ANTİBARİONLAR – barionların antizərrəcikləri. İşarəsi barionların işarəsi kimi olur və üzərinə tilda (~) qoyulur. Antibarionlar antinuklonlardan və antihiperonlardan ibarətdir. Antibarionlar ilə barionların kütləsi, spini, yaşama müddəti eynidir; elektrik və nüvə yükləri, maqnit momentləri əksişarəlidir. Antibarionların hamısı 10–70 Gev enerjili zərrəciklər yaradan sürətləndiricilərin köməyi ilə təcrübədə tapılmışdır. Antibarionların ümumi xassəsi barionlarla annihilyasiya etməsidir. Antibarionlar ilə barionların toqquşması bir neçə mezonlu annihilyasiyaya səbəb ola bilər. "Heyranlanmış" və "gözəl" barionlara müvafiq olaraq antineytronun, antihiperonun və Antibarionların parçalanması zəif qarşılıqlı təsirlə, barion rezonanslara müvafiq olan Antibarionlar isə güclü qarşılıqlı təsirlə yaranır. Adronun kvark tərkibli modeli çərçivəsində Antibarionlara üç antikvarkın çataqlaşmış halı kimi baxılır.
Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 534. ISBN 978-9952-441-02-4.