, peyğəmbər övladı bilirlər, haqqında eşidilənlər və danışdıqlarını eşidən də isə ziddiyyətlər içində qalırlar. Bütün bunlara baxmayaraq, Seyid Əzim çalışır. Bilir ki, bu gün olmasa da bir gün mütləq onun da xalqı tərəqqi edəcək. İstedadlar musiqi şeir, sənət torpağı olan Şamaxı bir gün sənətkarlara da öz qucağını açacaq. Uşaqlar dünyadan xəbərli savadlı olacaqlar. Buna inanaraq Seyid Əzim bir an belə mübarizəsindən qalmır. O, uşaqları ac qaldıqda belə yenə də yalnız özünü düşünmür, qapıya gələnləri əliboş yola salmır. Əlində olanını yarı bölür.

Əsərin sonlarında artıq görürük ki, Seyid Əzim qocalmışdır. Xalqın dərdi Seyid Əzimi qocaltmışdır. Şəhərə yeni təyin olunan axundun gəlişini fürsət bilən Qapaqlılar, Məşədi Alışlar hücuma keçirlər hərəsi bir yandan Seyid Əzimin şeirini deyərək onun kafirliyini isbatlamağa çalışır. Onlar şeirləri əzbər bilirlər. Bütün bunlar qoca şairə pis təsir edir. Şair bir müddət xəstə yatdıqdan sonra dünyasını dəyişir, amma köçən çairin cismidir, ruhu hər zaman xalqı ilədir. Seyid Əzimin səsi aləmdə hələ də yaşayır.

  1. Abdullayeva C. M. və b. Müasir Azərbayca ədəbiyyatı. İki cilddə. II cild. Bakı: Bakı Universiteti nəşriyyatı, 2007, səh.564