Aortal stenoz

Aortal stenoz (daralması, qısa AS) — bədənin ən iri arteriyası sayılan, bütün bədənə qan aparan aortanın daralması. Stenozun yerindən asılı olaraq 3 növü ayırd edilir. Ən yayqın biçimi valvulyar (qapaq) daralmadır (75–80%). Aortal qapaq ürəyin sol mədəciyi və aorta arasında yerləşir. Sol mədəciyin və ürək çəpərinin əzələ kütləsinin böyüməsi və sol mədəciyin çıxış yolunun daralmasıyla səciyyələnən hipertrofik kardiomiopatiya da qazanılmış aortal stenozlardan sayılır.

XBT-10 təsnifatı
Revmatik ürək xəstəliyində aortal stenoz (autopsiya): qalınlaşmış bitişmiş aortal qapağın taylarını göstərmək üçün aorta kəsilib.
Revmatik ürək xəstəliyində aortal stenoz (autopsiya): qalınlaşmış
bitişmiş aortal qapağın taylarını göstərmək üçün aorta kəsilib.

Revmatik ürək xəstəliyində aortal stenoz (autopsiya): qalınlaşmış

bitişmiş aortal qapağın taylarını göstərmək üçün aorta kəsilib.

Q23.0 Anadangəlmə aortal qapaq stenozu
Q24.4 Anadangəlmə qapaqaltı aortal stenoz
Q25.3 Aorta stenozu (qazanılmış)
- Qapaqüstü aorta stenozu
I35.0 Aortal qapaq stenozu
I35.2 Aortal qapaq stenozu və çatışmazlığı
XBT-10 onlayn (ÜST — 2006-cı il versiyası)

70 yaşından erkən özünü büruzə verən aortal qapaq stenozu çox vaxt anadangəlmə ikitaylı aortal qapaq qüsuruyla bağlıdır. Anadangəlmə aortal qapaq stenozu daha çox kişi şeylaqlarında rast gəlinir, aortanın koarktasiyası və qalxan hissəsinin genişlənib yırtılmaya (disseksiya) uğramasına səbəb ola bilər.[1]

Aortanın 3 yerində anadangəlmə daralma ola bilər:

  • Qapaq stenozu (valvulyar stenoz)
  • Qapaqüstü stenoz (supravalvulyar stenoz)
  • Qapaqaltı stenoz (subvalvulyar stenoz)

Xəstəliyin simptomları qüsurun dərəcəsindən asılıdır. Çox vaxt yüngül və orta dərəcəli qüsurlu insanlar şikayətsiz olur, və xəstəlik özünü ağır dərəcəyə çatanda büruzə verir. İlk bəlirti fiziki iş zamanı ortaya çıxan təngnəfəslik ola bilər: o, da o qədər xəfif ola bilər ki, xəstə onu sezməyə bilər. Başqa simptomlar sinə anginası (sinə ağrısı), bayılma (bayılma, angina, tövşüma = BAT triosu — ingiliscə SAD trio) qəfləti ölüm ola bilər.

Stenokardiyası (sinə anginası) olan xəstələrin 5 il ərzində ölmə ehtimalı 50%-dir. Sinə ağrıları sol mədəciyin genişlənməsi sonucunda meydana gəlir: yüksək basınc qradientini dəf etmək üçün sol mədəciyin divarı genişlənir, ancaq tac arteriyalarından gərəkən daha yüksək qan təchizatını ala bilmir. Sinə ağrıları fiziki iş zamanı əmələ gəlir. Bu mərhələdə veloerqometriya müayinəsi işemiyanı aşkalaya bilər.

Aortal qapaq daralması zamanı meydana gələn bayılmalar çox vaxt fiziki iş vaxt olur. Qüsur aradan qaldırılmazsa, bayılması olan xəstənin 3 il içində ölmə ehtimalı 50%-dir.

Ürək çatışmazlığı

[redaktə | mənbəni redaktə et]

Ürək çatışmazlığı simptomları [paroksizmal (qəfləti) gecə təngnəfəsliyi, ortopnoe (məcburi oturaq vəziyyət), fiziki iş zamanı tövşümə) bir neçə səbəbdən əmələ gələ bilər:

  • diastolik ürək çatışmazlığı — sol mədəciyin qalınlaşıb boşala bilməməsi nəticəsində meydana gəlir.
  • sistolik ürək çatışmazlığı — sol mədəciyin pompalama (yığılma, nasos) gücünün azalması sonucunda ortaya çıxır.
  • işemiya (ürək toxumalarının qan təchizatının pozulması)
  • yuxarıda çəkilən səbəblərin bir və ya bir neçəsinin eyni zamanda mövcudluğundan.[2]

Ağırlaşmalar

[redaktə | mənbəni redaktə et]

Mümkün olan ağırlaşmalar:

  • Qəfləti ürək ölümü
  • Ürək çatışmazlığı
  • Keçiricilik pozuntuları
  • Kirəcli embolizasiya (damar tıxanması)

Exokardioqrafiya

[redaktə | mənbəni redaktə et]
Aortal stenozun dərəcələri[3][4]
AS dərəcəsi Orta qradient (mmHg) Aortal qapaq sahəsi (cm²) Şırnaq surəti (m/san)
Yüngül < 25 > 1,5 < 3
Orta 25–40 1–1,5 3–4
Ağır > 40 < 1 (və ya < 0.5 cm²/m²
> 4

bədən səthinin sahəsi)

Kritik > 80 < 0.5

ExoKQ əsas diaqnostik üsuldur: AS-un mövcudluğunu təsdiqləyir, qapağın daralma və kalsifikasiya dərəcəsini, SM çalışmasını və qalınlığını təyin edir, eyni zamanda başqa ürək qapaq və aorta qüsurlarını aşkarlayır, proqnostik alətdir.[3][4] AS-da qüsur dərəcəsini dəyərləndirmək üçün doppler ExoKQ-sın tətbiq edilir. Aortal qapaq sahəsi qeyri-invaziv üsulla exokardioqrafik şırnaq surətlərindən işlətməklə hesablana bilər. Bernulli düsturundan və qapaqdan keçən şırnağın surətindən istifadə etməklə basınc qradienti hesablanır:

Qradient = 4(surət)² mmHg

AS-un dərəcəsini qiymətləndirilməsində Doppler ExoKQ-sının əsas məhdudiyyəti ultrasəs şüasının şırnağa parallel olmadıqda qradienti aşağı dəyərləndirməsidir. Ona görə kliniki cəhətdən ağır, ancaq doppler exokardioqrafik cəhətdən yüngül və ya orta dərəcəli AS-lu xəstələrdə doppler müayinə təkrarlanmalı yaxud ürəyin kateterizasiyası keçirilməlidir.

Nadir hallarda Doppler AS-un dərəcəsini şişirdə bilər: ağır anemiya (Hb < 8 q/dl), kiçik ölçülü aorta kökü, ardıcıl parallel daralmalar olduqda.

Stress-Exokardioqrafiya

[redaktə | mənbəni redaktə et]

Ürəyin dəqiqəlik həcmi normaldırsa və orta basınc qradienti 40 mmHg-dən azdırsa, ağır dərəcəli AS az ehtimallıdır. Ancaq aşağı dəqiqəlik həcm olduqda ağır dərəcəli AS-da aşağı basınc qradienti ola bilər (aşağı axın-aşağı qradientli AS). Bu, əsasən sol mədəciyin pompalama çalışması azalmış xəstələrdə müşahidə olunur. Digər tərəfdən, basınc qradienti 40 mmHg-dən azdırsa kiçik qapaq sahəsi qəti şəkildə ağır AS-u təqdiqləmir, çünki yüngül və orta dərəcəli daralmış qapaqlar tam açılmayıb funksional kiçik qapaq sahəsiylə sonuclana bilər (yalançı-ağır AS). Belə hallarda gerçək və yalançı ağır AS-u ayırd etmək üçün aşağı dozalı dobutaminlə stress-exokardioqrafiya aparıla bilər.

Veloerqometriya (fiziki iş sınağı) ağır dərəcəli AS-lu simptomlu xəstələrdə əks-göstərişdir. Simptomsuz xəstələrdə həkim nəzarəti altında keçirilə bilər.

Aortal qapağın dəyişdirilməsi

[redaktə | mənbəni redaktə et]

Simptomlu xəstələrdə açıq cərrahi yolla aortal qapağın dəyişilməsinə (AQD) göstəriş var. Qapaq protezləri iki cür olur: bioloji və süni (mexaniki). Protezlərin seçimi xəstədə yaşama gözləntisindən və antikoaqulant maddələrə (qan durulaşdırıcıları) dözümlülükdən asılıdır.

Dəriiçi ballonlu qapaq plastikası

[redaktə | mənbəni redaktə et]

Kritiki durumda olan ağır xəstələrdə simptomların yüngülləşməsi (palliativ) və yaxud AQD-ədək aralıq müalicə üsulu kimi perkutan (dəriiçi) ballon valvuloplastikası (qapaqplastikası, DBQP) istifadə olunur. DBQP-dan sonra AS-un yüksək qayıtma ehtimalı və ölüm göstəricisinin azalmaması üsulun əsas nöqsanlarıdır. Ona görə bu müalicə yolunu yalnız ağırdərəcəli AS-da və ya kardiogen şok zamanı aşağıdakı xəstələrdə tətbiq etmək olar:

  • Yaşama gözləntisi qısa və başqa xəstəlikləri olan xəstələrdə
  • Açıq cərrahi əməliyyatdan imtina edən xəstələrdə
  • Ürək çatışmazlığı olan və başqa orqanda (ürək-damar sistemindən xaric) təcili surətdə əməliyyata ehtiyac duyan xəstələrdə
  • Kritikdərəcəli AS-lu hamilə qadınlarda.

Bu müdaxilə yolunun perforasiya (dəlinmə), ürək infarktı, ağır aortal çatışmazlıq kimi ciddi ağırlaşmaları ola bilər. AS-un müdaxiləardı geri qayıtması yayqın haldır.

Dərman müalicəsi

[redaktə | mənbəni redaktə et]

Dərman seçənəkləri simptomatik AS-da məhduddur. Avropa Kardioloji Qurumunun qılavuzlarına[5] görə, əməliyyat oluna bilməyən xəstələrdə diqoksin, sidikqovucular, AÇF inhibitorları ya da angiotenzin reseptor blokatorları istifadə oluna bilər[3].

Endokarditin önlənilməsi

[redaktə | mənbəni redaktə et]

Aortal qapaq stenozunda bakterial endokarditin önlənməsi üçün artıq antibiotik profilaktika tövsiyə olunmur[6].

Fiziki fəaliyyət

[redaktə | mənbəni redaktə et]

Yüngül dərəcəli AS zamanı xəstə normal yaşamını davam etdirə bilər. Orta dərəcəli AS-da orta və ağır fiziki işdən və yarışlı idman növlərindən uzaq durmaq gərəkir.

Uzun müddətli monitorinq

[redaktə | mənbəni redaktə et]

AS-un dərəcəsindən və aparılmış əməliyyatdan asılı olaraq xəstələr vaxtaşırı yoxlamalardan keçməlidir:

  • yüngül AS — hər il anamnez və fiziki müayinə, hər 3–5 ildən bir exokardioqrafiya,
  • orta və ağır AS — fiziki müayinə ildə 2 dəfə və hər şikayəti olanda. ExoKQ orta dərəcəli AS-da hər iki ildən bir və asimptomatik ağır dərəcəli AS-da hər il keçirilməlidir.
  • AQD əməliyyatından sonra və hər yeni şikayət zamanı ExoKQ keçirilməlidir.
    • Süni qapaqlı xəstələr ömürboyu qandurulaşdırıcıları (məs., varfarin) ilə müalicə almalı, və vaxtaşırı qanı analiz olmalıdır.
  1. "The Merck Manual. Aortic Stenosis (last full review/revision November 2012 by Guy P. Armstrong)". 2015-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-25.
  2. eMedicine. Xiushui (Mike) Ren. Aortic Stenosis. Arxivləşdirilib 2022-08-30 at the Wayback Machine
  3. 1 2 3 "European Society of Cardiology. Clinical practice guideline. Valvular Heart Disease (Management of), 2012" (PDF). 2013-05-14 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2013-06-26.
  4. 1 2 "Circulation (journal of American Heart Association). 2008 Focused Update Incorporated Into the ACC/AHA 2006 Guidelines for the Management of Patients With Valvular Heart Disease" (PDF). 2016-03-09 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2013-06-26.
  5. Sultan Məcid Qəniyev. Русско-татарский (азербайджанский) словарь Arxivləşdirilib 2015-04-04 at the Wayback Machine. Баку: Товарищество "Каспий", 1909, BAX: s. 168 və 293.
  6. "Nishimura RA, Carabello BA, Faxon DP, et al. ACC/AHA 2008 Guideline Update on Valvular Heart Disease: Focused Update on Infective Endocarditis: A Report of the American College of Cardiology/American Heart Association Task Force on Practice Guidelines. Journal of the American College of Cardiology. August 2008;52:676–85". 2015-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-10.