Alban-udi xristian icması

Alban-udi xristian dini icmasının qeydə alınması formal olaraq digər icmaların qeydiyyatından fərqlənməsə də, xarakter, məzmun, dini və siyasi baxımdan çox əhəmiyyətli bir hadisədir. Bu gün Udi etnosuna mənsub olan insanların sayı dünyada 10.000-ə qədərdir ki, onların 6000-i Azərbaycan ərazisində, o cümlədən 4.400-ü kompakt şəkildə Qəbələ rayonunun Nic kəndində yaşayır.

Tarixən udilər bizim eradan əvvəl IV əsrdə türk qəbilələri ilə qohumluq əlaqəsində olaraq Qarabağda, Xəzərsahili torpaqlarda yaşamış və xristianlığa - xristian-yəhudi - Musa peyğəmbərin dininə ibadət etmiş və bu dini Qafqaz Albaniyasında yaymışlar. Bu gün tarixçilərin və dinşünasların dediklərinə əsasən, təmiretmə işləri tamamlanmış Kiş kilsəsi (Şəki rayonu, Kiş kəndi) ilk xristian kilsəsi, "xristian kilsələrinin anası" hesab olunur.

Lakin Udi etnosu XIX əsrin birinci yarısında öz tarixinin ən dəhşətli anlarını, illərini yaşamalı olur. Çar Rusiyası tərəfindən Qarabağa köçürülən ermənilərin hiyləsinə düşən Rusiya çarı 1836-cı ildə fərman imzalayaraq Alban kilsələrini ləğv edib, Alban məbədlərini, kilsəyə aid olan bütün avadanlığı və sənədləri erməni apostol kilsəsinə verir. Beləliklə, bu etnos demək olar ki, məhvə məhkum olunur. Onlar ya qriqoryanlığı qəbul edib erməni olmalı, yaxud dinsiz, kimsəsiz "dərvişlərə" çevrilməli idilər. Lakin Udi etnosu misilsiz qəhrəmanlıq göstərib 160 ildən çox bir dövrdə öz dininə, adət-ənənələrinə, dilinə, tarixi vətəninə sadiq qalmış, erməniləşməmiş, əksinə 1836-cı ildə həyata keçirilən tarixi ədalətsizliyi həmişə aradan götürməyə çalışmışlar. Bu işdə onlara tarixən bir kökdən olan azəri bacı-qardaşları kömək etmiş, alimlər, arxeoloqlar nəhayət ki, udilərin haqlarını qoruyan cildlərlə kitablar yazmış, "yersiz gəldi, yerli qaç" prinsipinə öyrənmiş erməni alimlərinə sübut etmişlər ki, Azərbaycanın tarixi torpaqlarında yaşayan yəhudi, türk, udi qəbilələri kökcə çox yaxın olmuş, bir torpağın çörəyini yemişlər.

Nəzəri cəhətdən çoxdan sübuta yetirilmiş tarixi faktlar Alban-udi xristian icmasının bərpası ilə artıq maddiləşmiş və ədalət, udilərin haqqı cüzi də olsa, qaytarılmışdır.

Tədbir bir daha əyani şəkildə kimin gəlmə, kimin yerli olduğunu sübut etdi. Qeyd edilməlidir ki, işlərin ancaq bir hissəsi, amma əsas hissəsi görülmüşdür. Norveçli məşhur Tur Heyerdalın dedikləri həqiqətə çevrilməkdədir. Norveç Humanitar Təşkilatı Azərbaycan Memarlıq Universiteti ilə birlikdə Kiş kilsəsini təmir etmiş və onun muzeyləşmə işini başa çatdırmaqdadır. Bu yaxınlarda Niç kilsəsinin də bərpasına başlanacaqdır.

Odur ki, Alban-udi xristian icmasının qeydə alınması, çıxış edənlərin qeyd etdikləri kimi, qeyri-adi xarakter daşıyır. Bu təkcə dini müstəvidə deyil, Azərbaycan dövlətinin son illərdə apardığı dinlərarası dözümlülük siyasətinin və ümumiyyətlə, ölkəmizin liderinin dini siyasət sahəsində müəyyən etdiyi prioritet istiqamətlər müstəvisində qiymətləndirilməlidir. "Bütün dini əqidələr qanun qarşısında bərabərdir" - Azərbaycan Konstitusiyanın maddəsi bütövlükdə həyata keçirilir. Möhtərəm Prezidentimiz Heydər Əliyevin "dinimiz milli-mənəvi sərvətimizdir" tezisi daha ciddi, daha məsuliyyətli səslənir.

Azərbaycan vətəndaşları olan udilərin dinləri də bu milli sərvətin ayrılmaz bir hissəsi olduğu üçün də biz hamılıqla onu qorumalıyıq.

Bütün bu hadisələr bir daha göstərir ki, din incə materiya olduğu kimi, həm də çox möhkəm tellərlə mənəviyyatla bağlıdır.

Çarın fərmanı kilsələrin sahiblərini müvəqqəti də olsa dəyişdirdi. Lakin imana, mənəviyyata, ruhaniyyətə fərmanın gücü çatmadı.