Sultan Məcid Murtuzəli oğlu Qənizadə (aprel 1866, Şamaxı[2] – 22 mart 1938[1]) — Azərbaycanın tanınmış maarif xadimi, müəllim, yazıçı, tərcüməçi, jurnalist, bir sıra lüğətlər, dərsliklər, bədii əsərlər, felyetonlar müəllifi.
Sultan Məcid Qənizadə | |
---|---|
7 avqust 1919 – 27 aprel 1920 | |
Sədr | Əlimərdan bəy Topçubaşov |
7 dekabr 1918 – 27 aprel 1920 | |
Fraksiya | İttihad fraksiyası |
Əvvəlki | vəzifə təsis olundu |
Sonrakı | vəzifə ləğv olundu |
İttihad Partiyasının sədr müavini | |
14 aprel 1919 – 27 aprel 1920 | |
Əvvəlki | vəzifə təsis olundu |
Sonrakı | vəzifə ləğv olundu |
27 may 1918 – 7 dekabr 1918 | |
Fraksiya | İttihad fraksiyası |
23 fevral 1918 – 26 may 1918 | |
Fraksiya | Müsəlman fraksiyası |
Qrup | Rusiyada müsəlmanlıq qrupu |
Şəxsi məlumatlar | |
Doğum tarixi | aprel 1866 |
Doğum yeri | |
Vəfat tarixi | 22 mart 1938[1] (71 yaşında) |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | yazıçı, pedaqoq, siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Sultan Məcid Qənizadə 1866-cı ilin aprel ayında tacir Hacı Murtuzəli kişinin ailəsində dünyaya gəlmişdi. Tədqiqatçıların yazdıqlarına görə, Sultan Məcidin ulu babası Ağa Məsih Şirvani Şamaxının tanınmış şairlərindən olub. Ədibin bəzi məqalələrində "Məsihzadə" imzası ilə yazması da bu varisliyə işarədir. Sultan Məcidin atası tacir idi. Şamaxının sayılıb-seçilən ziyalılarından olub. Elmə, maarifə böyük marağı varmış. Bu səbəbdən də oğlunun ilk müəllimi özü olub. O, əvvəlcə övladına yazıb-oxumaq öyrədib, sonra da onu şəhərdəki müxtəlif məktəblərdə oxudub, bir neçə dilin öyrədilməsinə nail olub.
Rus dilini mükəmməl bildiyindən Sultan Məcid Qənizadə 1883-cü ildə Tiflisdəki Aleksandrovski Müəllimlər İnstitutuna daxil olmuşdur. Bu institut 50 ilə yaxın bir müddətdə yaxın vilayətlərin şəhər məktəbləri üçün müəllim kadrları hazırlayıb. O vaxt müsəlmanların şəhər məktəblərində müəllim işləməsi çar hökuməti tərəfindən qadağan edildiyindən Sultan Məcid Qənizadə tələbə dostu və gələcəkdə yaxın silahdaşı olacaq Həbib bəy Mahmudbəyovla birlikdə kənd məktəblərinə təyin ediliblər. Bu haqsızlıqla razılaşmayan hər iki dost Bakıya gələrək 1887-ci ildə "Rus-Azərbaycan məktəbi" adlı ibtidai təhsil ocağının yaradılmasına nail oldular. Bu maarif işığının şöləsi tezliklə yurdumuzun bir sıra bölgələrinə də yayıldı. Azərbaycan maarifinin yeni mərhələsi sayılan bu uğurlu fəaliyyətin şöhrəti başqa ölkələrdə də yeni təhsil ocaqlarının yaradılmasına təkan verdi.
1896-cı ildə İsgəndər bəy Məlikov və Əbdülxalıq Axundov ilə birgə Bakıda ilk kütləvi kitabxana açıb (17 mart 1899-cu ildə qapanıb).[3]
Onun hazırladığı bir sıra lüğətlər bu sahədə ilkin addımlardan sayıla bilər. "Lüğəti-rusi və türki" (1902), "Samouçitel tatarskoqo yazıka" və başqa kitablar S. M. Qənizadənin elmi təfəkküründən, dillərə olan münasibətindən, gərgin əməyindən, yaradıcı fəaliyyətindən, öz millətinə göstərdiyi xidmətdən və canyanğısından xəbər verir. Azərbaycan maarifinin ağırlığını çiynində şərəflə daşıyan Sultan Məcid Qənizadə bir müddət Qori Müəllimlər Seminariyasında, sovet hakimiyyəti illərində isə respublikanın Xalq Maarif Komissarlığında çalışmış, müxtəlif elmi cəmiyyətlərin, komissiyaların üzvü olmuşdur. Azərbaycan müəllimləri arasında böyük hörmətə və nüfuza malik olan bu qocaman maarif xadiminə hamı ehtiramla "Mirzə Məcid" deyə müraciət ediblərmiş. Sultan Məcid Qənizadə mədəniyyət xadimi idi. Azərbaycan teatrının inkişafı sahəsində böyük xidmətləri olub. Səhnəyə neçə-neçə istedadlı həvəskarın cəlb edilməsinə, teatr truppalarının fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə çalışan Sultan Məcidin Hüseyn Ərəblinskinin teatra gəlməsində böyük rolu olub.
Məlumdur ki, Hüseyn Ərəblinski ilk dəfə məhz Sultan Məcid Qənizadənin rejissorluğu ilə hazırlanmış "Vəziri xani-Lənkəran" komediyasının tamaşasındakı (1898) Mehtər Kərim rolunu oynamışdır. Araşdırmalar göstərir ki, Sultan Məcid həm rejissorluğu gözəl bacarırmış, həm də dramaturqluğu. Təəssüf ki, onun bu sahədəki fəaliyyəti yetərincə tədqiq edilməmişdir. Sultan Məcid Qənizadə tərcüməçi idi. Ədəbiyyatşünas alim Abbas Zamanov yazırdı: "Rus dramaturgiyasını ilk dəfə səhnəmizə gətirmək şərəfi də Sultan Məcid Qənizadəyə müyəssər olmuşdur. 1894-cü ildə o, Lev Tolstoyun "Əvvəlinci şərabçı" pyesini tərcümə edib, həmin ilin may ayında Bakıda tamaşaya qoymuşdur ki, bu da Azərbaycan səhnəsi tarixinə rus dramaturgiyasının ilk tamaşası kimi daxil olmuşdur". O da məlumdur ki, Sultan Məcidlə Lev Tolstoy məktublaşırmışlar.
Sultan Məcid Qənizadə böyük yazıçı və dramaturq idi. Deyilənə görə, ilk qələmə aldığı pyes "Qönçə xanım" adlanıb. Təəssüf ki, bu günə kimi bu pyes tapılmayıb. Rus ədiblərindən etdiyi tərcümələrlə yanaşı, Sultan Məcid xalq nağılları əsasında uşaqlar üçün mənzum hekayələr yazıbmış. Ən sanballı bədii əsəri isə "Məktubati-Şeyda bəy Şirvani" adlanır. Əslində bu, bioqrafik bir əsərdir. Romanın bütün məzmunu əsərin baş qəhrəmanı Şeyda Məsihzadənin gündəliklərindən ibarətdir. Tədqiqatçılar birmənalı olaraq təsdiqləyiblər ki, Şeyda bəy elə Qənizadənin özüdür. Roman "Müəllimlər iftixarı" və "Gəlinlər həmayili" adlı iki hissədən ibarətdir. Sovet dövründə bu romanın təhlili də ziddiyyətli şəkildə aparılmışdır. Müəllifin fanatizmə, geriliyə qarşı yönəldilmiş tənqidi təqdirlənsə də, Allaha inamı qəbul edilməmişdir. Bu səbəbdən də Qənizadənin fikirləri "ziddiyyətli görüşlər" kimi qiymətləndirilmişdir.
Sultan Məcid Qənizadə böyük jurnalist idi. Qori müəllimləri seminariyasında işlədiyi müddətdən mətbuatda müntəzəm çıxış edən Sultan Məcid Qənizadə ən çox "Dəbistan" jurnalında çap olunardı.[4] Ədəbiyyatşünas Firudin Hüseynovun yazdığına görə, Sultan Məcid Qənizadə Nəriman Nərimanovla yaxından dostluq etmiş və əqidə yoldaşı Həbibbəy Mahmudbəyovla birlikdə maarifpərvər bir mətbuat orqanı açmaq haqqında düşünürmüş. 1906-cı ildə nəşrə başlayan "Molla Nəsrəddin" jurnalının yaranışını alqışlayan və buna çox sevinən ziyalılarımızdan biri məhz Sultan Məcid Qənizadə olub. Amma təəssüf ki, tədqiqatçıların heç biri "Molla Nəsrəddin"in yazarları haqqında araşdırmalar apararkən Sultan Məcid Qənizadənin üstündən sükutla keçiblər. Heç ola bilməz ki, belə bir jurnalın yaranışına sevinən, Sabirlə dost olan, o dövrün müxtəlif mətbuat orqanlarında çıxış edən bir ədib "Molla Nəsrəddin" jurnalına nəsə yazmamış olsun. Görünür, naməlum qalan imzalardan Sultan Məcid Qənizadəyə də məxsus olanlar var. Yəqin ki, yeni tədqiqatçılar tərəfindən bu qaranlıq məsələlərə də bir aydınlıq gətiriləcək.
Sultan Məcid Qənizadə böyük Azərbaycanlı idi. Müəllimliyə başladığı ilk gündən həyatını və yaradıcılığını millətinin oyanışına, tərəqqisinə, təhsilinə və işıqlı gələcəyə sahib durmasına bağlamışdı. Görkəmli ədəbiyyatşünas Firidun Köçərli yazırdı: "Qənizadə iqtidarlı bir ədib olduğunu bildirir. Əsərlərinin hər birində təzə fikirlər, vüsətli xəyallar, dərin mənalar, nazik işarələr, gözəl əqidələr var ki, hər kəsə onları oxumağı tövsiyə edirik". Bir çox həmkarından fərqli olaraq Sultan Məcid Qənizadə yaradıcılığında da, pedaqoji fəaliyyətində də insanları Allahın buyurduğu şəriətlə yaşamağa çağırırdı. İnsan mənəviyyatını, əxlaqını önə çəkən Qənizadə dünyəvi elmləri yorulmadan təbliğ etməklə yanaşı, hər kəsi insan olmağa, insaniyyətə, milliyyətə, Vətənə xidmətə səsləyərdi. O, bütün ibrətamiz öyüdlərində vətəndaş olduğunu, Vətənə bağlılığını ifadə edirdi. O dövr yazıçılarının bir çoxunu məşğul edən problemlərdən biri də qadın azadlığı məsələsi olub. Sultan Məcid Qənizadə müsəlman aləmində əsrlər boyu davam edən qadın geriliyinə son qoymaq üçün "Gəlinlər həmayili"ndə öz fikirlərini oxucuların mühakiməsinə vermişdi. Sultan Məcid Qənizadə bütün bunlardan sonra "xalq düşməni" idi. Onun tərcümeyi-halında oxuyuruq: "S. M. Qənizadə 1937-ci ildə, 72 yaşında vəfat etmişdir". Görünür, tədqiqatçılar dövrün ab-havasından çəkinərək ölüm tarixini sadəcə belə yazmağı məsləhət bilmişlər. Sultan Məcid Qənizadə öz əcəli ilə vəfat etməmişdi. 1937-ci ilin repressiyaları öz qara caynaqlarını yaşının ahıl çağında Sultan Məcid Qənizadəyə də tuşladı. Ömrü boyu millətinə, xalqına, onun işıqlı gələcəyinə xidmət göstərən bir şəxsiyyəti həbs edərək "xalq düşməni" kimi güllələdilər.
Yazarın Əli İskəndər Cabbarovla birlikdə yazdığı "Kəlili ədəbiyyat"(müntəxabat), "İstilahi Azərbaycan", "Lüğəti rusi və Azərbaycan(müsəlman)" və s. əsərləri məktəblərdəki boşluğu qismən doldurmağa xidmət etmişdir. O, "Axşam səbri xeyir olar" əsəri ilə ədəbiyyat tariximizdə təbdilin əsasını qoymuşdur. Ən orijinal əsəri "Məktubati Şeyda bəy Şirvani" ümumi başlığı altında yazdığı "Müəllimlər iftixarı" hekayəsi və "Gəlinlər həmayli" romanıdır. Bu əsər ədəbiyyat tariximizdə ilk dilogiya kimi dəyərləndirilir. Yaradıcılığında 1906-cı ildə "Dəbistan" jurnalında çap edilmiş "Allah xofu" hekayəsi xüsusi yer tutur. S. M. Qənizadə tərcümə sahəsində də özünü sınamışdır. İlk tərcümə əsəri L. Tostoyun "Əvvəlinci şərabçı" əsəridir.