Asif Adil oğlu Usubəliyev (1978, Çimkənd) — siyasi elmlər üzrə fəlsəfə doktoru, Siyasi Elmlər üzrə Müdafiə Şurasının üzvü, Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzlərin Rəhbərləri Beynəlxalq Şurasının sədri, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru[1].
Asif Usubəliyev | |
---|---|
Asif Adil oğlu Usubəliyev | |
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru | |
2019 – indiyə kimi | |
Əvvəlki | vəzifə təsis edilib |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qazaxıstan Respublikası, Çimkənd şəhəri |
Atası | Adil Usubəliyev |
Asif Usubəliyev 1978-ci ildə Qazaxıstan Respublikasının Çimkənd şəhərində anadan olmuşdur. 2000-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun Politologiya ixtisası üzrə məzunu olmuşdur. 2000-2002-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsinin Milli təhlükəsizlik və siyasi strategiya ixtisası üzrə magistr təhsili almışdır. O, 2002-ci ildə AMEA-nın Fəlsəfə və Siyasi Hüquqi Tədqiqatlar İnstitutunun doktorantı olmuş və 2005-ci ildə müdafiə edərək Siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsini qazanmışdır.
Əmək fəaliyyətinə 2005-ci ildə Fəlsəfə və Siyasi Hüquqi Tədqiqatlar İnstitutunun Aksiologiya şöbəsində başlamış, daha sonra 2006-ci ildən 2015-ci ilədək Mədəniyyət Nazirliyində məsləhətçi, aparıcı məsləhətçi vəzifələrində çalışmış və Elm sektorunun müdiri vəzifəsinə qədər yüksəlmişdir. Nazirliyin müvafiq əmri ilə 2015-ci ildə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzə direktor təyin olunmuş və 2018-ci ilin sonunadək bu vəzifəni icra etmişdir. Mərkəzə 3 il ərzində rəhbərlik etdiyi müddətdə 64 regionun 56-da 700-dək yerli və beynəlxalq, o cümlədən təlim, seminar, festival, müsabiqə, debat, ustad dərsi, konfrans, forum və digər tədbirlər həyata keçirilmişdir. Bu dövrdə 11-i yerli, 8-i beynəlxalq olmaqla ümumilikdə 19 mədəniyyət, elm və təhsil müəssisəsi ilə əməkdaşlıq memorandumu imzalanmış, birgə müxtəlif səpkili fəaliyyət istiqaməti müəyyən edilərək icra olunmuşdur. Son 3 ildə Mərkəzdə mədəniyyət sahəsinin bütün istiqamətləri üzrə 78 metodiki vəsait hazırlanaraq mədəniyyət müəssisələrinə təqdim edilmişdir. Bununla yanaşı, o, müxtəlif vaxtlarda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dillər Universiteti və Qərb Universitetində baş müəllim vəzifəsində çalışmışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.11.2018-ci il tarixli, 487 nömrəli qərarı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz və Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi ləğv edilərək, onların əsasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi yaradılmışdır[2]. Yeni yaradılan Mərkəzə Asif Usubəliyev direktor təyin edilmişdir[3].
Azərbaycan Respublikası Milli Ordusunun ehtiyatda olan Leytenant rütbəli zabitidir.
Asif Usubəliyev bu günədək 500-dən çox elmi-analitik və publisistik məqalənin müəllifi olmuşdur. Bir çox yerli və beynəlxalq tədbirlərdə məruzəçi, təşkilat komitəsi və moderator kimi iştirak etmişdir.
AMEA-nın Fəlsəfə İnstitutunun nəzdində fəaliyyət göstərən Siyasi Elmlər üzrə Müdafiə Şurasının üzvüdür. Eyni zamanda, Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzlərin Rəhbərləri Beynəlxalq Şurasının sədri, habelə bir çox elmi tədqiqat xarakterli yerli və beynəlxalq işçi qruplarının rəhbəri və üzvüdür.