Almanların Antarktida ekspedisiyası (1938-1939) — alman dəniz kapitanı Alfred Ritscher (1879–1963) tərəfindən rəhbərlik edilən ekspedisiya nəzərdə tutulur. Ekspedisiya alman dövləti tərəfindən təşkil edilən rəsmi üçüncü Antarktida ekspedisiyasıdır. Ekspedisiya Herman Görinqin nəzərdə tutduğu dörd illik planın bir hissəsi kimi həyata keçirilmişdir. Dövlət rəsmilərindən biri olan Helmuth Vohlthat bu planın hazırlanmasına məsul şəxs təyin edilmişdir. Ekspedisiyanın həyata keçirilməinin əsas səbəbi iqtisadi maraqlar idi. Çünki alman dövləti sənaye, yemək və pəhriz yağlarından olan xarici asılılığı ortadan qaldırmağa çalışırdı. Buna görə də, ekspedisiya qarşısına Antarktida alman balina ovlama məntəqəsinin əsaslarını qoymaq, orada balıq ovlanma potensialını araşdırmaq hədəfləri qoyulmuşdu. Hazırlıqlar ciddi məxfilik şəraitində aparılıb, çünki müəssisəyə həmçinin 20° Qərb və 20° Şərq arasında bölgədə Antarktika ərazisinin gələcək işğalı üçün texniki-iqtisadi qiymətləndirmə aparmaq tapşırılıb.[1][2]
1938-ci ilin iyulunda kapitan Alfred Ritscherə hazırlıqlara başlamaq icazə verildi. O, bir neçə ay ərzində ekspedisiyaya lazım olan alətlərin, logistikanın və təşkilatı məsələlərin həll edilməsi ilə məşğul oldu. Balina yağı o zaman Almaniyada marqarinin və sabunun istehsal edilə bilinməsi üçün əsas xammal maddəsi hesab edilirdi və ölkə bu xammalı Norveçdən alırdı. Almaniya Norveçin ən çox balina yağı satdığı ikinci ölkə idi və satın alınan məhsulun ümumi miqdarı illik 200.000 tondan çox idi. İdxaldan asılılıq və yaxınlaşmaqda olan müharibənin xərcləri Almaniyanın maliyyə ehtiyatları üzərində əlavə yük idi. Balinalar üzrə ekspert olan Otto Kraulun dəstəyi ilə başladılan ekspedisiyanın məqsədi Antarktidada balina ovlama məntəqəsi qurmaq və gələcək araşdırmalar üçün ərazinin xəritələnməsini həyata keçirmək idi.
Hazırlıqlar üçün cəmi 6 aylıq vaxt verilməsindən sonra Ritscher köhnəlmiş MS Schwabenland gəmisinə və Lufthansanın Atlantik okeanı servisində olan təyyarəyə güvənməli idi. O, bu ləvazimatlardan yararlanaraq sahil xəttini araşdırmalı, müvafiq bioloji, meteoroloji, okeanoloji və geomaqnetik araşdırmalar aparmalı idi. Modern aerofotoqrammetrik metodlar tədbiq edilməklə naməlum Antarktik zolaqların ərazi araşdırması aparılmalı idi. Bunlar üçün Boreas və Passat adlandırılan iki dəniz təyyarəsi - Dornier Do J II ekspedisiyanın xidmətinə verilmişdi. Onlar dənizə MS Schwabenland ekspedisiya gəmisində buxar katapultu ilə buraxılmalı idi. Əsas hazırlıqlar tamamlandıqdan sonra 33 ekspedisiya üzvü, həmçinin MS Schwabenland gəmisinin 24 heyət üzvü 17 dekabr 1938-ci ildə Hamburq şəhərini tərk edərək yola düşdülər.[3]
Ekspedisiya 19 yanvar 1939-cu ildə Şahzadə Marta Torpağına çatdı və 19 yanvardan 15 fevrala qədər Kraliça Mod Torpağı istiqamətində hərəkət etdi. 7 araşdırma uçuşu nəticəsində 20 yanvardan 5 fevrala qədər 350.000 km² ərazinin xəritəsi hazırlandı. Hinterlandda əvvəllər bilinməyən bir neçə buzsuz dağ sıraları, kiçik buzsuz göllər bu uçuşlar nəticəsində aşkar edildi. Buzsuz Schirmacher oazisi bu zaman aşkar edilmişdi. Bu oazisdə indi Maitri və Novolazarevskaya araşdırma stansiyaları fəaliyyət göstərməkdədir. Oazisə onu çəkən və ekspedisiyanın üzvü olan Riçard Schirmacherin adı verilmişdir. Uçuş çoxbucaqlılarının dönüş nöqtələrində 1,2 m (3,9 fut) uzunluğunda alüminium oxlar, 30 sm (12 düym) polad konuslar və svastika ilə bəzədilmiş üç yuxarı stabilizator qanadları almanların sahiblik iddialarını müəyyən etmək üçün atıldı (lakin bununla belə bu məsələ heç vaxt qaldırılmayıb). Bundan başqa, həyata keçirilmiş xüsusi 8 uçuşda Ritscherin özü də iştirak edirdi. Bu uçuşlar zamanı xüsusən maraqlı bölgələrin videosu və rəngli fotoları şəkilmişdir. Lakin, kifayət qədər avadanlıq buz şelfinə xizək ekspedisiyalarına və ya dağlarda uçan qayıqların enməsinə imkan vermədi. Bütün kəşfiyyatlar ekspedisiyanın bir üzvü belə daxili əraziyə daxil olmadan aparıldı.[4]
10 ° Qərb and 15 ° Şərq dairələri arasındakı bölgə ekspedisiyanın rəhbəri tərəfindən Yeni Şvabiya adlandırıldı. Bu ərəfələrdə Norveç hökuməti almanların bu fəaliyyətindən xəbərdar oldular. Beləki, Rittscherin köməkçisi Ernst Herrmannın arvadı bu barədə məlumatı norveçli geoloq Adolf Hoelə bildirmişdi. 14 yanvar 1939-cu ildə Norveç hökuməti 20 ° Qərb and 45 ° Şərq dairələri arasındakı bütün bölgəni özünün ərazisi elan etdi. Kraliça Maud Torpağı olaraq adlandırılan bu bölgənin ənubdakı bitiş nöqtəsi bildirilməmişdi.[5]
6 fevral 1939-cu ildə ekspedisiya üzvləri özlərinin dönüş səyahətlərinə başladılar. Dönüş zamanı onlar Antarktidanın sahil boyunca, həmçinin Fernandu-di-Noronya və Buve adasında okean araşdırmaları həyata keçirildi. Hərbi Dəniz Qüvvələrinin Ali Komandanlığının tələbi ilə ekipaj üzvləri sualtı qayıqların fərq edilmədən şirin su və qida ilə təmin edilib-edilmədiyini yoxlamaq üçün martın 18-də Braziliyanın Trindade adasına endi. Desant heyəti kiçik bir körfəzdə qəzaya uğrayıb və xilas edilməli olub. Eniş ən ciddi məxfilik şəraitində həyata keçirildiyi üçün Ritscher bu hadisəni yekun çap hesabatına daxil etmədi. 11 aprel 1939-cu ildə Schwabenland Hamburqa gəldi.[6]
Bu bölgə ilk dəfə almanlar tərəfindən araşdırıldığı üçün onların buraya verdikləri Yeni Şvabiya adı hələ də istifadə eidlməkdədir. Bu ekspedisiya üzvlərinin ilk dəfə xəritəyə köçürdüyü bəzi coğrafi obyektlərin adlandırılması həyata keçirilməmişdi. Bu obyektlər yalnız 1949-1952-ci illərdə həyata keçirilən Norveç-Britaniya-İsveç Ekspedisiyası zamanı adlandırıldı. Digərləri yalnız 1958-1959-cu illərdə Norveç Antarktika Ekspedisiyası tərəfindən çəkilmiş hava fotoşəkilləri ilə yenidən çəkildikdən sonra adlandırıldı.[7][8][9]
1942-ci ilə qədər geodeziya üzrə mütəxəsis Otto fon Qruber ekspedisiya zamanı araşdırılmış bölgənin 1:50.000 nisbətində xəritəsini hazırladı. Buraya Yeni Şvabiyanın şərq hissəsinin və bütün araşdırılmış bölgənin xəritəsi daxil idi. Xəritələnmiş coğrafi obyektlərə balinalar üzrə ekspert və pilot Otto Kraulun şərəfinə adlandırılmış Kraul dağları da var idi. Yeni Şvabiyanın qərb hissəsi üzrə elmi dəyərləndirmələr II Dünya müharibəsinə görə dayandırıldı və ekspedisiya zamanı çəkilmiş 11.600 fotonun əksər hissəsi müharibə zamanı itdi. Ritscher tərəfindən yayımlanmış şəkil və xəritələrdən başqa, müharibədən yalnız 1100 ərazi fotosu sağ qurtula bilsə də, bunlar yalnız 1982-ci ildə kəşf edildi və elmi dəyərlədirmələrə salına bildi. Bioloji, geofiziki və meteoroloji tədqiqatların nəticələri yalnız 1954-1958-ci illər arasındakı müharibədən sonrakı dövrdə dərc olundu. Kapitan Ritscher əslində daha təkmil, daha yüngül təyyarələrlə araşdırma aparmağın mümkün olduğu başqa bir ekspedisiya hazırlamışdı, lakin İkinci Dünya müharibəsinin başlaması bu planı həyata keçirməyi mümkünsüz etdi.[10][11]
Böyük gizlilik və hazırlıq müddətinə az vaxt ayrılması nəticəsində ekspedisiyanın aparılmasından, nəticəsindən ictimaiyyətin xəbəri və təbii olaraq da marağı olmamışdır.
Ekspedisiya üzvləri özlərinin ilk teleqrafını geri dönüş səyahətləri zamanı Keyptaundan Helmur Vohlthata göndərmişdilər. O da, öz növbəsində presreliz hazırlamış və 6 mart 1939-cu ildə onu yayımlamışdır. Böyük Britaniyanın The Daily Telegraph və ABŞ-nin New York Times qəzetləri ekspedisiyadan Norveçin ərazisinin işğalı kimi bəhs etdikləri halda, alman mətbuatından yalnız Hamburqun yerli mətbuatı ekspedisiyanın geri dönməsi barədə məlumatı yayımlamışdı. 25 may 1939-cu ildə Berliner Illustrirte Zeitung qəzeti kəşf edilmiş dağların və uçuş poliqonlarının kiçik miqyaslı xəritəsini ekspedisiya rəhbərinin icazəsi olmadan dərc etmişdir. Xəritə təyyarə mexaniki Franz Preuschoff tərəfindən tərtib edilmişdir və buna görə də "Preuschoff xəritəsi" adlanır. Bu xəritə 1939-cu ildə Avstraliyalı kartoqraf E. P. Bayliss tərəfindən Antarktidanın 1: 10.000.000 miqyaslı xəritəsinə daxil edilmişdir.
Ekspedisiya barədə məlumatlardan biri Berlin Zooloji Bağında İmperator pinqvininin yerinin yanındakı lövhədə yerləşdirilmişdir. Pinqvinlərlər uçuş kapitanı Rudolf Mayr, uçuş mexaniki Frans Preuschoff və zooloq Erik Barkley tərəfindən tutulmuş, 12 aprel 1939-cu ildə Cuxhavenə gətirilmişdir. Ekspedisiyanın geoloqu Ernst Herrmann Ekspedisiya geoloqu Ernst Herrmann 1941-ci ildə 60 ildən çox müddət ərzində daha geniş auditoriya üçün yeganə populyar elmi kitabı nəşr etdi. Sonrakı onilliklər ərzində məlumat çatışmazlığı səbəbindən ekspedisiya və Yeni Şvabiya ətrafında miflər və konspirologiya nəzəriyyələri xeyli dərəcədə inkişaf etdi.[12][13]
Almaniyanın ekspedisiyanın geri dönməsindən sonra 1939-cu ilin avqustundaYeni Şvabiya adlanan Alman Antarktik Sektorunun yaradılmasını elan etsə də, heç bir zaman bölgəyə rəsmi ərazi iddiası etmədi. Mövcud olan fikirlər isə 1945-ci ildə tamamilə tərk edildi və bir daha dilə gətirilmədi.[14] 1981-ci ildə bölgədə tikilən Georg-von-Neumayer-Station araşdırma infrastrukturuna qədər heç bir alman balina ovlama məntəqəsi və ya başqa bir şey inşa edilmədi. Hal-hazırda Neumayer-Station III stansiyası da bu bölgədə yerləşir.
Yeni Şvabiya hazırda Ədliyyə Nazirliyi və Polisin Qütb İşləri Departamenti tərəfindən Antarktika Müqaviləsi Sisteminə əsasən Norveç tərəfindən asılı ərazi kimi idarə olunan Kraliça Mod Torpağının kartoqrafik ərazisidir.[15]