Asnı piri — Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Qarabağlar kəndindən şimalda yerləşən ziyarətgah.
Asnı piri | |
---|---|
38°56′ şm. e. 45°50′ ş. u. | |
Ölkə | Azərbaycan |
Şəhər | Naxçıvan |
Yerləşir | Kəngərli rayonunun Qarabağlar kəndi |
Üslubu | Naxçıvan memarlıq məktəbi |
Vəziyyəti | fəaliyyət göstərir |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
Pir Asnı çayının qaynağında yerləşir. Belə ki, Asnı çayının qaynağı xalq arasında müqəddəs pir kimi ziyarət olunur. Asnı çayı ilə bağlı bir-birindən fərqli üç əfsanə qeydə alınmışdır.
Əfsanələrin birində deyilir ki, Güney Azərbaycanda bir oğlan varlı bir adamın qızını istəyirmiş. Qızın adı Asnı imiş. Qızın da oğlana meyli varmış. Atası qızı başqasına vermək istəyəndə oğlanla qız qaçaraq Qarabağlar kəndi yaxınlığındakı Qalacıq adlı yerə gəlirlər. Hər tərəf meşə imiş. Onların yeməyi, suyu qurtardığından oğlan su axtarmağa gedir və meşədə azır. Qız sevgilisinin gəlmədiyini görəndə yanıqlı-yanıqlı ağlayır. Qızın göz yaşlarının töküldüyü yerdən su çıxır. Qız bir çobana rast gəlir. Çoban sevgilisini tapmaqda qıza kömək edir. Suyun çıxdığı yerin adı da Asnı qalır.[1]
İkinci əfsanə variantı Asnı çayının adı ilə bağlıdı. Əfsanəyə görə, zalım bir hökmdar olur. Ona itaət etməyən insanlara hökmdarın bərk acığı tutur. Qalacıqdan axan çay boyunca dar ağacı qurdurur. Şah acığı tutduğu adamları bu dar ağacından asdırır. Elə o vaxtdan da çayın adına Asnı deyirlər.
Üçüncü əfsanə variantına görə, bir kişi olan-qalan varını qızıla çevirib əsanın içinə doldurur. Dərələyəzdən olan bu kişi su içəndə əsası bulağa düşür və axıb gedir. Həmin su əsanı gətirib Qarabağlara çıxardır. Bu əsanı bir çoban tapır. Çomağın sahibi axtara-axtara gəlib bu kəndə çıxır. Kişi baxır ki, əsası çobandadır. Əsanın sirrini deyib onu çobandan alır. Qayaların arasından çıxan gur bulaq xalq tərəfindən müqəddəsləşdirilmiş və ziyarətgaha çevrilmişdir. Bulağın ətrafındakı ağaclar da xalq tərəfindən müqəddəs hesab edilir və insanlar niyyət edib ora parça bağlayırlar. Əvvəlcə pirin yaxınlığında möhrədən tikilmiş dörd künc formalı bina olmuşdur. Hazırda həmin binanın yerində monumental bir memarlıq abidəsi ucaldılmış dır. Pirin içərisində orta əsrlərə aid iki qəbir vardır. Qəbirlərdəki sinə daşlarının üzərində ərəb əlifbası ilə kitabələr vardır. Kitabələrin oxunmasına əsasən qəbir abidələrini XIV əsrə aid etmək olar. Lakin pirin tarixi Azərbaycan türklərinin dağ, su və ağac inancı ilə bağlı olub daha qədim dövrə aiddir. Piri e.ə. I minilliyə aid etmək olar.[2]