Arxantroplar

Arxaik Homo sapiens, anatomik cəhətdən müasir bir görünüşə sahib olan insandan (Homo sapiens sapiens) fərqli olaraq 500.000 il əvvəl yaşamış Homo cinsinin bəzi növlərini əhatə edən geniş bir termindir. Termin Homo heidelbergensis, Homo rhodesiensis, Homo neanderthalensis və bəzən Homo antisessor növlərini əhatə edir. Neandertallar kimi böyük olan digər ibtidai insanlar, neandertallara məxsus olan, xüsusilə üz cizgilərindəki struktur xüsusiyyətlərini daşımırlar.

Arxantroplar
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Məlumdur ki, 1862-ci ildə K. Fokt insanların insanabənzər meymunlardan yaranması nəzəriyyəsini irəli sürmüşdür (simial nəzəriyyə). İnsanlarla meymunlar arasında aralıq mərhələ təşkil edən canlı varlıqların nə vaxtsa mövcud olduğunu əsas götürən Ernest Hekkel 1866-cı ildə onları meymun insan yaxud pitekantrop adlandırmışdı.

Pitekantropların ilkin qalıqları 1891–1893-cü illərdə İndoneziyanın Yava adasında Solo çayı sahilində Trinil kəndi ərazisində Y. Dübua tərəfindən aşkar olundu. 1891-ci ildə diş qalıqları, 1892-ci ildə 3 kəllə sümüyü, diş və bud sümüyünün qalıqları aşkar olundu və 1893-cü ildə Avropaya gətirildi. Tapıntılar 1894-cü ildə ilk dəfə bioloji cəhətdən tədqiq edildi. Həmin dövrdə Yava tapıntılarının yaşı geoloji şkalaya uyğun olaraq 600 min il bundan əvvələ aid edilsə də, müasir dövrdə onların təxminən 2 milyon il bundan əvvəl mövcud olduqları müəyyənləşdirildi. Müasir dövrdə həmin tapıntılar ən qədim insanlara aid edilir və Arxantropların ilkin tapıntısı kimi qəbul olunurlar. Bud sümüyünün düzqamətli Hominidlərə aid olduğunu bildirən Dübua 1896-cı ildə bu tapıntını Pitekantropus Erektus – Düzyeriyən meymun adlandırmışdı. Digər tədqiqatçılar Vadvord və Virxov skelet qalıqlarını analiz edərək onları böyük ölçülü hibbonlara aid etmişlər. 1936-cı ildə Kenniqsvald Yava adasında qazıntıları davam etdirir və 1941-ci ilə qədər burada üç kəllə sümüyü və üç alt çənə sümüyü aşkar etdi. Tapıntılar Dübuanın Pitekantrop tapıntısı ilə oxşarlıq təşkil edir. Bu tapıntıların əksəriyyəti sonradan Veydenreyx tərəfindən Homo Erektus tipi altında sistemləşdirilmişdi. Tədqiqatçılar pitekantropların tapıntılarının əsasında onların morfologiyasını müəyyən etmişlər. Müəyyən olunub ki, onlar müasir insandan kəskin fərqlənsə də, skelet sümüklərinin quruluşuna və möhkəmliyinə görə meymunlarla bağlılıqları olmamışdır. Pitekantropların skeletində birinci insani üçlük (triada) əlamətləri tam formalaşmışdı. Bipedalizm onlarda müasir insanlardan demək olar ki, fərqlənirdi. Ayaqlarında əyridabanlılıq formalaşmışdı. Əllərin uzunluğu ayaqların uzunluğundan qısa idi, baş barmaq digər barmaqlarla müqayisədə həm yerləşməsində, həm də mütəhərrikliyində insandan fərqlənmirdi. Onların beyin tutumu 900–950 sm3 arasında olmuşdu. Eyni zamanda pitekantropların morfologiyasında arxaik əlamətlər mövcud olmuşdu:

1. Qaşaltı çıxıntının böyüklüyü;

2. Kəllə skeletində üz nahiyəsinin böyüklüyü;

3. Alınlarının kifayət qədər maililiyi;

4. Alt çənə çıxıntısının tam inkişaf etməməsi;

5. Kəllə sümüyünün topoqrafik analizi nəticəsində müasir insanlara məxsus olan cəhətlərin olmaması

Arxantropların digər bir qrupu Sinantroplar (Pekinin Çin adamı) hesab olunur. 1918-ci ildə İsveç tədqiqatçısı Anderson tərəfindən Pekin yaxınlığında Homo Erektuslara aid qalıqlar aşkar olunub. 1927-ci ildə Çjoukoudyan mağarasından çinli antropoloq Pey Ven Çjoun tərəfindən Sinantropların qalıqları aşkar olunub. 1929–1933-cü illərdə buradan üç kəllə sümüyü aşkar olunub. 1936-cı ilə qədər 40 fərdə aid 200-dən artıq sümük qalıqları aşkar olunub. Tapıntıların yaşı 770 min ildən 300 min il bundan əvvəlki dövrə qədər mərhələni əhatə edir. Tapıntıları antropoloji cəhətdən Veydenreyx və T. Şadden tədqiq etmişdir. Sinantropların əsas morfoloji xüsusiyyətləri aşağıdakılardı:

1. Beyin tutumları 950 sm3 – 1150 sm³ arasında olmuşdur;

2. Əsas fərqləndirici cəhətləri bədənin sağ tərəfinin hərəkət mərkəzlərinin sol tərəf hərəkət mərkəzlərinə nisbətən zəif inkişaf etməsi;

3. Boyları təqribən 160 sm, çəkiləri isə 60–80 kq olmuşdur.

Sinantropların əsas arxaik əlamətləri alınlarının nisbətən maili olması, qaşaltı sümük çıxıntısının böyük olması, alt çənə sümüyünün nisbətən zəif inkişafıdır. Son dövrlərdə rus tədqiqatçısı Koteç Kovanın Sinantropların kəllə sümüyünün daxili topoqrafiyasını öyrənmiş, gicgah və ənsə nahiyələrinə görə beynin inkişafının zəif olduğunu bildirmişdi. 1963-cü ildə antropoloq Vu tərəfindən Lantian ərazisindən alt çənə sümüyü və kəllə qapağı aşkar edilmişdi. Sonrakı dövrdə üç fərdə məxsus diş və digər sümüklər aşkar olunmuşdu. Bunların beyin tutumu 800 sm3 olmuşdur. Tədqiqatçılar hesab edirlər ki, bu tapıntılar Asiyada Sinantroplardan əvvəl yaşamış ən qədim ikiayaqlı varlığa məxsusdur. Onların yaşı 1.5 milyon il bundan əvvələ aid olunur.

1960-cı ildə Əlcəzairdə Aranbur və Xofştetter Arxantropun qalıqları aşkar olundu. Tapıntılar 1950-ci ildə aşkar olunmuş Telantroplarla müqayisə olunmuş və Heydelberq adamına bənzədilmişdir. Xronoloji cəhətdən Arxantropların digər bir növü 1907-ci ildə Mauer kəndində Qrafenreyin karxanasında aşkar olunmuşdu. Tədqiqatçı Şetenzak bu tapıntını Heydelberq adamı adlandırmışdı. İlk tapıntı alt çənə sümüyü və dişlərdən ibarət olmuşdu. Onun yaşı 500–700 min il bundan əvvəl müəyyənləşdirilmişdir. Diş sistemindəki bəzi xüsusiyyətləri hətta Pitekantroplardan da arxaik hesab olunurlar. Oxşar skeletlər Fransada Araqo yaxınlığında Ştaynxaynda, Yunanıstanda Petraloneddə, İtaliyada Çampate düşərgəsində aşkar olunmuşdu. Bu tapıntılar bədən quruluşuna və kəllə skeletinə görə Sinantroplarla bənzər hesab edilirlər. Bəzi tədqiqatçılar Heydelberq adamını Antisessor və Rodeziya adamı olmaqla iki qrupa bölürlər. Ehtimal olunur ki, Heydelberq adamı dəfn ayinlərinin əsasını qoymuşdur. İspaniyada bu tipli insan qalıqları ilə yanaşı qırmızı kvarsitdən hazırlanmış ayin məqsədli artefakt tapılmışdı. Bu artefakt eskalibik adlandırılmışdı.