Albion — Britaniya adalarının (İrlandiya istisna olmaqla) qədim adı.
Albion adı ilk dəfə olaraq e.ə. VI əsrdə qədim yunanların, o cümlədən yunan coğrayafiyaşünası Ptolemeyin əsərlərində çəkilmiş, sonralar isə qədim Roma və orta əsrlər ədəbiyyatına keçmişdir. Kral Artur haqqında əfsanələrdə də bir çox hallarda Albion ifadəsindən istifadə olunmuşdur. Fərziyyələrə görə Albion kelt və ya latın (albus - ağ və ya alb - qaya: Duvr yaxınlığındakı əhəngdaşı qayalıqlarının rəngindən götürülmüşdür) mənşəli sözdür. Alba eyni zamanda müasir şotland dilində Şotlandiyanın adıdır.
Britaniyalılar üçün Albion adı yüksək məna kəsb edir, digər ölkələrdə isə daha çox istehza məqsədi ilə izah olunur. Keçmişdə Britaniya diplomatiyasını səciyyələndirmək üçün "məkrli Albion" ifadəsindən istifadə olunurdu.
Bir sıra mənbələrbə Britaniyanın "Dumanlı Albion" adlandırılmasının əsas səbəbi ilin əksər günlərində adanın dəniz səviyyəsindən aşağı hissəsinin dəniz dumanı ilə əhatə olunmasıdır.