Kiş (Şəki)


KişAzərbaycan Respublikasının Şəki rayonunun eyniadlı kənd inzibati ərazi dairəsində kənd.[2]

Kənd
Kiş
41°15′00″ şm. e. 47°11′30″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Şəki rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.005 m
Saat qurşağı
Əhalisi
Əhalisi 7.100 nəfər
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ5516[1]
Kiş xəritədə
Kiş
Kiş
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəki rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Kiş çayının sahilində, dağətəyi ərazidədir. Qədim yaşayış məntəqələrindəndir. Alban tarixçisi Movses Kalankatlının "Alban tarixi" əsərində adı Kis kimi çəkilir. Onun yazdığına görə, ilk xristian missionerlərindən biri olan Yenisey təqr. 74-cü ildə Uti vilayətinin Kis kəndinə gəlib kilsə tikmışdır. Bu, bütün Cənubi Qafqaz ərazisində ilk xristianlıq məbədi idi. Kilsə əvvəllər burada mövcud olmuş qədim sitayiş yerində tikilmişdır. Kiş fars dilində "kult, sitayiş yeri" mənasındadır. Erkən orta əsrlərdə Albaniyada (indiki İsmayıllı və Xocavənd rayonları ərazisində) Kiş adlı başqa obyektlər də qeydə alınmışdır[3].

Coğrafi mövqeyi

[redaktə | mənbəni redaktə et]
Kiş kəndinin görünüşü

Kiş kəndi Azərbaycan Respublikasının şimal-qərb zonasında yerləşən Şəki coğrafi rayonunun qədim kəndlərindən biridir. Kiş kəndi Şəki şəhərindən 5 km uzaqlıqda yerləşir. 7100 nəfər əhalisi olan kəndin ərazisi turizm üçün əlverişlidir. Münbit torpaqlara malik kənd ərazisində əkin-biçin işləri, adətən, həyətyanı sahələrdə bağçılıq və bostançılıqla aparılır. Dörd tərəfdən dağla əhatə olunan kəndin əsas hissəsi "Tat" dağının ətəyində yerləşir. Öz mənbəyini Kiçik Qafqaz Sıra dağlarından götürən kəndin kənarından axan eyni adlı çay (Kiş çayı - Çox güman ki, indiki Kiş çayı o vaxtlar "Ağ su" adlanırmış. Mənbələrdə koordinatları o qədər də konkret göstərilməmiş "Ağ su dərəsi", yəni "Ağ su" adlı çayın mənbəyi". N.Şaminin və Ş.Ə.Yəzdinin "Zəfərnamə"lərindən) daşqın çayları sırasına daxildir. Meşə ilə əhatə olunan çay relyefinin mənzərəli görünüşü var. Kəndin və Şəki rayonun şirin su ehtiyatı məhz bu çayın hesabına ödənilir. Burada, əsasən, dəmyə əkinçiliyi olduğundan təkcə həyətyanı bağlarda və həyatyanı sahələrin suvarılmasında çayın suyundan istifadə edilir. Qış və yay vaxtlarında suyu azalan çay yaz aylarında əriyən buzların hesabına gurlaşıb ətrafa və kəndə xeyli ziyan verir. Təbii ehtiyatlar baxımından tikinti materialları ilə zəngindir. Bura əsasən daş, çınqıl və meşə materialları aiddir. Kənd gətirmə konusu landşaftına və meşə örtüyünə malikdir.

Kəndin adı ilk dəfə 7-ci əsr mənbələrində Qis, 12-ci əsr gürcü mənbələrində Kiş formasında qeyd olunub. Ancaq araşdırmaçılar bu toponimikanı tam doğru şəkildə izah edə bilməmişdir. Başqa bir fərziyyəyə görə, bu söz fars dilində kult, inam, din mənasına gələn kiş sözü ilə yaxınlıq təşkil edir.[4]

Kiş kəndində tapılan qədim əşyalar, həm də son dövrlərdə Azərbaycan - Norveç arxeoloqlarının Şəkinin Kiş kəndində apardıqları qazıntılar sübut etmişdir ki, albanlar xristianlığı ermənilərdən çox-çox əvvəl, SuriyaFələstindən gəlmiş missionerlərin təsiri ilə qəbul etmişdilər. Kəndin çay kənarında yerləşməsi onun qədim insan məskənlərindən birinə malik olmasına əyani bir sübutdur. Qaya daşlarında daşlaşan yosun və balıq qalıqlarının tapılması buranın arxeoloqlar tərəfindən hələ də tam araşdırılmadığına işarədir.Tarixi hələ tam arşdırılmayan kənd qədim toponim və abidələrlə zəngindir. "Kiş"- Əfqanıstan və İraqda bu növ adlara rast gəlinir hələ qədim dördə eradan əvvəl Mesopotamiya ərazisində Kiş adlı şəhər dövlətə rast gəlinir."Tamerlan talası" – Teymurləngin hücumları zamanı bu ərazilərdən keçməsinin sübutudur. Kiş çayının "Tamarçin" qolu – daha çox monqol hökmdarı Çingiz xanın (Temuçin) adı ilə bağlı toponimdir. "Xan yaylağı" və "Xan talası"- xanlıqlar dövründə xanların istirahət yerlərindən olmuşdur. Təsadüfi deyil ki, bu kəndin hazırkı məhəllə adları qədimi toponimlərdən ibarətdir. "Maaflar" məhəlləsi (bütün vergilərdən azad olan, lakin buna görə dövlət sərhədlərini, dinc vaxt asayişi qoruyan təbəqənin adı), "Duluzlar" məhəlləsi (dulusçuların qədimi məhəllərindən biri buradakı sənətkarlar dulusçuluqla məşğul olurdular) və s. bu kənddə yerləşir. İndi də Duluzlar məhəlləsində qazıntılar zamanı qədimi saxsı qablara və digər tapıntılara rast gəlinir. Kiş kəndində dörd qala kompleksi mövcuddur: üçü işarə , biri isə müdafiə xarakterlidir. İşarəverici qalalar "Salayuşağı"məhəlləsində, "Maaflar məhəlləsi"ndə və "Duluzlar məhəlləsi"ndə yerləşir. "Gələsən-Görəsən" qalası ("Gəl – Gör – Get qalası və "mağaralıq " deyilən yer də, heç şübhəsiz bu şəhərdə (Şəkidə) idi. Əmir Teymurun Şəki ölkəsinə hücumlarından bəhs edilərkən, Şəki ölkəsinin o vaxtkı tarixi coğrafiyasına dair də az-çox məlumat verilmişdir. İbn Ərəbşahın "Əcaibül-məqdur fi nəvaib timur" əsərində isə Gəl–Gör–Get qalası və "mağaralıq"dan söhbət gedir ki, heç şübhəsiz, onların da hər ikisi bu ölkədə idi və birincisi Kiş çayının mənbəyi yaxınlığında yerləşən, indi "Gələsən-Görəsən" adı ilə tanınan qaladır!" ,yəni elə həmin ərazidə yerləşən indiki məşhur Gələsən-Görəsən qalası) müdafiə xarakterli olmuşdur. Digər mənbələrdə isə Nadir şahın hücumu zamanı qalanın müdafiəsini sarsıtmaq mümkün olmadığından Nadir şah əli boş İrana qayıdır. Ondan soruşanda ki, "Nəyə görə qalanı ala bilmədin?" Cavabında: "Gələrsən, görərsən!"- demişdir. Həmin qaladan xan sarayına tunel olduğu güman edilir. Qala nadır arxitektura quruluşuna malikdir. Hündürlükdə qayanın üstündə tikilən qalanın, üstündən neçə əsr keçdiyinə baxmayaraq, divarları möhkəm halda qalıb. Mənbələrdə əsasının IV əsrdə qoyulduğu ehtimal olunan Alban kilsəsi əvvəl tanrıçılıq məbədi kimi fəaliyyət göstərdiyi, lakin sonra, Albaniyada xristianlığın yayıldığı dövrdə xristian kilsəsi kimi fəaliyyət göstərdiyi qeyd edilir. Cənubi Qafqaz üzrə ən böyük dini mərkəzlərdən sayılırdı. Kilsə daxilində qazıntılar zamanı çoxlu qəbirlər aşkar edilmişdir. Gürcü mənbələrinə görə Kiş kəndinin əhalisi təxminən 10-cu əsrdə xristianlığı qəbul edib. Buradakı kilsədə ətraf ərazilərin yepiskopu fəaliyyət göstərirdi. Kəndin əhalisi 1720-ci illərdə İslamı qəbul edib, lakin Rusiya imperiyası bu əraziləri işğal etdikdən sonra burada aktiv olaraq xristianlaşdırma siyasəti apararaq kəndlilərin bəzisini yenidən xristianlığa qaytara bilmişdir. Buna baxmayaraq kəndin əhalisinin əksəriyyəti İslam dəyərlərinə sadiq qalmışdır.

Kiş məbədi gecə

Kənddə çoxlu sayda qədim tikililər mövcuddur. Bunlardan ən məşhuru kiş məbədidir.[5]

Kiş məbədi Zaqafqaziyada ilk apostol kilsəsi hesab olunur.[6]

Kiş bir vaxtlar Udi kəndi olsa da,[7] hazırda kənddə udilərin heç bir nümayəndəsi yoxdur. Onlar əsasən azərbaycanlılar ilə qaynayıb-qarışıblar.[8]

Mövcud tarixi məlumatlara görə, 19-cu əsrin birinci yarısının əvvəllərindən bu kənddə türkdilli "tatarlar" (yəni azərbaycanlılar) qeydə alınıb. Hətta kənd məhəllələrindən biri "Tataruşağı" adlanır[9]

Rusiya imperiyası illərində Kiş kəndi Yelizavetpol quberniyasının Nuxa qəzasının tərkibində idi.

1819-cu ildə Gürcüstanın baş idarəçisi Aleksey Yermolovun, general-mayor Fydor Axverdov və dövlət müşaviri Mogilevskinin əmri ilə tərtib edilmiş Şəki quberniyasının təsvirində Şəki mahalında azərbaycanlılar (mənbədə "tatarlar") yaşayan Kiş kəndi haqqında məlumat verilir.[10]

1856-cı il "Qafqaz təqvimi"nə görə Kişdə azərbaycanca danışan sünni azərbaycanlılar (mənbəyə görə "sünni tatarlar") yaşayırdılar.[11]

1874-cü il büro təsvirindən verilən məlumata görə, Kişin əhalisi sünni müsəlman olan 1268 "tatar"dan (azərbaycanlılardan) ibarət idi.[12]

1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya vilayətinin əhalisinə dair statistik məlumatlar toplusunda Nuxa qəzasının Yelizavetpol quberniyasında Kiş kəndi göstərilmişdir. Əhalisinin 1871 nəfəri azərbaycanlı ("tatar" mənbəsinə görə), dininə görə isə sünni müsəlmanlar olduğu qeyd edilirdi.[13]

Yelizavetpol quberniyasının 1910-cu il Xatirə Kitabında (Rusiya imperiyasının vilayət və şəhərlərinin rəsmi məlumat kitabçası) Nuxa qəzasının Qoxmuq kənd cəmiyyətinin Kiş-Baltalı kəndi sünni islamı etiqad edən azərbaycanlı (o vaxtkı adı ilə tatar) əhalisi ilə qeyd olunur. Evlərin sayı 324, ümumi əhali sayı isə 1013 nəfər idi.[14]

1912-ci il "Qafqaz təqvimi"nə əsasən kənddə 1488 nəfər, əsasən azərbaycanlılar yaşayırdı.[15]

1915-ci il üçün "Qafqaz təqvimi" Kişdə artıq 2115 nəfərin yaşadığını və onların azərbaycanlılar olduğu göstərilir.[16]

1921-ci ildə Azərbaycan kənd təsərrüfatı siyahıyaalmasının nəticələrinə görə Kiş kəndində 1383 nəfər (302 təsərrüfat), əsasən azərbaycanlı türklər (yəni azərbaycanlılar) yaşayırdı. Əhalisinin 736 nəfəri kişi və 647 nəfəri qadın olub.[17]

1980-ci ildə Kişin əhalisi 4445 nəfər idi. Əhali heyvandarlıq və əkinçiliklə məşğul idi. Kənddə orta və ibtidai məktəblər, klub, kitabxana, tibb məntəqəsi var idi.[18]

Kənddə Kiş kənd məscidi dini icması fəaliyyət göstərir[19].

  1. Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
  2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-09-29.
  3. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
  4. Elxan Nuriyev. Azərbaycan SSR Şəki–Zaqatala zonasının toponimiyası. Bakı: “Elm” nəşriyyatı. 1989. səh. 19.
  5. "Kiş məbədi ([[rusca]])". 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-12-03.
  6. "Kiş kəndindəki kilsə Cənubi Qafqazda ilk apostol kilsəsidir". 2018-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-12-03.
  7. "И. Кузнецов - Удины". 2021-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-03-05.
  8. "Удины // Народы Кавказа. Том 2. М., 1962., стр. 195" (PDF). 2019-11-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-02-03.
  9. Нуриев Э. Топонимика Шеки-Закатальской зоны Азербайджанской ССР. Б.: Элм. 1989. səh. 43.
  10. Описание Шекинской провинции, составленное в 1819 году, по распоряжению главноуправляющего в Грузии Ермолова, генерал-майором Ахвердовым и статским советником Могилёвским. Tiflis. 1866.
  11. Кавказский календарь на 1856 год. Tiflis. 1855. səh. 343.
  12. Кавказский календарь на 1886 год. Tiflis. 1885. səh. 125.
  13. Свод статистических данных о населении Закавказского края, извлечённых из посемейных списков 1886 г. Tiflis. 1893. Глава IV "Города и Уезды Елизаветопольской губернии"
  14. Памятная книжка Елисаветпольской губернии на 1910 год. Отдел III. Yelizavetpol: Типография Елисаветпольского губернского правления. 1910. səh. 136.
  15. "Кавказский календарь на 1912 год | Президентская библиотека имени Б.Н. Ельцина". 2018-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-23.
  16. Кавказский календарь на 1915 год. Отдел статистический. Тiflis. səh. 143.
  17. Азербайджанская сельско-хозяйственная перепись 1921 года. Итоги. Т. I. Вып. XIII. Нухинский уезд. Издание Аз. Ц. С. У. 1922. 2–3.
  18. Киш. 5. Azərbaycan Sovet Ensiklopediyası. 1981. səh. 414.
  19. MÜSƏLMAN DİNİ İCMALAR - 2016-cı ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-21 at the Wayback Machine. scwra.gov.az  (az.)