Arvad daşıma yarışı və ya fin dilindəki adı ilə eukonkanto – kişilərin qadın partnyorlarını daşıyaraq yarışdıqları idman növü. Bu idman növündə kişi qadını daşıyaraq ən qısa müddətdə finiş xəttinə çatmalıdır. İdman növü FinlandiyanınSonkayarvi şəhərində yaranmışdır.
Bu idman növündə bir çox arvad daşıma stili mövcuddur: klassik stil, yanğınsöndürən stili (çiyinlərdə), eston stili (qadın başı aşağı vəziyyətdə daşınır) və s.
Arvad daşıma yarışı FinlandiyanınSonkayarvi şəhərində ixtira edilib və mənşəyi XIX əsrdə yaşamış Herkko Rosvo-Ronkainen adlı quldurla bağlıdır.[1] Rəvayətlərə görə Rosvo-Ronkainenin dəstəsi ilə kəndlərə basqın edərkən evli qadınları qaçırır və onları bellərində aparırdılar. Digər versiyaya görə Rosvo-Ronkainen adamlarını daha güclü və cəld etmək üçün onlara ağır kisələr daşıtdırırdı və nəticə bu idman növü yaranmışdır. İdman növü zarafat məqsədi daşısa da, iştirakçılar ciddi şəkildə yarışırlar.[2]
Əvvəllər yarış yolu qayalı olsa da, hal-hazırda su hovuzları və qum sahəsindən ibarətdir. Beynəlxalq Arvad Daşıma Yarışı Qaydaları Komitəsi idman növü üçün aşağıdakı qaydaları müəyyən edib:
Yarış yolunun uzunluğu 253,5 metrdir.
Yarış yolunda 2 quru əngəl və bir metr dərinliyində olan su əngəli var.
Arvad sənin və ya qonşunun ola bilər, hətta başqa yerdən də ola bilər. Qadın ən az 17 yaşında olmalıdır.
Qadının minimum çəkisi 49 kiloqram olmalıdır, lakin 49 kiloqramdan azdırsa, qadına əlavə yük bağlanır ki, 49 kiloqrama çatsın.
Bütün iştirakçılar əylənməlidirlər.
Qadın dəbilqə, kişi isə kəmər taxa bilər, əlavə təchizata isə icazə yoxdur.
İştirakçılar təhlükəsizliklərindən özləri cavabdehdirlər.
Yolu ən tez vaxtda başa çatdıran cütlük qalibdir.
Ən əyləncəli cütlük, ən yaxşı kostyum və ən güclü daşıyıcı üçün xüsusi mükafatlar verilir.
Bu qaydalar ümumi qaydalardır, hər yarış üçün fərqli qaydalar tətbiq oluna bilər.