Arif İsmayılzadə

İsmayılzadə Arif Cəfər oğlu (14 avqust 1937, Bakı10 aprel 2020, Bakı) — Geologiya-mineralogiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2001), AMEA-nın həqiqi üzvü (2007)

Arif İsmayılzadə
azərb. İsmayılzadə Arif Cəfər oğlu
Doğum tarixi 14 avqust 1937(1937-08-14)
Doğum yeri
Vəfat tarixi 10 aprel 2020(2020-04-10) (82 yaşında)
Vəfat yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Elmi adı professor
Alma-mater Azərbaycan Sənaye İnstitutu
Təhsili ADNA
Üzvlüyü
Mükafatları "Şöhrət" ordeni

Arif İsmayılzadə 1937-ci il avqustun 14-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1959-cu ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) geoloji-kəşfiyyat fakültəsini bitirdikdən sonra bütün əmək və elmi fəaliyyəti həmişəlik AMEA Geologiya İnstitutu ilə bağlı olmuşdur. Onun tədqiqatlarının əsas istiqamətləri geoloji proseslərdə filiz-maqmatik sistemlərin formalaşmasını və onların metallogenik ixtisaslaşmasını şərtləndirən petrologiya və metallogeniyanın başlıca problemlərinin hərtərəfli öyrənilməsidir. O, 1996-cı ildən "Petrologiya və metallogeniya" seksiyasının rəhbəri, Azərbaycan Geoloqlarının Milli Komitəsinin icraçı-katibi olmuşdur. O, 2007–2013-cü illər ərzində AMEA Rəyasət Heyətinin üzvü və "Yer Elmləri" bölməsinin akademik-katibi olmuşdur. O, elmi kadrların hazırlanmasında böyük fəaliyyət göstərir, uzun illər Bakı Dövlət Universitetində seçmə fənləri tədris edir.

Arif İsmayılzadə 9 aprel 2020-ci ildə vəfat edib.[1]

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Onun yaradıcılığının başlanğıc mərhələsi Dağlıq Talışın tədqiqatlarına həsr edilmiş və onun tərəfindən burada ilk dəfə olaraq, qələvi-bazaltoid komplekslərinin inkişaf qanunauyğunluqları müəyyən edilmişdir. Geodinamik rekonstruksiyalar əsasında struktur-formasion analiz metodu ilə onların riftogen dartılmaların qövs arxası komplekslərinə uyğunluğu təyin edilmişdir. Bu tədqiqatlar alimin 1968-ci ildə müdafiə etdiyi namizədlik dissertasiyasının əsasını təşkil etmişdir. A. C. İsmayılzadə həmkarları ilə birlikdə bu işin nəticələrinə əsasən, texnoloji proseslər üçün absorbentlər qismində Palikeş rayonunun yüksək silisiumlu mordenit tufları, Hamarat qrupu subqələvi ultraəsası intruzivlərdə dəmir qrupu – titan, vanadium, nikel və həmçinin platin elementləri kompleksinə proqnoz tövsiyələri təklif etmişlər ki, hal-hazırda onlar dəqiqliklə tədqiq olunurlar. 

Müxtəlif struktur zonalar çərçivəsində maqmatik komplekslərin petrokimyəvi korrelyasiyasının elmi-metodik əsasları onun 1990-cı ildə müdafiə etdiyi "Kiçik Qafqazın kaynozoy bazit maqmatizminin təkamülü" mövzusundakı doktorluq dissertasiyasında öz əksini tapmışdır.

A. C. İsmayılzadə tərəfindən çöl müşahidələri və laboratoriya tədqiqatları nəticəsində, həmçinin "litosfer plitləri" tektonikası nəzəriyyəsi əsasında məlum məlumatların yenidən interpretasiyasına görə, Daşkəsən çökəkliyində yerləşən müxtəlif genetik tiplərə aid üç dəmir filiz yataqlarının, unikal fasial xüsusiyyətlərə malik lava və piroklastların – maqnetit axınları (lavaları) Daşkəsən vulkanogen maqnetit yataqlarında, maqnetit tufogen qum daşlarının əvəzinə maqnetit lapilli-tuffitlərin yayılması və Alabaşlar hematit tuflarının təzahür etməsi ilə vahid vulkanogen-çökmə tipinə uyğunluğu təyin edilmişdir. Dəmirin mənbəyi qismində mezozoy və alpaqədərki komplekslər arasında gömülmüş alloxton erkən paleozoy lövhəsi ehtimal olunur. 

A. C. İsmayılzadə tərəfindən həmkarları ilə birlikdə, geoloji yönümlü xəritələr seriyası — "Azərbaycanın geoloji xəritəsi" (1:200000), "Geodinamik əsasda Azərbaycanın geoloji xəritəsi" (1:500000), "Azərbaycanın tektonik xəritəsi" (1:1000000) tərtib olunmuşdur.

177 elmi əsərin və 5 monoqrafiyanın müəllifi və həmmeəllifidir.

  • Azərbaycan Respublikasının əməkdar geoloqu — 1991[2]
  • "Şöhrət" ordeni — 2005[2]
  • Azərbaycan Respublikasının əməkdar elm xadimi — 2008[2]
  • "Azərbaycan elm və mədəniyyət xadimləri" // Bakı, "Elm". 2014. 160 s.
  1. "Arxivlənmiş surət". 2020-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-11.
  2. 1 2 3 "İsmayılzadə Arif Cəfər oğlu" (az.). science.gov.az. 2013. İstifadə tarixi: 2014-09-24.[ölü keçid]