Alcea kusjariensis

Qusar gülxətmisi (lat. Alcea kusjariensis) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin gülxətmi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B1ab(v) +B2ab(v). Qafqazın nadir, endemik növüdür.

Qusar gülxətmisi
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Alcea kusjariensis

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Ulduzşəkilli tükcüklərlə sıx tüklənmiş, çoxillik ot bitkisidir. Gövdəsi 50-100, nadir hallarda 150 sm hündürlükdədir. Yarpaqları uzun saplaqlı, yarpaq ayalarının üst tərəfi yaşıl, çökək damarcıqlara görə bir qədər qarışıq, alt tərəf, xüsusən cavan yarpaqlarda, çox tükcüklü olduğuna görə bozarmış haldadır. Çiçəkləri uzun halda düzülmüş çiçək qrupunda, tək-təkdir. Kasacıq 18-22 mm uzunluğunda olur. Tac 30-58 mm uzunluğunda, parlaq-sarı rəngdədir. Meyvəsinin diametri 20 mm-dək, 18-34 qanadlı meyvəciklərdən ibarətdir, arxa və yan orta hissədən çox tükcüklü olur.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Çiçəkləmə və meyvəgətirmə dövrü iyun-avqust-oktyabr aylarına təsadüf edir. Toxum çoxalır,orta dağ qurşağında, quru gilli, daşlı-əhəngli yamaclarda rast gəlinir, kserofit, işıqsevən, istisevən, quraqlığa davamlıdır. Dekorativ və dərman bitkisidir.

Böyük Qafqazın Quba sahəsi (Qusar rayonu-Qusar şəhəri ətrafı; Quba rayonu-Quba şəhəri ətrafı, Afurca kəndi ətrafı, Təngəaltı; Altıağac ətrafı) və şərq hissəsi (Şamaxı rayonu – Mərəzə qəsəbəsi, Şərədil və Nağaraxana kəndlərinin ətrafı); Samur-Dəvəçi və Xəzəryanı ovalığı. Meşə talalarında, kolluqlarda, dəniz kənarı qumluqlarda, otlu yamaclarda, zibilli yerlərdə bitir.

Sayı və tendensiyası

[redaktə | mənbəni redaktə et]

Populyasiyanın sayı azdır əhali tərəfindən geniş istifadə edilməsi populyasiyanın azalma tendensiyasını yaradır.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Antropogen təsirlərdir (yerli əhali tərəfindən müalicə məqsədi ilə yığılması, otarılma).

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Tam mühafizə olunması təklif edilmişdir. Hal-hazırda xüsusi mühafizə tədbirləri aparılmır. Yalnız Altıağac ətrafında qorunur. AMEA-nın Botanika Bağında (Bakı) becərilir. Növün yığılmasının qadağan edilməsi, yeni yayılma yerlərinin aşkar edilməsi, toxumlarının toxum bankında saxlanılması təklif olunur.