Alman iqtisadi möcüzəsi

Alman iqtisadi möcüzəsi (həmçinin Qərbi alman iqtisadi möcüzəsiReyn möcüzəsi; alm. Wirtschaftswunder[1]) Almaniyada İkinci Dünya müharibəsindən sonra 1948-ci ildən 1960-cı illərin ortalarına qədər neoliberalizmə əsaslanan sürətli iqtisadi bərpa dövrüdür. Termin ilk dəfə bu şərtlərlə bağlı 1950-ci ildə The Times[2] qəzetində istifadə edilmişdir.

Volkswagen Beetle - alman iqtisadi möcüzəsinin simvoludur.

İqtisadi möcüzə dövrünün başlanğıcı 1948-ci ildə Trizoniyada pul islahatı hesab olunur ki, bu da qanuni ödəniş vasitəsi kimi reyxsmarkın alman markası ilə əvəzlənməsinə səbəb oldu. Dövrün əsas xüsusiyyətləri aşağı inflyasiya səviyyəsi, işsizliyin azalması (0,7%-ə qədər), ÜDM-in yüksək artım templəri (ildə 8%-ə qədər) və sənaye istehsalının əhəmiyyətli artımı olmuşdur. “Möcüzə”yə səbəb olan siyasətin “atası” Lüdviq Erhard hesab olunur. O, kansler Konrad Adenauer hökumətində iqtisadiyyat naziri vəzifəsində çalışmışdır. İqtisadi möcüzənin nəticələri əmtəə çatışmazlığının aradan qaldırılması, ölkənin müharibədən zərər çəkmiş sənayesinin və infrastrukturunun sürətli bərpası, ölkənin dünya bazarlarına qaytarılması, əhalinin həyat səviyyəsinin yüksəldilməsi olmuşdur. 1950-ci illərin ortalarında Avropanın ən inkişaf etmiş ölkələrindən birinə çevrildi. 1950-ci illərin sonundan 1960-cı illərin əvvəllərinə qədər olan dövrdə əhaliyə sosial təminat verən bir sıra qanunların (xüsusən, 1961-ci il tarixli Sosial Yardım Qanunu) qəbulu da “möcüzə”ni dəstəklədi.

Bir sıra hallarda “alman iqtisadi möcüzəsi” termini eyni zamanda öz iqtisadiyyatını bərpa etməyə müvəffəq olmuş Avstriyaya da şamil edilir.

  1. Wirtschaftswunder. In: Der Brockhaus Zeitgeschichte: vom Vorabend des Ersten Weltkrieges bis zur Gegenwart. 2003, ISBN 3-7653-0161-2; Wirtschaftswunder. In: Brockhaus, die Enzyklopädie: in vierundzwanzig Bänden. Band 24, 1999, ISBN 3-7653-3100-7.
  2. "Wirtschaftswunder, n." Oxford English Dictionary Online. 2009-09. 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-16.