Alpavut oymağı — Qaraqoyunlu tayfa ittifaqına daxil olan qurumlardan biri.
Alpavut adının dürlü yozumu var. Alp əski türk dilində "igid", "qoçaq", qut isə cəmlik bildirən formantdır. Deməli, alpavut, alpaqut igidlər, ərlər anlamındadır. Alpavut adının bir variantı da alpağutdur. Alpağut adı "Divani lüğət it-türkdə" belə açıqlanır: "Tək başına düşmənə qalib gələn, ələ keçməyən igid".
Alpağut həm də hərbi rütbə, ünvan olub. Kül təkin yazılarında deyilir: "Öncə gəlmiş qoşununu Kül təkin qovub toxarlardan bir qəbilə, alpağulardan on nəfəri Tona təkinin dəfnində mühasirə edib öldürdü".
Alpağut VIII əsr uyğur abidələrində döyüşçü anlamındadır. Son çağlarda isə qıpçaq və qazan tatarlarının bir çox şivələrində bəy-böyük, mal-mülk yiyəsi kimi işlənmişdir.
Alpavut oymağı Qaraqoyunlu eli tənəzzülə uğrayandan sonra Ağqoyunlu tayfa birliyinə qatıldı.
Alpavut oymağının əmirləri həm Qaraqoyunlular, həm də Ağqoyunlular dövlətində mühüm rol oynamışdılar.
Alpavutlardan Qaraxan (Qorqan) bəy və Sarxan (Sorqan) bəy adlı iki əmir Qara Yusif bəy Baranlıya qulluq edirdi. Qaraxan bəy Həmədanın hakimi, Sarxan bəy isə onun yardımçısı olmuşdu.
Alpavut oymağından çıxan adlı-sanlı əmirlərdən biri də Yaqub bəy idi. Yaqub bəy Qara Iskəndər bəyə xidmət edirdi.
Yaqub bəyin Pir Məhəmməd bəy, Rüstəm bəy adlı oğulları vardı.
Pir Məhəmməd bəy Alpavut Pir Budaq mirzənin ölümündən sonra Bağdadın hakimi olmuşdu. Pir Məhəmməd bəyin təvaçı ünvanı vardı.
Pir Məhəmməd bəyin 1467-ci ildə vəfat etdi.
Yaqub bəyin ikinci oğlu Rüstəm bəy Alpavut Sultan Cahanşah bəy Baranlının təvaçılar divanının əmiri idi. Sultan Həsən bəy Bayandurla savaşda əsir düşdü. Ağqoyunlu sultanı onu əfv etdi.
Alpavut oymağı Qaraqoyunlu dövlətinin yıxılmasından sonra Ağqoyunlu elinin tərkibinə qatıldı.
II Pir Məhəmməd bəy Alpavut Sultan Həsən bəy Bayandurun (1457-1478) seçkin əmirləri içindəydi. Tərcan savaşında osmanlılara əsir düşdü. Osmanlılar onun kim olduğunu soruşanda şəstlə cavab verdi: -Mən Həsən padşaham! Sultan Məhəmməd Fateh hirslənib, Pir Məhəmməd bəyi Tokat qalasına saldırdı. Alpavut əmirlərindən biri də Məhəmməd bəy idi. Sultan Xəlil bəy Bayandura (1478) xidmət edirdi. Sultan Yaqub bəy (1478-1490) qardaşını yenəndən sonra Məhəmməd bəyi öldürdü. Məhəmməd bəyin Hacı bəy adlı oğlu vardı. Hacı bəy Sultan Yaqub bəyin hakimiyyəti dönəmində Isfahanın darğası idi. Bir zamanlar Bayandur bəy Bayandurla birləşib, sultana qarşı çıxsa da peşman olub itaətini bildirdi. Alpavut oymağı sonralar Qızılbaşlar dövlətinin tərkibinə qoşuldular. O dönəmdə oymağın başçısı Xəlil xəlifə idi. Xəlil xəlifənin Yaqub bəy adlı oğlu vardı. Yaqub bəy 1514-cü ildə Avnik qalasının kutvalı, qalabəyi olmuşdu. I Şah Təhmasibin hakimiyyəti dönəmində (1524-1576) Alpavut oymağının başçısı Ibrahim xəlifə idi. I Şah Abbasın hakimiyyəti çağında (1581-1629) oymağın başçılarından biri də Mənsur bəy idi. Şah Mənsur bəyə Şirvanda tiyul vermişdi. Alpavutlar Şirvan və Qarabağ bəylərbəyliklərində torpaq alıb yaşamağa başladılar. Bu oymaq Qarabağda Iyirmidörd elinin tərkibinə qatılmışdı… Qarabağda Alpavut adlı bir nahiyə, bir neçə kənd vardı.