Arbovirus xəstəlikləri

Arbovirus xəstəlikləriinsanheyvanlarda rast gəlinən infeksion xəstəliklər qrupu; törədicisi qansoran buğumayaqlı həşəratların (gənələr,ağcaqanadlar və s.) yaydığı arboviruslardır. Arbovirus xəstəlikləri təbii ocaqlı xəstəliklərdir və onlara törədici həşəratların yayıldığı ərazilərdə təsadüf edilir. İnsanın Arbovirus xəstəlikləri (sarı qızdırma, Omsk hemorragik qızdırması, Denge qızdırması, Kareliya qızdırması, Krım hemorragik qızdırması, gənə ensefaliti, Kaliforniya ensefaliti, yapon ensefaliti və s.) hemorragik qızdırmalar və virus ensefalitlərinə aiddir. Arbovirus xəstəliklərinin çoxu insan və heyvanlar üçün ümumidir. Arbovirus xəstəliklərinin profilaktikasının əsas istiqamətləri: xəstəlik yayan həşəratlarla mübarizə, şəxsi profilaktika vasitələri (xüsusi iş paltarları, repellentlərdən istifadə və s.), təbii ocaqlarda yoluxmanın qarşısının alınması üçün immun zərdabları və qammaqlobulinlərin vurulması, vaksinlərlə immunlaşdırma. Kənd təsərrüfatı heyvanlarında Arbovirus xəstəlikləri qansoran həşəratların daha intensiv artıb-çoxaldığı və fəallaşdığı mövsümi dövrlərə təsadüf edir. Profilaktikası: həmin dövrlər başlamazdan qabaq xəstəliyə həssas heyvanların vaksinasiyası.[1]

İstinad[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 598. ISBN 978-9952-441-02-4.