Ala-Too meydanı (qırğ. Ала-тоо аянты, Ala-Too ayanty) — Qırğızıstanın paytaxtı Bişkek şəhərinin mərkəzi meydanıdır. Meydan 1984-cü ildə Qırğızıstan Sovet Sosialist Respublikasının 60 illiyini qeyd etmək münasibətilə tikilmiş və meydanın mərkəzində Leninin heykəli ucaldılmışdır.[1] Meydanda yerləşdirilmiş bu heykəl 2003-cü ildə buradan götürülərək daha kiçik olan bir meydana qoyulmuş və onun yerinə Erkindik (Azadlıq) adlanan yeni heykəl qoyulmuşdur. Daha sonra 2011-ci ildə bu heykəli Qırğızıstanın müstəqilliyinin 20-ci ilinə xitabən hazırlanmış, Manas adlanan digər heykəl əvəz etdi.[2]
Ala-Too meydanı | |
---|---|
42°52′35″ şm. e. 74°36′14″ ş. u.HGYO | |
Ölkə | Qırğızıstan |
Şəhər | Bişkek |
Yerləşir | Bişkek |
Tikilmə tarixi | 1984 |
Vikianbarda əlaqəli mediafayllar |
Meydanda həmçinin dövlət tədbirləri və bayramları keçirilir. 2008-ci ildə dünya şöhrətli qırğız yazıçı Çingiz Aytmatovun xatirə mərasimi burada keçirilmişdir.[3]
2005-ci il martın 25-də meydanda Qırğızıstan tarixinin ən böyük, "Zanbaq inqilabı" adlanan hökumət əleyhinə üsyanları başladı. Bir neçə həftədən sonra üsyan bütün ölkə boyunca yayıldı və 15.000-dən çox insanın etirazı nəticəsində növbədənkənar parlament seçkiləri keçirildi. Üsyançıların hökumət qüvvələriylə toqquşması nəticəsində 2 insan qətlə yetirildi və yüzlərlə insan yaralandı. Lakin tezliklə üsyançılar mərkəzi meydanı nəzarət altına aldı və paytaxtda yerləşən Ağ evə hücum olundu.[4] Nəticədə 1990-cı ildən bəri prezidentlik vəzifəsində çalışan Əsgər Akayev qaçdı və tezliklə vəzifəsini buraxdı.